Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan “Qanunla.az”a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bülbül pr., ev 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Zeynəb Həsənağa qızına məxsus “Sahil” marketdə plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı obyektdə aşkar saxtalaşdırılma əlamətləri olan ümumilikdə 33 ədəd “Absolute Vodka”, “Fortuna Organic”, “Fortuna Premium”, “Nemiroff” əmtəə nişanlı araq, “Olmeca Tequila”, “Sierra” əmtəə nişanlı tekila, “Ballantines”, “Black Label” əmtəə nişanlı viski məhsulları aşkar edilib. Məhsulların qablaşdırılmasında və aksiz markasında uyğunsuzluqlar müəyyən edilib, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim edilməyib. Aşkar olunmuş faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.