Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük Vətən müharibəsində könüllü iştirak edənlərə “Müharibə veteranı” statusunun verilməməsi iddialarına aydınlıq gətirib.
Qanunla.Az xəbər verir ki, nazir burada hər hansı könüllü və ya qeyri-könüllü kateqoriyasının olmadığını bildirib.
Onun sözlərinə görə, “Müharibə veteranı” statusu veriləcək şəxslərin konkret kateqoriyaları var və bu, normativ hüquqi aktlarla təsbit edilib:
“Həmin şəxslərin “Müharibə veteranı” statusunu müəyyən edən xidmət keçdiyi və ya işlədiyi qurumdur. Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.
Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında könüllü iştirak etmiş bəzi şəxslər onlara “Müharibə veteranı” adının verilməyəcəyi barədə sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.