image-qanunla-reklam
image-konstit5

Konstitusiya Məhkəməsində Zəfər Günü qeyd edilib

image-lady-day-az

Konstitusiya Məhkəməsində Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Qanunla.az xəbər verir ki, tədbirdən öncə kollektiv İkinci Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Daha sonra Konstitusiya Məhkəməsinin sədrFərhad Abdullayev Zəfər günü münasibətilə məhkəmənin kollektivini təbrik edərək qeyd edib ki, 8 noyabr – Zəfər Günü xalqımızın milli qürur günü, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası günü kimi zəngin tariximizin şanlı səhifəsidir.

Fərhad Abdullayev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbə ilə bu il anadan olmasının 100 illiyi qeyd edilən Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirildiyini və hər bir azərbaycanlının arzusunun reallığa çevrilərək torpaqlarımızın işğaldan azad olunmasını, ərazi bütövlüyümüzün təmin edilməsini, bu möhtəşəm tarixi zəfərin əhəmiyyətini vurğulayıb.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən ideyaları, Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji düşüncəsi və sərkərdə qətiyyəti, xalqımızın əzmi və iradəsi, dövlətin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər idi.

Dövlət başçısı həm siyasi arenada, həm də döyüş meydanında misilsiz uğura imza ataraq tarixi ədaləti və beynəlxalq hüquq normalarının prinsiplərini bərpa etdi.

Qeyd olundu ki, işğal dövrü ərzində hərbi quruculuq siyasəti və müdafiə məsələləri ilə bağlı mühüm addımlar atılmış, bu proses dövlətin prioritet məsələsinə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin müdrik diplomatik addımları sayəsində əldə edilmiş müvəqqəti atəşkəs iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı, o cümlədən ordu quruculuğu siyasətini uğurla davam etdirmək üçün zəruri şərait yaratdı.

8 Noyabr zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Rəşadətli Azərbaycan Ordusunun yüksək döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının nümunəsidir. Azərbaycanın əzəli torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Qüdrətli Azərbaycan haqq səsini dünya ictimaiyyətinə çatdıraraq, yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, ədalətin və beynəlxalq hüququn bərpasını qətiyyətlə dünyaya nümayiş etdirdi.

Vurğulandı ki, bu ilin sentyabr ayında Ali Baş Komandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində qəhrəman və fədakar Azərbaycan Ordusu dövlətimizin suverenliyini onun bütün ərazisində tam təmin etdi və xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Qarabağda antiterror əməliyyatının cəmi bir gün ərzində bütün hədəflər üzrə reallaşdırılması və uğurla başa çatdırılması Azərbaycan Prezidenti İlham Əliyevin qəti qələbəsi və dünya hərb tarixinin nadir hadisəsidir.

Bu gün Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda tam bərpa edilib və işğal altındakı torpaqlarımızın azad olunması həm də vətəndaşların konstitusiya hüquqlarının bərpasının təminatıdır.

Sədr xüsusi vurğuladı ki, Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən daim xüsusi diqqət və həssaslıqla bir sıra layihələr icra olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə şəhid ailələri və müharibə iştirakçıları genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunur, qazilərin sağlamlığının bərpasına xüsusi diqqət yetirilir.

Daha sonra Sədr diqqətə çatdırıb ki, bu gün işğaldan azad olunan torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji xəritəyə əsasən genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, mühüm layihələr reallaşdırılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarına qaytarılır. Dövlət başçısı bu ərazilərdə strateji obyektlərin, müəssisələrin təməlini qoyur, tikinti işlərinin gedişini, yüksək texnologiyaların tətbiqini diqqət mərkəzində saxlayır. Bu bərpa-quruculuq işləri bütün dünyaya Azərbaycanın gücünü, Prezidentimizin möhkəm iradəsini, yüksək idarəçilik məharətini, qurub-yaratmaq əzmini nümayiş etdirir.

Tədbirin sonunda Fərhad Abdullayev bildirib ki, ölkəmiz tarixinin heç bir mərhələsində görülməyən uğura imza ataraq, bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri xalq-prezident birliyi oldu. Xalqımız ölkə rəhbərinin ətrafında bir yumruq kimi birləşərək, ona və ordumuza böyük dəstək nümayiş etdirdi.

Sədr bir daha Zəfər Günü, həmçinin qarşıdan gələn Dövlət Bayrağı Günü, eləcə də Azərbaycan Konstitusiya Günü münasibətilə Konstitusiya Məhkəməsinin kollektivini təbrik edərək qeyd edib ki, böyük siyasi iradənin, milli birliyin, güclü ordunun uğurları nəticəsində Azərbaycan bayrağı bu gün qürurla bütün işğaldan azad edilmiş torpaqlarımızda, həmçinin Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldılıb və daim həmin ərazilərdə dalğalanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki