Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibə Azərbaycanın qəti və dəqiq mövqeyinin əks olunduğu böyük bir yol xəritəsidir. Bu xəritədə zaman, tarix, həqiqətlər, uğurlar gözləntilər, hədəflər, perspektivlər cənab Prezident İlham Əliyev tərəfindən böyük bir sərrastlıqla, tək-tək gözlər önünə sərildi. Cənab Prezident Azərbaycana əzələ nümayiş etdirməyə cəhd göstərən qruplaşmalara və qüvvələrə bir daha xəbərdarlığını etdi. Kifayət qədər sərt, açıq bir şəkildə növbəti dəfə mesajlarını çatdırdı. Kanala müsahibəsində Azərbaycanla onun yaxın qonşusu və strateji tərəfdaşı olan Rusiya Federasiyası ilə əlaqələrə toxunan ölkə başçısı qeyd edib ki, “Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna Azərbaycan və Rusiyada heç bir şübhə yoxdur”. “Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq”, – deyən dövlət başçısı bundan sonra da belə olacağına əminliyini ifadə edib. Deyib ki, əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik. Ölkəmizin xarici siyasətinə toxunan cənab Prezident, həmçinin bildirib ki, xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktyor kimi qəbul edilir: “Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur”. Vurğulanıb ki, Azərbaycan Türkiyə ilə hər il 10-dan çox birgə təlim keçirir. Bu təlimlərin yarısı Azərbaycanda, yarısı isə Türkiyədə keçirilir. Artıq mahiyyət etibarı ilə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olunub. Təbii ki, bu da öz növbəsində Qafqazda sabitliyin mühüm amilidir.
Hazırda dünya və baş verən hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir. Bu faktı isə hətta qlobal aktyorlar da gizlətmirlər. Əksər müsahibələrində və çıxışlarında olduğu kimi dövlət başçısı bu müsahibəsində də Ermənistanla olan münasibətlərə toxundu və Ermənistanın havadarları, xüsusilə də Fransanın regionumuz üçün təhlükə yaradan siyasətindən danışdı. Bildirildi ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Vurğulanıb ki, Fransa Avropanın mərkəzində – Korsikada Korsika dilini qadağan edirsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır? Dövlətimizin başçısı vurğulayıb: “Yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”. Dövlət başçısı deyib ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlərin qayıtdıqlarını nəzərə aldıqda, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. “Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”, – deyə Prezident əlavə edib.
Dövlətimizin başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib. Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Cənab Prezident İlham Əliyevin, təqribən saat yarımlıq müsahibəsində toxunduğu bu və digər məsələlər, açıqladığı fikirlər və bu fikirlərdən doğan mövqe bir daha dünyaya Azərbaycanın doğru yolda olduğunu nümayiş etdirməklə bərabər, heç bir qüvvənin, heç bir qərəzin, heç bir düşünülmüş planın Azərbaycanı və bu ölkənin lideri olan, xalqının Xilaskar Prezidenti, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi öz həqiqət yolundan geri çevirə bilməyəcəyinin, Azərbaycanın daxili işlərinə hər cür müdaxilələrin fiaskoya uğrayacağını yüksək kürsüdən bəyanına çevrildi.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova