“Qanunla.az”ın redaksiyasına 2 saylı cəzaçəkmə müəssisəsində hazırda cəza çəkən bəzi məhbuslar tərəfindən müraciət daxil olmuşdur. Redaksiyamızla telefon əlaqəsi saxlayan Neftçala rayon Aşağı Qaramanlı kənd sakini Nağıyev Əfqan Ağasadıq oğlu və digər bir neçə məhbus həbsxanada hər gün üzləşdikləri haqsızlıqlardan şikayətçidirlər.
Əfqan Nağıyev deyir:
– “Burda bizi döyürlər. Tez-tez balaca, bumbuz otağa salıb, saatlarla bağlı qapı arxasında ac-susuz saxlayırlar. Ailəm görüşümə gələndə pul alıb, sonra görüşə icazə verirlər. Ailəm evdən yemək göndərir, yarısını götürürlər, əgər göndərilən ərzaqlardan da burdakı dükanda satılırsa, onu götürürlər, bizə vermirlər ki, burdakı dükandan almalısınız. Burdakı dükan da özlərinindir. Hər şey bu dükanda ikiqat qiymətə satılır. Bundan əlavə telefonla danışmağa 1 manatdan pul alırlar, halbuki 50 qəpik olmalıdır. Üstəlik də həbsxanada təmir işləri üçün də bizdən 5 manatdan pul yığırlar. Bizim burda qazancımız nədir, gəlirimiz hardandır ki, bu qədər xərci də bizə yükləyirlər?!
Dustaqlara “zon”u pul ilə satırlar. Təzə gələnlər “barak”a girən kimi, dəstə rəisi ondan kravat (çarpayı) üçün 30 manat pul alır.
Bir sözlə, dustaqlara məxsus olan hər şeyi bizə pul ilə satırlar.
Bütün bunları da edənlər rəisi müavini Orxan İsmayılov, “rejim”də Rüfət Quliyev, Ülvi Məmmədov, Asim Salahov. Bunlar da rəisin müavinləridir. Bizi incidən əsas bunlardır.”
P.S: Məsələ ilə bağlı “Qanunla.az” informasiya portalı olaraq, Ədliyyə Nazirliyinin elektron ünvanına rəsmi sorğu göndərdik. Lakin, bugünə qədər sorğumuz cavablandırılmayıb.
Qeyd: Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq