Futbol üzrə İngiltərə Premyer Liqasında XXV tura start verilib.
Qanunla.Az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib.
Çempionluğa iddialı “Liverpul” və “Arsenal” səfərdə inamlı qələbə qazanıblar. Mersisayd təmsilçisi “Brendford”a 4:1, London klubu “Börnli”yə 5:0 hesabı ilə qalib gəlib.
Turun mərkəzi görüşündə “Mançester Siti” doğma meydanda “Çelsi”ni qəbul edib. Oyunda qalib müəyyənləşməyib – 1:1. Hesabı 42-ci dəqiqədə Rahim Sterlinqin qolu ilə qonaqlar açıblar. “Şəhərlilər” matçın sonlarına yaxın məğlubiyyətdən qaça biliblər. Rodri 83-cü dəqiqədə fərqlənərək komandasını xilas edib.
Hazırda turnir cədvəlinə 57 xalla “Liverpul” başçılıq edir. Liderdən 2 xal geri qalan “Arsenal” ikinci, 53 xalı olan “Mançester Siti” üçüncüdür. “Çelsi” isə 35 xalla 10-cu pillədə qərarlaşıb.