image-qanunla-reklam
image-media-03-2-wqphoy3x2fb7gak4jmvl-620x450

Konstitusiya və milli ideologiyanın vəhdəti

image-lady-day-az

Konstitusiya və milli ideologiyanın vəhdəti

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının – azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk konstitusiyanın da banisi hesab olunur. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən Ümummilli Lider öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə, dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Görünür, elə bu yanaşmanın nəticəsidir ki, Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsi və onun məzmununu təşkil edən əsas prinsiplər ölkə konstitusiyasında konkret formada öz əksini tapmışdır. Ümummilli Lider dövlətçilik maraqlarının qorunmasından danışanda, ilk növbədə, ölkənin ali qanununun müddəalarına dönmədən əməl edilməsini xüsusi vurğulayırdı, konstitusiya normalarının hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi olduğunu qeyd edirdi. Bu normalar, Əsas Qanunun preambula hissəsində təsbit olunub və ilk növbədə: ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, milli-mənəvi dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və digər ümumbəşəri dəyərlərə hörmət hissini ehtiva edir.
Heydər Əliyev həm Konstitusiyamızın, həm də azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi – müstəqil Azərbaycan Respublikasını qoyurdu. Ulu Öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”. Milli ideologiyadan danışarkən Heydər Əliyev qeyd edirdi ki, “biz, ilk növbədə, bütün xalqımızı, bütün soydaşlarımızı Azərbaycanın müstəqil dövlətçiliyi ətrafında birləşdirməliyik, gənclərimizi, gələcək nəsilləri dövlətçilik prinsiplərinə sadiq ruhda tərbiyə etməliyik”. Məzmunundan da göründüyü kimi, həm Əsas Qanunun, həm də azərbaycançılıq ideologiyasının mərkəzində, hər şeydən əvvəl dövlətçilik maraqları – güclü Azərbaycan dövlətinin yaradılması və bütün sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır. Bəhs olunan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu ehtiva edir. Bu dövlətin sabit və multikultural ictimai-siyasi həyatı, təkmil mərkəzi və yerli idarəetmə sistemi, işlək qanunları olmalı, hər bir vətəndaşının imkan və bacarıqları hakimiyyət tərəfindən lazımi səviyyədə dəyərləndirilməli, hər bir vətəndaş etnik-dini və sosial mənsubiyyətindən asılı olmayaraq, yalnız şəxsi qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə tam şəffaf və tolerant mühit yaradılmalıdır.

Soltanova Zahidə Cəmilağa qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki