image-970_50
image-429

MİLLİ KONSTİTUSİYA DÖVLƏT QURUCULUĞUNUN TƏMƏL DAŞIDIR

image-suni_mayalanma_qiymeti

Azərbaycan xalqının dövlətçilik salnaməsi, bu salnamənin səhifələrinə həkk olunmuş mühüm hadisələr hər birimizə məlumdur. İyirminci əsrin əvvəllərində xalqımızın azadlıq yolunda mücadiləsinin bəhrəsi kimi əsrin sonlarında əldə olunan müstəqilliyimiz indi möhkəm əllərdədir. Müstəqil Azərbaycan Respublikasının gələcək inkişaf proqramı olan Əsas Qanunumuz dövlətçiliyimizin inkişafında, qloballaşan dünyada yerimizin möhkəmləndirilməsində, xalqımızın rifah-halının yaxşılaşdırılmasında ən mühüm təməldir. Azərbaycanı bir dövlət kimi bütün dünyaya tanıtdıran, günü-gündən yeniləşən respublikamızın həyatını mühüm dəyişikliklərlə əks etdirən, iqtisadi və sosial strategiyamızı əsaslandıran ən əsas sənəd məhz milli Konstitusiyamızdır.

Hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda, dövlətçiliyin və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində Konstitusiyanın rolu çox mühümdür, Əsas Qanun müstəqillik əldə edən və ya hüquq sistemində köklü dəyişikliklərin həyata keçirildiyi, hüquqi dövlət quruculuğunu qarşıya məqsəd qoymuş hər bir dövlətin onurğa sütunudur. Dövlət quruculuğu ən əvvəl onun siyasi əsaslarının yaradılmasından başlanır. Bu mənada Konstitusiya cəmiyyətdə siyasi sabitliyin, ictimai sülhün qarantıdır, dövlətin prioritetlərini əks etdirir, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin sivil çərçivəsini müəyyən edir, hüquqi tənzimləmə funksiyasını həyata keçirir, dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edir.
Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.
1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev siyasi sistemdə mövcud olan boşluğu doldurmaq üçün çox çətin fəaliyyətə girişdi. Tezliklə müstəqil cəmiyyət quruculuğu prinsiplərini özündə ehtiva edən Əsas Qanun yaradılmalı idi. Ulu öndərimizin şəxsi təşəbbüsü və rəhbərliyi ilə bu çətin işə başlanıldı və dərin siyasi təfəkkürün məhsulu olan Milli Konstitusiya 1995-ci ilin noyabr ayında ümumxalq səsverməsi ilə meydana gəldi. O zamandan Əsas Qanun öz bəhrələrini verməkdədir. Elə bunun üçün də biz hər şeydən əvvəl ulu öndərimizə həmişə borcluyuq.
Seymur Abbasov

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki