image-qanunla-reklam
image-photo_79038

Müasir Azərbaycan cəmiyyətinin formalaşması  Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

image-lady-day-az
Müasir Azərbaycan cəmiyyətinin formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Bildiyimiz kimi 1991-1993-cü illərdə ölkəmizdə hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə usullari hökm sürməkdə idi. Ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdır. Bunun üçün də Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü.  Bu xalqın təkidli tələb idi. Bunun əsasında Heydər Əliyev Bakıya dəvət edildi.

1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz prezidentini seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. O gündən Ulu Öndər Heydər Əliyev xalqın etimadını hər zaman doğruldacağına söz vermiş və həyatının sonuna kimi verdiyi sözü tutmuşdur. Xilaskarlıq missiyasını uğurla yerinə yetirən böyük şəxsiyyət ilk addımlarını dövlət quruculuğu sahəsində atmağa başladı. Çünki, Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, “Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmlətmək ondan da çətindir”.

Bütün həyatını xalqının xöşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin öz xalqı qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil və demokratik, hüquqi dövlətin yaranması, Milli Konstitusiyamızın qəbul edilməsi, məhz Ümummilli liderimizin adı ilə bağlıdır. Ərazisi o qədər də böyük olmayan ölkəmiz qısa zaman ərzində  Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.  Ölkəmizdə xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başlamışdır.

Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, demokratik, iqtisadiyyatı gün gündən sürətlə inkişaf edən Azərbaycanın vətəndaşı olmaqdan iftixar hissi keçirdir.

Ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət bugün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hazırki vaxtda bir çox uğurlara imza atmışdır. Buna sübut olaraq Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədən qalib tərəf kimi ayılması olmuşdur.  İllərdir torpaqlarımızın  20 faizi düşmən tapdağı altında qalmışdır. Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusu həsrətində olduğumuz torpaqlarımızı bizə geri qaytardı. Bu qələbədən sonra dünya ölkələri arasında xalqımızın nüfuzu daha da artdı.

Hazırda bütün dünya Azərbaycanın döyüş taktikasından danışır . Bu qələbə son əsrlərin ən böyük qalibiyyəti, münaqişənin birdəfəlik bitməsi, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti

Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu, ümummilli lideri. Nə qədər söz desək də, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi ifadə etməyə yetərsizdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq onun xilaskarlıq missiyasından danışmaq səbəbsiz deyil. Ümummilli Lider “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etməklə yanaşı, Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini, ən əsası sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanıtmaq istəyini yeganə həyat amalına çevirdiyini diqqətə çatdırdı.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı.
Beləliklə, dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, müstəqilliyin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.

Dahi şəxsiyyət deyirdi ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə daxili sabitliyi təmin edən ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafı üçün möhkəm baza yaratdı.

Bu gün Heydər Əliyevin şah əsəri olan Azərbaycan uğurla inkişaf edir, yeni hədəfləri müəyyənləşdirməklə gələcəyə inamla baxır. Bugünkü və gələcək nəsil Ulu Öndərin, XX əsrin böyük ictimai və siyasi xadiminin həyatını yaxşı öyrənməli, ideyalarını mənimsəməli və təbliğ etməlidir. Məhz ulu öndər Heydər Əliyevin siyasi kursunun davamı olaraq 2003-cü ildən Azərbaycanda yeni inkişaf strategiyası həyata keçirilir. Son 20 ildə Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində həyatımızın bütün sferalarında ciddi yeniliklər və uğurlar qazanılıb. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun gücü sayəsində qazandığımız tarixi Zəfər və onun yaratdığı reallıqlar fonunda qalib Azərbaycan zirvələri fəth edir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sabitliyin bərqərar olması

Belə bir şəraitdə Azərbaycan xalqının diqqəti yenidən xalqımızın böyük oğlu Heydər Əliyevə yönəlmişdir. Bu dəfə də xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər xalqın tələb və təkidlərinə cavab verərək ölkəmizdə növbəti dəfə hakimiyyətə gələrək, Azərbaycanın dövlətçiliyini, ölkəmizin müstəqilliyini xilas etmiş, yüksəliş, inkişaf və sabitlik erasının əsasını qoymuşdur. Bu isə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı demək idi.

1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinə Sədr seçilməsi parlamentarizm tariximizdə müstəsna əhəmiyyətə malikdir. Bu dövr Azərbaycan parlamentarizm tarixinin ən parlaq səhifələrini təşkil edir. Xalqımızın böyük oğlunun rəhbərliyi ilə parlament ali qanunverici orqan kimi ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrilmişdir. Parlamentin ictimai nüfuzu yüksəlmiş və effektiv qanunvericilik fəaliyyəti həyata keçirilmiş, mühüm qanunlar qəbul olunmuşdur. Bu qısa dövrdə ölkə həyatının ən müxtəlif sahələrini əhatə edən, iqtisadiyyatın yenidən dirçəldilməsi və vətəndaşların sosial mənafelərinin qorunmasına yönəlmiş, həmçinin beynəlxalq fəaliyyət sahəsində prioritetlərin əks olunduğu 120-dən artıq qanun və qərar qəbul olunmuşdur. Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövrdə Ulu Öndər ictimai sabitliyin bərpası, siyasi sistemin inkişafı, Azərbaycanın beynəlxalq təcridinin aradan qaldırılması istiqamətində yorulmadan fəaliyyət göstərmiş, mədəniyyətin, elmin, təhsilin inkişafına, gənc nəslin fəallığının artırılmasına böyük diqqət göstərmişdir. Beləliklə, çox qısa müddətdə Azərbaycan parlamenti Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin taleyüklü məsələlərinin həllində vacib rola malik olmuş, ölkəmizin müstəqil inkişafına öz dəyərli töhfələrini vermişdir.

1993-cü il oktyabr ayının 3-də keçirilən seçkilərdə Azərbaycan Prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə qısa müddətdə ictimai nizam-intizam, siyasi sabitlik təmin edilmiş, milli təhlükəsizliyin sarsılmaz əsasları yaradılmış, qanunsuz silahlı birləşmələr tərk-silah edilmiş, nizami, güclü ordu quruculuğuna başlanmışdır. Hüquqi dünyəvi dövlət quruculuğu prosesinə start verilmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunmış, ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanmışdır. Ulu Öndər Heydər Əliyev ölkəmizin müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı və elmin, təhsilin, mədəniyyətin inkişafını təmin etmişdir. Yeni neft strategiyasının hazırlanması, bunun əsası olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın qlobal enerji bazarında və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin olunması, yeni və praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi həmin dövrdə ölkəmizin qarşısında tamamilə yeni inkişaf paradiqmalarının meydana gəlməsini şərtləndirmişdir. Azərbaycan Ulu Öndər Heydər Əliyevin müstəsna liderlik qabiliyyəti və yüksək idarəetmə məharəti sayəsində 1993-2003-cü illərdə öz inkişaf və sabitlik dövrünü yaşamış, müstəqilliyini möhkəmləndirmişdir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki