image-qanunla-reklam
image-img_20210414_145201

Məmmədəli Səfərov: ”Tale fantastik süjetləri sevir”

image-lady-day-az
Azərbaycanda onu çox az adam tanıyır. Beş-on dost-tanış, bir – iki nəfər də ədəbiyyat həvəskarı.
Onun kimliyi haqqında danışmazdan öncə, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaşamış iki dahini xatırlayaq: Zərdabi və Tolstoy. Biri islam dünyasının ilk təbiətşünas alimi, azərbaycanlı  jurnalist, pedaqoq, maarifçi və naşir, digəri dünya ədəbiyyatının ən böyük yazıçılarından biri, rus maarifçi-publisisti.
Mənim fikrimcə Zərdabinin Azərbaycan üçün etdikləri, Tolstoyun Rusiya üçün etdiyindən  dəfələrlə çoxdur. Niyəsini izah edim.
Hər şeydən əvvəl söz olub. Söz başlanğıcdır, ondan sonrakılar sözün ziyasından yaranan cücərtilərdir. Müqəddəs “Oxu!” hökmü də Sözü anlamağa, Sözün işığında yüksəlməyə çağırışdır. 
Tarixin müəyyən səhifələrində biz sözümüzü, ardınca da özümüzü itirmişik. 19-cu əsrin ortalarında itirilmiş sözün axtarışına çıxan Azərbaycan  ziyalıları onu Zərdabidə tapdılar. Zərdabi sözlə, öz “Əkinçi”-si ilə Azərbaycan tarixində yeni dövrün əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bitən bu dövr ağrılı olduğu qədər də, şərəfli idi. Zərdabi bu dövrün özü, onun “Əyalətdən məktubları” bu dövrün tarixi güzgüsü idi.
Zərdabi Tolstoydan fərqli olaraq maarifçilik toxumlarını səpmək üçün çox şeyi özü etdi. O, eyni zamanda səpdiyi toxumların cücərtilərini inkişaf etdirəcək mühit haqqında fikirləşməli, çalışmalı, döyüşməli oldu.
Məhz bu səbəbdən, “Əkinçi”-dən başlayan, təxminən yarım əsrik dövrü əhatə edən zaman kəsimində, professor Rəhman Bədəlovun sözləri ilə desək:  “…Zərdabi ən böyük azərbaycanlıdır – bir çox səbəblərdən. Əgər fikrimi mümkün qədər qısa ifadə etsəm, məhz Zərdabi Azərbaycanda “Avropaya pəncərə açdı”. Bu pəncərə geniş yaxud darmı idi, qapılar taybatay açılmış yaxud azacıq aralanmışdı, biz bu pəncərədən yaxud qapıdan keçə bildikmi və ya onu üzümüzə kip bağladıqmı – bu kimi suallar xüsusi araşdirma tələb edir. Amma real proseslər məhz onun, Həsən bəy Zərdabinin fəaliyyətindən başlandı. Məhz Zərdabi elmi təhsil və mənəvi azadlıqların üstünlüyünü Avropa ölkələrinin inkişafında əsas səbəb kimi müəyyən etmiş və bunu  azərbaycanlılar qarşısında vəzifə kimi qoymuşdur” (R.Bədəlov, “Zərdabi”). 
Tarixə kiçik səyahətimizi burada saxlayıb, texnologiyaların sürətlə inkişaf etdiyi bu günümüzə qayıdaq. Bu  inkişaf iş masamızdan qalxmayaraq dünyanın istənilən nöqtəsindən çoxlu sayda informasiya almağa, araşdırıb nəticə çıxarmağa imkan verir.
Nəhəng informasiya bazası olan İnternetdə axtarış etsək, Tolstoy və varisləri – nəvəsi, nəticəsi haqqında istənilən sayda, istənilən keyfiyyətdə məlumat tapa bilərik.  Zərdabi haqqında bunu demək olarmı? İnternetdə axtarış etsəniz, bu sualın cavabını özünüz tapa bilərsiz… Bir- iki yazı Parisdən, bir-iki yazı da oradan-buradan- təəssüf edicidir.
Yazımın əvvəlində təqdim etmək istədiyim, doğma vətənində beş-on dost-tanış, bir – iki nəfər də ədəbiyyat həvəskarının tanıdığı şəxs, Həsən bəy Məlikov-Zərdabinin nəticəsi ötən əsrin ikinci yarısında Bakıda doğulub, böyüyüb, ali təhsil alıb. Həmin əsirin 80-ci illərində Rusiyaya köçüb. Müxtəlif sahələrdə çalışıb, həm də yaradıcılıqla məşğul olub. Əsərləri Rusiyada müxtəlif ədəbi-bədii jurnallarda oxuculara təqdim edilib. Hazırda  Stavropolda yaşayır. O, bunu,  “… yüz əlli il öncə ulu babamı sürgün etmək istədikləri şəhərdə yaşayıram. Tale fantastik süjetləri sevir”, deyərək şərh edir.
Bəli, hal-hazırda Stavropolda yaşayır və onu Azərbaycanda, Zərdabinin vətənində çox az adam tanıyır. Doğma vətənində çox az adamın tanıdığı Səfərov Məmmədəli Hacıağa oğlu Həsən bəy Məlikov – Zərdabinin nəvəsi Fatimə xanımın yeganə övladıdır.
Mən ədəbiyyatşünas deyiləm, sadə oxucuyam. Onun yaradıcılığı ilə qardaşımın tövsiyəsi ilə tanış olmuşam. İlk oxuduğum romanda M.Səfərov XX əsrin əvvəlində inqilab öncəsi Bakıda baş verən hadisələrdən bəhs edir. Əsərin adı, “…Зарево окрасит волны рек” (“… Parıltı çay dalğalarına rəng verəcəkdir”),  Lermontovun bir şerindən götürülüb. 1830-cu ildə yazdığı həmin qısa şeirdə 16 yaşlı şair 1917-ci ildə öz ölkəsinin başına gələcək hadisələri dəqiqliklə təsvir edir. Təsadüfü deyil ki, Rusiyada inqilabdan sonra bu şeir qadağan olunub.
 M.Səfərovun romanını oxuduqca bu ad seçimi aydınlaşır, personajlardan biri, Midhət bəyin öncə görmələri  reallaşır, inqilabın  özü ilə gətirdiyi faciələr, qırılmış talelər bütün çılpaqlığı ilə göz önündə əks olunur.
M.Səfərovun yazı üslubu mənə “Atam haqqında xatirələrim”-i xatırlatdı. Məmmədəli bəyin bibisi  QəribSoltan xanımın Zərdabi haqqında xatirələrinin dili səlis və axıcıdır, yazı üslubu  adamı yormur. Düşündüm ki, deyəsən bu gendən gəlir.
Bir daha təkrar edirəm ki, mən ədəbiyyatşünas deyiləm, bunlar mənim subyektiv fikirlərimdi. Fikirlər fərqli ola bilər, zövqlər isə müzakirə olunmur.
Amma mən qəti əminəm ki, hətta yaradıcılıqla məşğul olmasa belə, romanları rus ədəbi jurnalında nəşr edilməsə belə, biz onu tanımalı idik – Zərdabinin varisi, Zərdabi nəslinin nümayəndəsi kimi. Amma, təəssüf…
Bəzi mənbələrdə Fatimə xanımın 1927-ci ildə anadan olduğu bildirilir. Bu tarix mərhum Səttar Babayevin sorğusuna cavab kimi təqdim edilmiş arxiv sənədində qeyd edilib.  Amma, Məmmədəli bəy anasının 10 may 1925-ci ildə anadan olduğunu bildirir. O, bunu belə əsaslandırır: “Babam Midhət bəy nənəmlə 1920-ci ildə, Kazanda evlənib. Mənə o da məlumdur ki, anam pioner sıralarına daxil olarkən babam hələ azadlıqda olub. Babamın təxminən 1934-35-ci illərdə həbs olunduğunu nəzərə alsaq, 1925-ci il daha uyğun gəlir.” 
Daha da aydın olması üçün qeyd edim ki, sovetlər zamanı pioner sıralarına 9-15 yaşlı məktəbliləri qəbul  edirdilər.
 Fatimə xanım repressiya illərində Stavropolda yaşamış, sonralar Bakıya qayıtmış və ali təhsil almışdır. Həsən bəy Məlikov-Zərdabinin Zərdabda yaşayan qohumları Bakıda Fatimə xanımla görüşmüş, onu Zərdaba qonaq dəvət etmişlər. Fatimə xanım ilk öncə bu təkliflə razılaşsa da, sonra imtina etmişdir. Görüş iştirakçıları sonralar öz xatirələrində bunu fərqli izah edirlər. Məncə, imtinanın əsas səbəbi xalq düşməninin qızı kimi Zərdabda daha çox diqqət mərkəzində olmaq qorxusu olub.
Zərdabi irsinin araşdırıcılarından biri, çox hörmətli E.Həsənov mərhum Səttar Babayevə əsaslanaraq Fatimə xanımın Əhməd adlı oğlu haqqında məlumat verir. Eyni zamanda bunun daha ətraflı araşdırılmasın vacib sayır. Əminliklə demək olar ki, Fatimə xanımın bir övladı olub –Məmmədəli Səfərov. Əhməd bəy Fatimə xanımın oğlu deyil, onun həyat yoldaşı Hacıağa Səfərovun bacısı oğludur. Məmmədəli bəyin bibisi oğlu Əhməd Babayev hazırda Bakı şəhərində yaşayır.
Fatimə xanımın atası Midhət bəy Həsən bəy Zərdabinin böyük oğludur. 1879-cu ildə anadan olub. 1935-ci ildə kommunistlər tərəfindən həbs olunub. Midhət bəyin bacısı Pəri xanım Topçubaşova (1880) Fransada, qardaşı Səfvət bəy Məlikov (1886) Türkiyədə yaşayıb, yalnız kiçik bacısı Qəribsoltan xanım (1889) Azərbaycanda qalıb.
Məmmədəli Səfərov 08 mart 1950-ci ildə Bakı şəhərində anadan olub. Onu nənəsi, Midhət bəyin həyat yoldaşı  saxlayıb və tərbiyə edib. Ailə üzvləri, dostları Məmmədəlini “Alik” deyə çağırıblar.
1967-ci ildə orta məktəbi bitirib və Azərbaycan Pedaqoji İnstitunun çoğrafiya fakültəsinə daxil olub. 1967-1972-ci illlərdə bu institutda təhsil alıb.
Məmmədəli bəy ötən əsrin sonlarına qədər Bakıda yaşayıb və işləyib. 1980-ci illərin əvvəllərində ailəsi ilə birlikdə Stavropola köçüb. Bu şəhərdə nənəsindən qalma kiçik bir evləri var idi.
Kabarda-Balkar Respublikasının Aksaut qəsəbəsində, uçqunlardan əhalinin təhlükəsizliyini artırmaq və ziyanı azaltmaq üçün yaradılan xidmətdə çalışıb. Sərbəst vaxtlarında mütaliə və şərq döyüş sənəti ilə məşğul olub.
1983-84-cü illərdə liman nəzarət kapitanı vəzifəsində çalışıb.
Məmmədəlı bəy Zərdabi nəslinin davamçısı kimi özünə hər-hansı imtiyaz əldə etmək istəyində deyil.  Yeganə istəyi kitablarının Bakıda nəşr edilməsir.
“Həm Azərbaycanda, həm də Rusiyada ədəbi prosesin vəziyyətini kədərli və darıxdırıcı  bir mənzərə kimi təsəvvür edirəm” – deyən M.Səfərov, ədəbiyyatı informasiya müharibəsinin bir hissəsi hesab edir: “Bu gün ədəbiyyat, döyüş meydanında informasiya müharibəsinin bir hissəsidir. Bu meydanda , Azərbaycan ədəbiyyatının mövqeləri Azərbaycan ordusunun mövqelərindən əhəmiyyətli dərəcədə aşağıdır.” 
Mənim fikrimcə, qələmi ilə informasiya müharibəsinə öz töhfəsini verən, Azərbaycanı və azərbaycanlıları rusdilli oxucu kütləsinə tanıdan Məmmədəli Səfərovun öz doğulduğu torpaqda, ata yurdunda tanınmasına haqqı var. Tanınması üçün isə tanıtmaq lazınm.
“Tanıtmaq” və “tanınmağın” kökündə “tanı!” durur. İlk öncə adlarını bir yazıya yeləşdiə bilmədiyim bütün mütəfəkkilərimizi biz özümüz tanıyaq.
Tanıyaq – ANA TORPAQ üçün nəsə edənləri tanıtmaq, fəxrlə “biz onların həmyerliləriyik” deməyi bacarmaq üçün.
Tanıyaq, tanıdaq və tanınaq – öz laqeyidliyimizə, unutqanlığımıza, daha nələrəsə haqq qazandıran kiçik və böyük bəhanələr axtarmadan, “filan qurum hara baxır?”, “yuxarıda oturanlar nə ilə məşğuldur?” demədən. Yuxarıda oturanlar bizik, bizdəndir, bizim sıramızdan çıxanlardır…
Tanıdaq ki, tanınaq – öz mənəvi kimliyimizi  bir daha təsdiq etmək, daha geniş məkana təqdim etmək üçün!
 
CƏMİL ƏSƏDOV, Zərdab rayonu

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki