image-qanunla-reklam
image-255185530_1027139784793767_3690707210865884203_n

Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı

image-lady-day-az
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqil, azad, demokratik dövlət qurmaq və dünya birliyində layiqli yer tutmaq istəyini, sülhə, tərəqqiyə, bəşəriyyətin sivil inkişafına öz töhfəsini vermək əzmini və iradəsini nümayiş etdirir. Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir.
Ölkədə demokratik quruluşun və hüquqi dövlətin sarsılmaz təməlini qoyan, hüquqi islahatların aparılmasına zəmin yaradan Azərbaycanın yeni Əsas Qanunu humanizm və demokratiya prinsiplərini özündə ehtiva edərək dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli özül yaratdı. Bu ali hüquqi sənəd dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edərək hüquqi dövlət ideyalarının inkişaf istiqamətlərini milli dəyərlərlə və müasir yanaşmalarla zəngin hala gətirmişdir. Burada hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi bəyan edilmişdir.
Konstitusiya dövlətin əsas vəzifələrini, Azərbaycan dövlətinin başqa dövlətlərlə münasibətini tənzimləyən prinsipləri özündə əks etdirməklə yanaşı, ali hakimiyyətin xalqa məxsus olduğunu göstərir, bu isə, öz növbəsində, Azərbaycanın məhz demokratik yolla inkişafını nəzərdə tutur. Əsas Qanunda öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyənləşdirmək xalqımızın suveren hüququ kimi təsbit olunur.
Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsli bütünlüklə əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilmiş, həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq və azadlıqlar, onların reallaşdırılması mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulmuşdur. Belə ki, Konstitusiyanın özündə nəzərdə tutulmuşdur ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir, digər tərəfdən hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Şübhəsiz ki, demokratik cəmiyyətdə zəruri, qanunla müəyyən edilmiş və dövlətin beynəlxalq öhdəliklərinə uyğun tətbiq edilən məhdudiyyətlər insan hüquqlarının daha səmərəli təmin olunmasına, cəmiyyətin və millətin təhlükəsizliyinin qorunmasına xidmət edir.
Bununla yanaşı, Konstitusiyada təsbit olunmuş hüquqların real həyata keçirilməsinin mühüm mexanizmlərindən biri kimi çıxış edən, eyni zamanda, ayrıca hüquq və ya təminat kimi nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı Əsas Qanunda kifayət qədər geniş mənada ifadə olunmuşdur. Bu konstitusiya təminatı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq sənədlərində əks olunan “ədalətli məhkəmə araşdırılması hüququ”nun bütün zəruri elementlərini özündə ehtiva edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Yuxarıda göstərilənlərə əsasən, əminliklə qeyd etmək olar ki, Azərbaycan Respublikası Konstitusiyasının, onun bütün normalarının və müddəalarının özəyini məhz demokratik dəyərlərə əsaslanan hüquqi, sosial dövlət konsepsiyası, insan şəxsiyyətinə hörmət amili təşkil edir. Bu mənada, ölkə Konstitusiyası müstəqil dövlətimizin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən hüquqi prinsipləri özündə ehtiva edən tarixi sənəd olaraq, Azərbaycan xalqının rifahına xidmət göstərən dövlət idarəetmə mexanizminin təməlinə çevrilmişdir.
Cavid Ağayev,
Salyan rayon Peyk kənd tam orta məktəbin müəllimi
Səmil Şahlaroğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki