image-qanunla-reklam
image-court-order-1

Məhkəmə iclas protokollarının surəti vəkillərə niyə verilmir? – AÇIQLAMA

image-lady-day-az

Məhkəmə iclası katibi tərəfindən məhkəmə prosesi zamanı yazılı, stenoqrafiya və digər texniki vasitələrdən istifadə olunmaqla saxlanılan sənəd məhkəmə iclas protokuludur. Cinayət Prosessual Məcəlləsinin 98-ci maddəsinə əsasən, məhkəmə iclasının katibi məhkəmə iclası protokolunda məhkəmə icraatının gedişini, məhkəmə qərarlarını, məhkəmə iclasında iştirak edən şəxslərin vəsatətlərini, etirazlarını, ifadələrini, izahatlarını, habelə məhkəmə iclasının protokolunda göstərilməli olan digər halları məhkəmə iclasının audioyazısına uyğun olaraq tam və düzgün qeyd etməlidir. Bəzi vəkillər bu protokolun surətinin onlara verilməməsindən narazılıq edirlər.

Vəkillər Kollegiyasının üzvü, vəkil Qanqa İbrahimov e-huquq.az-a açıqlamasında məsələ ilə bağlı narazılığını dilə gətirib.

“Protokol işin materiallarına daxil olan sənəddir və sübutlardan biri kimi vəkilə təqdim edilməlidir. Məhkəmə iclas protokolunda işin mahiyyəti ilə bağlı gəlinən hüquqi nəticələr və yaxud da əhəmiyyət kəsb edən məqamlar öz əksini tapdığına görə sübut əhəmiyyətli sənəddir. Bu baxımdan, vəkil necə ki, cinayət işi və ya mülki işin materialına aid olan sənədləri əldə edə bilirsə, protokolların surətini də eyni statuslu sənəd növü kimi əldə etməlidir. Əgər vəkil protokolu oxuya, oradan lazım olan qeydləri götürə, hətta tam mətni əl yazısı ilə köçürə bilirsə, bu halda onun surətinin vəkilə verilməməsinin məntiqi izahı yoxdur. Düzdür, protokolu verən hakimlər də var. Müraciət etdikdə protokolların şəklini çəkməyə və ya surətini götürməyə imkan yaradırlar. Bəziləri buna normal yanaşır və problem yaratmır. Lakin hakimlərin əksəriyyəti buna icazə vermir”.

Vəkilin fikrincə, məhkəmə iclas protokolunun surətinin onlara verilməməsində məqsəd sonradan protokola dəyişikliklər edilməsinə imkan yaratmaqdır: “Burada məqsəd o ola bilər ki, sonradan protokolda dəyişiklik edəndə qarşı tərəfdə əvvəlki redaksiyanın surəti olmamış olsun və həmin o dəyişikliyi ortaya çıxarmaq mümkün olmasın. Mən belə düşünürəm, ağlıma başqa bir məntiqli izah gəlmir”.

Q.İbrahimovun sözlərinə görə, bu vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsinə mane olur: “Deyirlər, protokolu burada oxu. O qədər materialı necə əzbərləyib yadda saxlamaq olar? Oxuduqdan sonra araşdırma aparmalı, digər sənədlərlə müqayisə etməliyəm. Yaxud mən niyə saatlarla oturub onu köçürməyə vaxt sərf etməliyəm? Bununla fiziki çətinlik yaranır, beş dəqiqəlik işi bir saata görmək vəkilin digər işlərinə mane olur. Bu da əslində keyfiyyətli hüquqi yardımın göstərilməsinə mənfi təsir edir”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev e-huquq.az-a açıqlamasında vəkillərin narazılığının əsasız olduğunu bildirib. Onun sözlərinə görə, məhkəmə iclası protokollarının surətinin vəkilə verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

“Məhkəmə iclası protokollarının surəti ümumiyyətlə, heç vaxt verilmir. Qanunda belə bir şey yoxdur. Qanunda nəzərdə tutulub ki, vəkillər protokolla tanış ola və oradan özlərinə lazım olan çıxarışlar əldə edə bilərlər. Mən özüm də 20 ildən çox vəkil işləmişəm. Biz protokolla tanış olub lazımi qeydləri götürürdük. Məhkəmə iclası protokolu ilə tanış olmaq məhkəmə iclasının sonunda nəzərdə tutulub. Qanunda yazılıb ki, protokol 3 gün müddətinə tərəflərə tanış olması üçün təqdim edilməlidir. Yəni, bu 3 gün müddət hökm elan olunduqdan sonra nəzərdə tutulur. Hökm elan olunanda biz şərait yaradırıq ki, protokolla tanış olsunlar. Heç yerdə nəzərdə tutulmayıb ki, protokolun surəti vəkilə verilməlidir”, – deyə hakim qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki