Laçın şəhərinin azad olunması Azərbaycan xalqı üçün təkcə hərbi və strateji qələbə deyil, həm də milli qürur və kimliyin bərpası deməkdir
Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusuna layiq görülüb. Bu, cənab Prezidentin apardığı uğurlu xarici siyasətin növbəti qələbəsidir ki, MDB ölkələri, xüsusən də təşkilatın qeyri-rəsmi aparıcı qüvvəsi olan Rusiya bu statusa məhz, Azərbaycanın işğaldan azad edilmiş şəhərinin seçilməsinə etiraz etməyib.
Unutmaq olmaz ki, bir neçə ay bundan öncə keçmiş Laçın Dəhlizində məhz Rusiya sülhməramlıları xidmət aparırdılar. Bu gün isə Rusiya Azərbaycan hərbiçilərinin tam nəzarəti altında olan Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı seçilməsinə səs verir. Bu qərar Laçın sakinləri və ümumilikdə Azərbaycan xalqı tərəfindən məmnunluqla qarşılanıb.
Həmin iclasda eyni zamanda qərara alınıb ki, 2025-ci ildə Azərbaycan həmçinin III MDB Oyunlarına ev sahibliyi edəcək. Gəncə şəhəri həmin dövrdə rəsmi olaraq idman paytaxtı elan ediləcək. Bu xəbərlər həqiqətən də Azərbaycanın MDB məkanındakı nüfuzunun, region ölkələri arasında qazandığı etimad və inamın göstəricisidir. Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin məhz MDB dövlətləri olduğunu nəzərə alsaq, Azərbaycanın nə qədər düzgün və məhsuldar xarici siyasət həyata keçirdiyini, bu ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyəsinin Vətən Müharibəsində maraqlarımıza cavab verdiyini görmüş oluruq.
Laçın uzun illər boyunca qədim Azərbaycan mədəniyyətinin və xalq irsinin daşıyıcısı olmuşdur. Şəhər, folklor, musiqi və sənətkarlıq ənənələri ilə tanınır. Mədəniyyət paytaxtı statusu bu irsi yenidən canlandırmaq və beynəlxalq ictimaiyyətə tanıtmaq üçün böyük imkanlar açır.
İşğal dövründə dağıdılmış abidələrin və tarixi yerlərin bərpası, şəhərin turizm potensialını artırmaqla yanaşı, Azərbaycan mədəniyyətinin dünya səviyyəsində tanıdılmasına şərait yaradacaq. MDB ölkələrindən gələn qonaqlar və turistlər Laçının mədəniyyət tədbirlərində iştirak edərək şəhərin zəngin irsini tanıyacaqlar. Bu şəhərin MDB-nin mədəniyyət paytaxtı seçilməsi, Laçının yalnız hərbi qələbə ilə deyil, eyni zamanda mədəni dirçəliş və sülhün simvolu kimi tanınmasını təmin edir. Şəhərin bərpa olunaraq keçmiş məcburi köçkünlərin qayıdışı ilə yenidən canlanması Azərbaycan xalqının öz mədəniyyətinə, torpağına bağlılığının və quruculuq əzminin təcəssümüdür.
Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi MDB ölkələri arasında mədəni və humanitar əməkdaşlığı gücləndirəcək, regional və beynəlxalq əməkdaşlığa töhfə verəcək. Burada keçiriləcək festivallar, sərgilər və tədbirlər müxtəlif xalqları bir araya gətirərək qarşılıqlı anlaşmanı və dostluq münasibətlərini dərinləşdirəcək. Bu, həmçinin, Azərbaycanın mədəni diplomatiya sahəsində güclü mövqeyini nümayiş etdirir. Bu status ölkənin mədəni irsinin daha geniş coğrafiyada tanıdılmasına, həmçinin Azərbaycanın beynəlxalq mədəni proseslərdə fəal iştirakına imkan yaradacaq. Laçında keçiriləcək tədbirlər Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin və adət-ənənələrinin MDB məkanında və ondan kənarda daha da tanınmasına şərait yaradacaq.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Dünyəvi dövlət olmaq etibarilə Azərbaycan güclü dövlətdir
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Rusiya arasında münasibətlər genişlənib. Dövlət başçılarının qarşılıqlı dövlət səfərləri də bunun təzahürüdür.
Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasında səfərdə oldu. Oktyabrın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündəki çıxışında Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcəkdə münasibətlərin ardıcıl inkişafı işinə xidmət edəcəyini, MDB Humanitar Əməkdaşlıq Şurasıının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edildiyini, MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciət qəbul etdiyini xatırladan Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Azərbaycan ümumi Qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi…”.
Dövlət başçımız çıxışında İkinci dünya müharibəsində Bakıda 41 hərbi hospital fəaliyyət göstərdiyini, 440 min yaralının müalicə olunduğunu, 416-cı Azərbaycan atıcı diviziyasının 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil olduğunu, mayın 2-də diviziyanın döyüşçülərinin polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılqlarını da xatırlatdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədə jurnalistin sanksiyalar siyasətinin prinsipcə hər hansı perspektivləri haqqında vediyi suala cavabı da güclü məntiqin, dürüst siyasi münasibətin, dünyəvi dövlətin mövqeyi kimi dinlənildi: “…Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil…”…
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Gəncənin idman, Laçının isə MDB-nin mədəniyyət mərkəzi seçilməsi güclü inam və etibarın nəticəsidir
Prezident İlham Əliyevin Rusiyaya davamlı rəsmi və işgüzar səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmin göstəricisidir. Ölkəmizin başçısı vurğulayıb ki, Vladimir Putinlə görüşdə gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha yaxşı fürsət yaranıb. Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında qəbul edilən və Prezident İlham Əliyevin iclasdakı çıxışında qeyd edilən qərar bu gün ölkəmizdə çox böyük sevinclə qaşılanıb. Ölkəmizin başçısı bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib: «MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar».
Prezident İlham Əliyev Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı ölkəmiz üçün digər önəmli hadisələrdən danışıb. Bildirib ki, növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində də keçiriləcək. Eyni zamanda, bir aydan sonra Bakının ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi etməsinin də əhəmiyyətindən danışan Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmiz 200-ə yaxın dövlətin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirir.
Xalqımız üçün sevincə səbəb olan bu xəbər öz növbəsində Ermənistanda ciddi narazılığa səbəb olub. Bir sıra erməni ekspertlər, müxalifət nümayəndələri və tanınmış ictimai-siyasi şəxslər MDB dövlət başçılarının iştirak etdiyi mötəbər qurumun belə bir qərar qəbul etməsini Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və konkret olaraq Paşinyanın məğlubiyyəti kimi qiymətləndirirlər. Təbii ki, hayların da iddia etdiyi kimi, Azərbaycan dövləti bu görüşdə də Ermənistan üzərində ciddi uğurlar qazandı.
Prezidentlərin görüşündə bir sıra məsələlərlə yanaşı, energetika sahəsində – həm neft-qaz sektorunda, həm də elektrik enerjisi isiqamətində vəziyyət, Xəzərdə ekoloji durum və digər məsələlərə nəzər salınıb. Eyni zamanda, regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Bildirib ki, xüsusilə Azərbaycan – Rusiya arasında ticari-iqtisadi, investisiya, elmi-texniki -humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında da əlaqələr genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin milli dövlət maraqlarına hörmət prinsiplərinə əsaslanır.
Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-də Rusiya Federasiyasına səfəri və oktyabrın 8 –də keçirdiyi görüşlər qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc