Milli və dini-tarixi abidələr.
30 il idi ki Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə abidələr və tarixi yerlər qəddarcasına dağıdılıb. Zəngilan rayonunun da çoxlu tarixi-dini abidələri düşmən tapdağı altında qalaraq çoxlu vanddallığa məruz qalmışdı. Zəngilan ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara burada ibtidai insanların yaşayışından xəbər verir. Ancaq rayon kimi Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometrdir. Ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Şərəkə çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardır Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi öz memarlıq-konstruktiv formasına görə seçilir. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə Azərbaycan xalqının həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon idi. Məlumdur ki, işğal zamanı digər rayonlarda olduğu kimi, Zəngilanın da tarixi, mədəni və dini abidələri yerlə-yeksan edilmişdir. Zəngilanda 6 məscid, 2 alban kilsəsi, 20 ziyarətgah var idi. Eyni zamanda, 70 kitabxana, 3 muzey, 4 musiqi məktəbi, 2 kinoteatr, park işğal zamanı yox edimişdir. Ulu öndər Heydər Əliyev demişdir: “Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var”. Bu abidələr, demək olar ki, tamamilə bərbad vəziyyətə düşmüşdür. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratmışdır. Nəticədə 20 oktyabr 2020-ci ildə Zəngilan rayonu işğaldan azad edilmişdir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Zəngilan rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident cənab İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunur. İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.
Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı- Ehtiram Osmanov
Rayonun işğalı.
1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Ermənistan-Azərbaycan münaqişəsi Zəngilan rayonunda 1990-cı ildən daha tez-tez hiss olunmağa başladı. Ermənilər dəmir yolunu bağlayaraq qatarları saxlayır və adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhalidən təşkil olunmuş özünümüdafiə dəstələri ov tüfəngləri ilə silahlandığı halda, düşmən silah və texnika ilə təchiz edilmişdi. 1992-ci ilin əvvəlindən etibarən ermənilər rayona davamlı olaraq hücumlar etməyə başladılar. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın etdilər. Bu dövrdən başlayaraq döyüşlər daha intensiv xarakter almışdı. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı. Zəngilan inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası qoyulur.1993-cü il oktyabrın 30-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır.
Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev verdiyi əmrə əsasən, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. 2020-ci ilin 20 oktyabr günü həm xalqımızın, həm də zəngilanlıların yaddaşına əbədi həkk olunan bir gündür. Çünki oktyabrın 20-si Zəngilanın Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 4 il ötür. Həmin tarixi günü zəngilanlılar bu gün də fəxr və qürur hissi ilə xatırlayırlar. Çünki 27 il davam etmiş işğala son qoyulub. Artıq zəngilanlılar rayonun 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi günü deyil, azad olunduğu tarixi – 20 oktyabrı qeyd edirlər.
Zərdab rayon Nizami adına Şəftəhal kənd tam orta məktəbin psixoloqu Zöhrab Şıxlı.