image-qanunla-reklam
image-milli99

Milli Məclisin 61 minlik tenderini 2 aylıq şirkət uddu – FOTO

image-lady-day-az

Milli Məclis tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Tabl Constraksen” MMC (VÖEN-1905501161) olub.

Milli Məclis inzibati binalarda və həyətyanı sahədə istifadə olunacaq santexnika mal-materiallarının, fəvvarələr üçün avadanlığın ehtiyat hissələrinin, hovuz üçün kimyəvi məhlulların, sənaye kondisionerləri və ventilyasiya sistemləri üçün ötürücü kəmərlərin (tekstropların), fankoyllar üçün ehtiyat hissələrinin, qazanxana və nasosxanalarda istifadə olunacaq avadanlıqların və ehtiyat hissələrinin satın alınmasına görə “Tabl Constraksen” MMC -yə 60 min 577 manat 99 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 60,6 min manatlıq tender müsabiqəsinin qalibi olan “Tabl Constraksen” MMC tender elanından təxminən 2 ay yarım əvvəl dövlət qeydiyyatına alınıb.

Milli Məclis tender elanını 18.05.2023-cü il tarixində elan edib. Qalib şirkət isə 03.03.2023-cü il tarixində qeydiyyata alınıb.

Onu da qeyd edək ki, xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün cəmi 2-3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Nizamnamə kapitalı 10 manat olan “Tabl Constraksen” MMC-nin hüquqi ünvanı “Suraxanı rayonu, Yaşayış sahəsi D (Yeni Günəşli qəs.), ev 24, m. 16”-da yerləşir. Qanuni təmsilçisi isə Səfiyev Rüstəm İlqar oğludur.

Maraqlı məqamlardan biri də odur ki, “Tabl Constraksen” MMC -nin dövlət qeydiyyatına alındığı ünvanda həmin ərəfələrdə – 2-3 mart 2023-cü il tarixlərində bir-neçə şirkət də qeydiyyatdan keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki