Laçının işğala məruz qalması böyük faciə idi, həm laçınlılar üçün, həm bütün Azərbaycan xalqı üçün
Laçın rayonu Azərbaycanın ən qədim, tarixi abidələrlə zəngin olan, təbiəti ilə insanı heyran edən bölgələrindən biridir. Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 125 kəndi var. Birinci Qarabağ savaşında düşmənin ən əsas hədəflərindən biri də Laçını qısa zamanda işğal etmək istəyi idi.
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal etdi. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil oldu.
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal edildi. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmışdır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirildi. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edildi.
Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatdı. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı. Noyabrın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalandı. Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarıldı.
Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyuldu. Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail oldu. Lakin bəyanatın imzalandığı 10 noyabr 2020-ci ildən 1 dekabr 2020-ci ilə qədər – 20 gün müddətində ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törətmiş, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan etmiş, yandırmış, ağacları qırmış, ekoloji terrora əl atmışdır.
Hazırda Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək
Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi
Genişmiqyaslı quruculuq işləri
Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.
Cənab Prezident İlham Əliyev demişdir: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 75,8 kilometrdir və mövcud yoldan 32 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlıdır. Yeni yolun üzərində cəmi 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. Laçında 700-dən artıq bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Laçın rayon 2 nömrəli tam orta məktəbinin 510 şagird yeri var, məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. Həmçinin, Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası da aparılır.
Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Mehmanxana kompleksi 100 otaqlı hotel binasından və 10 kottecdən, eləcə də kafe və restoranlardan, əyləncə və istirahət mərkəzlərindən ibarət olacaq. Hotel binasında 500 yerlik çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək.
Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və bura gələn qonaqların sevimli istirahət məkanlarından olacaq. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Burada çimərlik də fəaliyyət göstərəcək. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.
İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Düşmənlərimiz əsrlər boyu bizə, torpaqlarımıza, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı vandallıqlar törətmişlər. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
2020-ci ildə Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Halbuki bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğalı dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunub.
Cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, “Laçın rayonu işğal altında olduğu 28 il ərzində rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur.”
Şükürlər olsun ki, bugün Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. İnsanların rahat yaşamaları üçün gözəl binalar, evlər çox böyük zövqlə yaradılır.
Rəşad İsmayılov – Zərdab rayonu Salahlı kənd ümumi orta məktəbinin direktoru.