Mühüm geosiyasi amil.
Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistana sığınıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb.
Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ulu Öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. 1970-ci ildə o vaxt Azərbaycana rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevlə Özbəkistanın rəhbəri Şərəf Rəşidov arasında yaranmış dostluq münasibətləri iki ölkə arasındakı əlaqələrin bugünkü inkişafının əsası olub. Ümummilli lider Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.
Ölkələrimizin tarixində oxşar faciələr də var. Ötən əsrin əvvəllərində həm azərbaycanlılar, həm də özbəklər erməni vəhşiliyinin qurbanı olublar. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə “Daşnaksütyun” partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib, nəticədə 35 min insan öldürülüb. Təkcə üç gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin vəhşicəsinə qətlə yetirilib.
Ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələr mövcud olub. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr daha da inkişaf edib. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan mahnıları Özbəkistanda olduqca məşhurdur. Özbəkistanda yaşayan bir sıra azərbaycanlılar bu ölkənin elminə və mədəniyyətinə töhfələrini verməkdə davam edirlər. Təsadüfi deyil ki, 2022-ci ilin avqust 30-da mədəni əlaqələrin inkişafında xidmətlərinə görə məşhur Azərbaycan əsilli özbək müğənnisi Nəsibə Abdullayeva Azərbaycanın “Xalq artisti” fəxri adı, eləcə də Haşimjon İsmayılov, Əli Heydər Nəsirli və Kamoliddin Urinbayevə “Dostluq” ordeni verilib. Habelə Özbəkistan Prezidentinin müvafiq Sərəncamı ilə Gülyanaq Məmmədova Özbəkistanın “Xalq artisti” fəxri adı, Şahin Mustafayev, Ramiz Əskərov və Almas Binnətova isə “Dostlik” ordeni təltif ediliblər.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri
Qardaş dəstəyi.
Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir.
Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.
Azərbaycan və Özbəkistan tarixi müstəqilliklərinə qovuşduqdan sonra ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başlayıb. Xatırladaq ki, hazırda respublikamız keçmiş sovet müttəfiqi və indiki strateji tərəfdaşı olan dost və qardaş Özbəkistanla qarşılıqlı fəaliyyətdə, eləcə də bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir. Məhz bunun nəticəsidir ki, son illər ölkələrimiz arasında münasibətlər özünün ən yüksək inkişaf səviyyəsinə yüksəlib.
Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin son illərdəki qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsini daha da sürətləndirib. Bu səfərlər çərçivəsində dövlət başçılarının dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşləri ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafını, əmtəə dövriyyəsinin artmasını, nəqliyyat və energetika sahələrində əməkdaşlığın yeni mərhələyə daxil olmasını şərtləndirib.
Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış beynəlxalq miqyaslı sənədlər, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir
Gülər Ağayeva – Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri
Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib
Azərbaycan ilə Özbəkistan arasında siyasi münasibətlər, əvvəldə də qeyd edildiyi kimi, özünün qızıl dövrünü yaşayır, ölkələrimiz istisnasız olaraq bütün platformalarda vahid mövqedən çıxış etməkdədir
Azərbaycan və Özbəkistan münasibətlərində daha çox diqqətçəkən məqamlardan biri Qarabağ münaqişəsinin həllində respublikamızın ədalətli mövqeyini dost ölkənin hər zaman dəstəkləməsi olub. Belə ki, Özbəkistan dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı mövqeyini qətiyyətlə dəstəkləyib. Vətən müharibəsindən sonra isə qardaş Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızın bərpa-quruculuq prosesinə fəal qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda bu ölkənin vəsaiti hesabına inşa olunmuş məktəb qardaş özbək xalqının hədiyyəsi kimi yüksək dəyərləndirilib.
