Milli birliyin və bərabərliyin simvolu
Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.
Cənab Prezident xarici mediada, digər ölkələrdə yaşayan azərbaycanlılar isə yaşadıqları ölkələrdə qətiyyətlə haqq səsimizi ucaltdılar, ədaləti müdafiə etdilər. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin güclü ordumuzun və xalqımızın həmrəyliyi , birliyi oldu.
Bugün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir.
Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva
Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri
Azərbaycan ərazisi əhalisinin sayı baxımından dünyanın bir çox nəhəng ölkələrindən geri qalsa da, birliyi, həmrəyliyi sarıdan onların hamısından üstündür. Xalqımız millət kimi bütün dövrlərdə sevgilərin, ümidlərin fövqündə Vətənini, dövlətini, yurdunu, torpağını canı kimi sevib. Qədim zamanlardan ərazilərimiz bölünüb parçalansa da, müharibələr, hərbi münaqişələr, düşmənin işğalçılıq siyasəti soydaşlarımızı yurd yerlərindən didərgin salsa da, sonunda həmrəy olduğumuzu əməllərimizlə təsdiq etdik. Harada olmağımızdan asılı olmayaraq qanımızda, canımızda azərbaycanlı sevgisi, məfkurəsi daşıdıq. Hazırda azərbaycanlılar dünyanın hər yerində yaşayırlar və onların bir vətəni var, Azərbaycan. Onları bir sevgi, məqsəd və amal birləşdirir: azərbaycançılıq ideologiyası.
Dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında Ulu Öndər Heydər Əliyevin milli birlik ideyaları dayanır. Ulu Öndər Heydər Əliyev demişdir ki, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.
Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident cənab İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi.
Bəli, milli birlik, azadlıq, suverenlik yolunda bizi birləşdirən, düşmən tapdağında olan torpaqlarımıza qaytaran məhz həmrəyliyimiz oldu. Həmrəyliyimiz bizi qalib, Zəfər çalmış xalqa çevirdi. Həmrəyliyimiz, birliyimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə ucaltdığı Dövlət Bayrağında öz əksini tapdı, birliyimiz Laçın sərhəd-buraxılış məntəqəsindən pərvazlanıb üzü Qərbi Azərbaycan yurdlarına sarı qanadlandı. Bir zamanlar Azərbaycanı sıradan, kiçik bir dövlət bilənlərə də cavabımız həmrəyliyimiz oldu.
İndi Azərbaycan ərazi bütövlüyünü tam bərpa etmiş, suveren, azad bir dövlətdir. Regionun güc mərkəzi, söz sahibi və aparıcı ölkəsidir. Birliyimiz, həmrəyliyimiz sayəsində dünyaya səpələnmiş bütün azərbaycanlıların dayaq nöqtəsi, güvən mərkəzinə çevrilib vətənimiz. Həmrəyliyimiz hər şeydən öncə azərbaycançılıq ideologiyasından qaynaqlanır. Elə bu ideologiyanın nəticəsidir ki, dünya azərbaycanlıları vahid şəkildə birləşib, ölkəmizin daha da inkişaf etməsinə təkan verir. Harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız Azərbaycanın inkişafı və dünyada tanınması istiqamətində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova