image-qanunla-reklam
image-18dfb28daf-heyder-eliyev-medeni-irsimizin-kesiyinde

Milli dövlətçilik ənənələrinin qorunmasına xidmət edən fəaliyyət

image-lady-day-az

Milli dövlətçilik ənənələrinin qorunmasına xidmət edən fəaliyyət

XX əsrin 80-ci illərinin sonunda ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsi qısa müddət sonra ermənilərin illərdir, Azərbaycan torpaqlarına qarşı iddialarının yenidən baş qaldırmasına şərait yaratmış, nəticədə Naxçıvan Muxtar Respublikasının sərhədyanı yaşayış məntəqələri davamlı erməni təcavüzünə məruz qalmışdır. Havadarlarının dəstəyi ilə edilən silahlı hücumlar əhalinin dincliyini əlindən almış, muxtar respublika blokada vəziyyətində yaşamağa məcbur edilmişdir. Məhz belə bir çətin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə muxtar respublikaya gəlməsi naxçıvanlılara böyük ümid və sevinc bəxş etmişdir. Eyni zamanda Vətənə bu qayıdış xalqımızda Azərbaycanın bütün bəlalardan xilas olacağına da ümidləri artırmışdır. Xalq Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın bu çətin vəziyyətdən çıxmasının yalnız ulu öndər Heydər Əliyevin sayəsində mümkün olacağını bilirdi. Təsadüfi deyil ki, zəngin dövlətçilik təcrübəsinə malik olan qüdrətli şəxsiyyətin, ömrünü Vətəninə, xalqına həsr edən əvəzedilməz liderin doğulub boya-başa çatdığı diyara gəlişi əhali üçün əsl bayrama çevrilmişdir. Sonralar ümummilli liderimiz bu barədə demişdir: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.
Naxçıvana gəldikdən 2 ay sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürərək muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz ümummilli liderimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Üçrəngli və ay-ulduzlu Dövlət bayrağının təsdiqi.
Naxçıvan Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur. Milli idarəçilik ənənələrinin yaşadıldığı, birlik və həmrəyliyin dəyişməz ünvanı olan bu qədim diyar, həm də tarixin yaddaşına Azərbaycan xalqının Qurtuluşuna gedən Böyük Yolun başlanğıcı kimi düşmüşdür. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyev xilaskarlıq missiyasına, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinə məhz Naxçıvandan başlamışdır. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası Ulu öndərin sədrliyi ilə öz işinə başladı. Həmin sessiyada “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və başqa məsələlərlə bağlı tarixi qərarlar qəbul edildi. Sessiya Naxçıvan MSSR adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvanın Ali Sovetinin adını dəyişərək onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvanda qaldırıldı.
Həmin dövrdə bu cür qətiyyətli addımları, ancaq ulu öndər ata bilərdi. O çətin günlərdə sakinlərlə bir yerdə olan ulu öndərə əhalinin sevgi və ehtiramı o qədər böyük idi ki, hər kəs dünya şöhrətli siyasətçinin muxtar respublikaya rəhbərlik etməsini istəyirdi. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən fövqəladə sessiyasında deputatların və iclas keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə ümummilli lider Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da Azərbaycan tarixində ulu öndərin adı ilə bağlı olan daha bir möhtəşəm səhifə açıldı. Sessiyadakı ilk çıxışında Ulu öndər öz taleyini xalqa tapşırdığını bildirərək demişdir: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. …Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

 

“Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü”.
Ali Məclisin Sədri kimi ümummilli lider Heydər Əliyev real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başladı. 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan ilk addım idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olundu, ölkəmizdə ilk Milli Ordu yaradıldı,  Naxçıvanın müdafiə potensialı gücləndirildi və beləliklə, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası bu qədim diyarda qoyuldu. Ümummilli lider o dövrdə, həm də  Azərbaycan xalqının milli həmrəyliyinin ideoloji əsaslarını yaradaraq dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verilməsi tələbi də ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən gündəmə gətirildi.
Təcavüzkar Ermənistanın blokadaya saldığı, mərkəzi hakimiyyətin isə biganə münasibət göstərdiyi Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmalı, blokadanın vurduğu ciddi zərbələrin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilməli idi. Bu məsələni xüsusilə diqqətdə saxlayan Ulu öndərimiz 1992-ci ildə İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər etdi, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalandı. Həmin protokollara əsasən hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi, gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Müstəqilliyə gedən yol Heydər Əliyevin rəhbərliyi ilə məhz Naxçıvanda başlamışdır… Məhz Naxçıvanda ulu öndərin rəhbərliyi ilə aparılan siyasət nəticəsində Naxçıvanın ərazi bütövlüyü təmin edilmişdir… Azərbaycanın müasir siyasi sistemi məhz Naxçıvanda yaradılmışdır”.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki