Oyunun tarixi torpaqlarımızda keçirilməsinə görə Ali Baş Komandanımıza, Ordumuza minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün buradayıq.
Qanunla.Az xəbər verir ki, bunu MOİK-in baş məşqçisi Qəzənfər Abbasov Xankəndidə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis meydanda əllərindən gələni etdiklərini bildirib: “Rəqibin gücü hər kəsə bəllidir. Onları təbrik edirəm. Qurban müəllim də gözəl matça görə mənə təbriklərini çatdırdı. Futbolçular da kimə qarşı oynadığımızı bilirdilər. Gözəl futbol göstərmək niyyətində idik”.
Abbasov gələcəkdə Premyer Liqada çıxış edə biləcəklərini də söyləyib: “Ev oyunlarımızı Xankəndində oynamaq da istəyərdik. Bu, mənim üçün də şərəf olar. Matçdan əvvəl yüksəl rütbəli şəxslər futbolçularımıza söz verdilər ki, hər şey yaxşı olacaq. Göstərilən qayğı 2-3 qat artacaq”.