Azərbaycan-Özbəkistan əlaqələri özündə həm də regional aspektləri əks etdirir. Bu kontekstdə xüsusi olaraq nəqliyyat-tranzit marşrutları diqqət çəkir. İki ölkənin razılaşdırdığı layihələr paralel şəkildə həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionu üçün geniş imkanlar açır. Məhz bu səbəbdən budəfəki Daşkənd görüşündə prezidentlərin müzakirə etdiyi məsələlərdən biri də nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən Trans-Xəzər dəhlizinin inkişafı üçün birgə səylərin artırılmasının davam etdirilməsi, regionlararası əlaqələrin potensialından maksimum istifadə olunması, eləcə də kooperasiya üzrə yol xəritəsini qəbul etmək oldu.
Dövlət başçılarının müzakirə etdiyi məsələlər arasında bir layihəni Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında xüsusi vurğuladı. Bu, işğaldan azad edilmiş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. “Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir” – deyən cənab İlham Əliyev daha sonra bildirdi: “Biz həmişə – istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir. Bütün bu sadalananlar hər iki ölkə arasında müsbət inkişafın təzahürüdür.
Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri
Münbit investisiya mühiti
Azərbaycan və Özbəkistan son illərdə iqtisadi əməkdaşlıqda böyük irəliləyiş əldə edib. Belə ki, ötən 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Son illərdə sahədə artım 20 faiz olub. Hər iki dövlət qarşılıqlı ticarəti 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyib. Əməkdaşlığın əsas sahələrinə enerji, tekstil, kənd təsərrüfatı və şəhərsalma daxildir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri nəticəsində liderlərin birgə İnvestisiya Fondu kapitalının artırılacağı ilə bağlı bəyanatları, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024–2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nın (“Yol xəritəsi”) imzalanması bu sahədə irimiqyaslı layihələrin icrasına zəmin yaradacaq.
Qeyd etmək lazımdır ki, hər iki ölkə arasında ticarət dövriyyəsi də davamlı yüksəlir. Belə ki, bu sahənin inkişafını ifadə edən göstərici 2019-cu ildə 82 milyon ABŞ dolları olmuşdusa, 2022-ci ilə qədər 183 milyon ABŞ dollarına çataraq təxminən 124 faiz artım qeydə alınıb. Ticarət əlaqələrinin genişlənməsinə 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşündə Özbəkistanın şuraya tam üzv kimi qoşulması mühüm təsir göstərib.
İdxalın əhəmiyyətli dərəcədə artımı, əsasən, sənaye məhsulları, avadanlıqlar, avtomobil və tikinti materialları kimi sahələrə aiddir. İxrac isə daha çox kənd təsərrüfatı, neft və neft-kimya sənayesinə aid məhsullar, eləcə də metal məmulatlarını əhatə edir.
Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şurasının I iclasında strateji əməkdaşlığı daha da gücləndirmək məqsədilə mühüm qərarlar qəbul edilib. Hər iki ölkənin liderləri arasında “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin” imzalanması tarixi əhəmiyyətə daşıyır. “SOCAR” və “Uzbekneftqaz” şirkətləri arasında imzalanan sənədlər enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək. Bununla yanaşı, turizm sahəsində 2024–2026 illər üzrə fəaliyyət planı, mədəni əməkdaşlıq üzrə yol xəritəsi, təhsil və elm, ədliyyə, əmək fəaliyyəti, ticarət və iqtisadiyyat, regional əməkdaşlığa dair razılaşmalar nəticəyönümlü layihələri hədəfləyir.
Hər iki ölkə arasında biznes müqavilələrinin imzalanması, ticarət və investisiya layihələri üzrə əhəmiyyətli anlaşmaların əldə olunması ticarət dövriyyəsinin artmasına böyük töhfə verəcək. Bu addımlar regional inteqrasiyanı gücləndirəcək və dövlətlərin iqtisadi maraqlarını dəstəkləyəcək. Azərbaycanın işğaldan azad olunan Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılmasının qərara alınması isə özbək xalqının qardaş dəstəyinin ifadəsi kimi mühüm önəm daşıyacaq.
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri