Dekabrın 19-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasında təltifetmə mərasimi baş tutub.
Qanunla.Az xəbər verir ki, tədbirdə idarənin tabeliyində olan yerli sektorların rəhbərləri, dövlət qulluqçuları, ümumi təhsil müəssisələrinin rəhbərləri, şagirdlər iştirak edib. Dövlət himni ilə başlayan tədbirdə idarənin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov idarənin fəaliyyətindən və nailiyyətlərindən söz açıb. Sonra təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif olunmuş 4 nəfər təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 16 nəfər təhsil işçisinə isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib. Daha sonra il boyu fəaliyyətində fərqlənən və idarənin işlərində daima dəstək göstərən bir qrup təhsil işçisi fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunub. Bundan başqa il ərzində bir sıra müsabiqələr və yarışlarda yer tutmuş bir qrup şagirdə və təhsil işçilərinə diplomlar və mükafatlar təqdim olunub. Tədbirin sonunda təhsil işçiləri ilə xatirə şəkli çəkilib.