Konstitusiyamız etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir
Konstitusiya Məhkəməsi Vətən müharibəsi zamanı ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində fəal iş apardı. Vətən müharibəsi dövründə Konstitusiya Məhkəməsinin Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransına, Avropa Konstitusiya Məhkəmələrinin Konfransına, habelə Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində dünyanın bütün Konstitusiya məhkəmələrinə ünvanladığı bəyanatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb. Bu təxribatlar nəticəsində Azərbaycanın Qarabağdan uzaqdakı şəhərlərinin ağır artilleriya atəşinə məruz qalması həm hərbi, həm də mülki əhali arasında itkilərə səbəb olduğu qeyd edilib. Bəyanatda, həmçinin diqqətə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu açıq şəkildə təsdiq edilir.
Azərbaycan məhkəmə-hüquq tarixində ən mühüm hadisələrdən biri də keçən 2022-ci iinl iyulun 14-də baş verdi. Həmin gün Konstitusiya Məhkəməsinin hakimləri və məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Məhkəmənin Plenumunda baxılmış üç iş üzrə qərarları Şuşa şəhərində elan edib.
Dövlətimizin 44 günlük Vətən müharibəsində inamlı Qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfindən hərbi təxribatlar müharibədən sonrakı dövrdə də davam etdirilib. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirləri başlanılıb. 24 saatdan az bir müddətdə başa çatan və Azərbaycan Silahlı Qüvvələrinin yüksək məharət və peşəkarlıqla həyata keçirdiyi bu tədbirlər nəticəsində qarşıya qoyulan strateji hədəflərə uğurla nail olundu – düşmənin hərbi təyinatlı vasitələri zərərsizləşdirildi. Sentyabrın 19-20-də Azərbaycan dövləti daha bir möhtəşəm qələbəyə imza atdı və ölkəmizin dövlət suverenliyi tam bərpa edildi.
Ötən ilin oktyabrın 15-də dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü günündə xalqımız növbəti tarixi, sevincli və qürurverici gününü yaşadı. Prezident İlham Əliyev Sərsəng su anbarının ərazisində, Ağdərə, Xankəndi, Xocalı şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Xocavənd şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidəki çıxışında qeyd edib: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
Konstitusiyamız etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Əsas Qanunun bu müddəasını rəhbər tutmaqla, dövlətimiz ölkə ərazisində yaşayan müxtəlif etnik xalqlara münasibətdə hər zaman bərabər yanaşma tətbiq edir.
Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd sakini fəal gənc