Müasir dövrdə enerji istehlakında bərpa olunan enerji mənbələrindən istifadənin əhəmiyyəti getdikcə artır
Dünya liderlərinin iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan sammiti növbəti həftələrdə bu problemin həllinə istiqamətlənən üsulların müəyyənləşdirilməsinə doğru atılan önəmli addımdır.
Liderlər Sammiti kimi mötəbər tədbirin keçirilməsində məqsəd bu sahədə görülən işlərə impuls vermək, eləcə də ümumi səylərin artırılması məqsədi daşıyır.
Baş danışıqçı kiçik ada dövlətlərinin iqlim fəlakətindən xilasının da sammitin gündəmini təşkil etdiyini söyləyib: “Həmin ölkələrin mövqeyi bizə onu deməyə əsas verir ki, onlar iqlim dəyişikliyinin yaratdığı problemin ən çox zərər çəkən ölkələrdir. İqlim dəyişikliyi bu ölkələrə külli miqdarda ziyan vurub. Bu istiqamətdə əldə olunan məlumatlar bizə təcili tədbirlərin görülməli olduğu mesajını verir. Kiçik ada dövlətlərinin səsi eşidilməlidir. Bizim iqlim dəyişikliyi probleminin daha çox təsir etdiyi müxtəlif icmaların nümayəndələrinin çıxışlarını dinləmək imkanımız oldu. Onlar çox iqlim probleminin çox ciddi fəsadları barədə danışdılar. Biz bundan sonra da fərqli fikirləri dinləməyə hazırıq. Biz daha əvvəl irəliləyişə nail olduğumuz 6.4 bəndinin gündəliyini irəlilətməyə davam edəcəyik. əsas məqsədimiz ədalətli və nəticəyönümlü yeni kollektiv kəmiyyət hədəflərinə nail olmaqdan ibarətdir. Bu məsələnin həlli danışıqlardakı mövqeyimizi əks etdirir. Hesab edirik ki, yekun razılaşmanın mətni üzərinə iş davam etdirilməlidir”.
Müasir dövrdə enerji istehlakında bərpa olunan enerji mənbələrindən istifadənin əhəmiyyəti getdikcə artır. Elmin inkişafı yerin geotermal enerjisi, günəş və külək kimi bərpa olunan enerji mənbələrindən istifadə olunması üçün geniş imkanlar yaradır. Elektrik enerjisi istehsalında alternativ enerji mənbəyi kimi bioyanacaqdan istifadəyə əsaslanan bioenergetika sahəsi inkişaf edir. BMT-nin məlumatına görə, dünyada dayanıqlı enerji hədəflərinə nail olunmasında irəliləyişlərə baxmayaraq, bu sahədə proseslər kifayət qədər sürətli getmir. Ona görə də 2030-cu ilə qədər təxminən 660 milyon insanın hələ də elektrik enerjisindən məhrum olacağı, 2 milyarda yaxın insanın isə ətraf mühiti çirkləndirən yanacaq növlərindən və texnologiyadan istifadə edəcəyi bildirilir.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc
Ekoloji problemlər: müasir çağırışlar və strategiyalar
Azərbaycan dövləti ekoloji mühitin qorunması ilə bağlı beynəlxalq təşəbbüslərə qoşularaq fəal siyasət aparır, xüsusilə bərpa olunan enerji mənbələrindən geniş şəkildə istifadə olunması əsas hədəflərdən biri kimi müəyyən edilmişdir. İqlim dəyişikliyinin təsirlərinin azaldılması, ekosistemlərin və biomüxtəlifliyin qorunması məqsədilə mühafizə olunan ərazilərin genişləndirilməsi, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması sahəsində mühüm addımlar atılır. Ekoloji məsuliyyətin artırılması üçün effektiv maarifləndirmə işinin təşkili, müasir texnologiyalar tətbiq etməklə təbii resursların səmərəli istifadəsi və s. istiqamətində böyük irəliləyişlər əldə olunur.
“Yaşıl enerji”yə keçidin təmin olunması məqsədilə milli və beynəlxalq səviyyədə sərmayə qoyuluşu stimullaşdırılır. Qlobal ekoloji problemlərin həllində dünya dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirilir, ekoloji layihələrin reallaşmasında və müvafiq təcrübə mübadiləsinin aparılmasında yaxından iştirak olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük həssaslıqla yanaşmanın göstəricisidir.
Ekoloji problemlər bəşəriyyəti ciddi şəkildə narahat edir. Qlobal istiləşmə ekosistemlərə və biomüxtəlifliyə mənfi təsir göstərir, daşqın, quraqlıq və istilik dalğaları kimi ekstremal hava hadisələrinə səbəb olur ki, bu da insanların sağlamlığına təhlükə yaradır. Dünyada dəniz səviyyəsi tədricən yüksəldiyindən sahil xətləri, sahilyanı şəhərlər və ada dövlətləri ciddi problemlərlə üzləşir. Qlobal iqlim dəyişikliyi yoluxucu xəstəliklərin yayılması riskini artırır, xüsusilə həssas bölgələrdə miqrasiyaya və demoqrafik dəyişikliklərə səbəb olur.
Okean sularının sirkulyasiyasındakı dəyişikliklər dəniz ekosistemlərinin bioloji strukturuna təsir edir. Çirkli hava ekosistemlərin məhsuldarlığını azaltmaqla onların özünübərpa qabiliyyətini zəiflədir. Qlobal istiləşmə insanların sağlamlığı ilə yanaşı, onların əmək qabiliyyətinə və ömür uzunluğuna mənfi təsir göstərir. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, iqlim dəyişikliyi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş hər dörd obyektdən birini təhdid edir.
Alimlərin fikrincə, içməli su resursları bütün hidrosferin cəmi 2%-ni təşkil etdiyindən içməli su məsələsi gələcəkdə digər qlobal problemlərlə müqayisədə daha ciddi xarakter alacaqdır. İçməli suyun mikrobioloji çirklənməsi müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Hazırda dünyada suya tələbat əhali artımını üstələyir. Qlobal temperaturun yüksəlməsi nəticəsində su qıtlığının artacağı proqnozlaşdırılır. Alimlər yaranmış vəziyyətdən çıxış yolunu içməli su resurslarından səmərəli istifadə olunması, su ekosistemlərinin qorunub saxlanılması və iqlim dəyişikliyinə qarşı təsirli addımların atılmasında görürlər.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Hazırda dünyada qlobal problemlər həm miqyası, həm də xüsusiyyətləri ilə əvvəlki dövrlərdən fərqlənir
Müasir dövrdə qlobal problemlər bəşəriyyətin rifahı və təhlükəsizliyi üçün böyük təhdidlər yaradır. Onların həlli beynəlxalq miqyasda birgə fəaliyyətin göstərilməsini tələb edir. Yaşadığımız dünya sülhə və qlobal təhlükəsizliyə təsir göstərən çoxsaylı təhdidlərlə üzləşir. Qlobal problemlər yalnız ölkələrin daxili siyasətinə deyil, eyni zamanda beynəlxalq münasibətlərə və planetin ümumi rifahına təsir edir.
Qlobal problemlərin, xüsusilə onun tərkib hissələrindən biri olan iqlim dəyişikliyinin qarşısının alınmasında yaxından iştirakının nəticəsidir ki, Azərbaycan Respublikası 200 ölkənin yekdil qərarı ilə COP29 kimi mötəbər tədbirə evsahibliyi edir. Tədbirdə 196 ölkədən 80 prezident, vitse-prezident və baş nazirin olduğu 72 min nəfərin iştirakı COP29-a beynəlxalq səviyyədə yüksək diqqət göstərildiyini sübut edir. Məlumdur ki, COP29-un Azərbaycanda keçirilməsi qərarının verilməsindən sonra bəzi Qərb dairələri ölkəmizi müxtəlif bəhanələr gətirməklə hədəf seçərək qarayaxma kampaniyası aparmağa çalışırdılar. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında dediyi kimi, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Lakin COP29-un keçirilməsi ilə anti-Azərbaycan dairələrin qərəzli niyyətləri baş tutmadı, bir daha aydın oldu ki, xarici müdaxilələrlə ölkəmizi qarşısına qoyduğu aydın və prinsipial hədəflərindən yayındırmaq mümkün deyil. Eyni zamanda COP29-da çoxsaylı dövlət və hökumət başçılarının, KİV və QHT nümayəndələrinin çıxışlarında və müsahibələrində iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyə və tədbirin yüksək səviyyədə təşkilatçılığına görə Azərbaycana təşəkkür etmələri ölkəmizə qarşı qeyri-obyektiv mövqedən yanaşan dairələrə tutarlı cavabdır.
Hazırda dünyada qlobal problemlər həm miqyası, həm də xüsusiyyətləri ilə əvvəlki dövrlərdən fərqlənir. XX əsrlə müqayisədə bu problemlər daha mürəkkəbləşmiş və onların həllinə dair yeni yanaşmalar meydana gəlmişdir. Ötən əsrdə qlobal problemlər əsasən siyasi münaqişələr, nüvə silahlarının yayılması və iqtisadi böhranlarla bağlı olmuşdursa, müasir dövrdə onların sırasına iqlim dəyişikliyi, qlobal istiləşmə, bioloji müxtəlifliyin azalması, kiberhücumlar və pandemiyalar kimi müxtəlif təhdidlər daxildir. Əvvəlki dövrlərdə texnologiyalar inkişaf etsə də, bu daha çox sənayenin və hərbi sahənin inkişafına istiqamətlənmişdi. İnternet və rəqəmsal texnologiyaların kütləvi istifadəsi hələ mövcud deyildi, buna görə qlobal problemlərin beynəlxalq səviyyədə həlli zərurəti indiki kimi xüsusi aktuallıq daşımırdı. Müasir qlobal çağırışlar dünya birliyi üçün ortaq çətinliklər və məsuliyyətlər yaradır. Dövlətlərarası qarşılıqlı əməkdaşlığın mövcud olması, inteqrasiya olunmuş çoxşaxəli yanaşmalar, uzunmüddətli strategiyaların həyata keçirilməsi qlobal problemlərin səmərəli həll yollarının tapılması üçün mühüm əhəmiyyət kəsb edir.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc