Lerik rayonu, Soru kəndi yaxınlığındakı dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.
FHN-in mətbuat xidmətindən Qanunla.Az–a verilən məlumata görə, ilkin hesablamaya əsasən, ümumilikdə təqribən, 15 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Relyefin mürəkkəbliyinə və mütəmadi güclənən küləyin əsməsinə baxmayaraq, yanğından meşə zolağı mühafizə olunub.
Qeyd edək ki, yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilib.