image-qanunla-reklam
image-kid3-735x400

Mülki əhaliyə qarşı vəhşicəsinə törədilmiş cinayətlər

image-lady-day-az

Mülki əhaliyə qarşı vəhşicəsinə törədilmiş cinayətlər.

Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti 1988-1994-cü illər ərzində daha da kəskinləşmiş və xalqımıza qarşı insanlıq tarixinə sığmayacaq formada hərbi cinayətlər törədilib.

30 ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır.  Ermənilərin törətmiş olduqları bu cinayətlər bir daha sübut edir ki, terrorçuluq bunların dövlət siyasətidir. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət də Ermənistanın bu cinayətlərini görməzdən gəlir. Heç bir təzyiq və təsirlərin olmaması isə sanki Ermənistanı növbəti cinayətlərə sövq edir. Azərbaycan xalqına qarşı törədilmiş bütün qanlı cinayətlər həm də Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozmasının göstəricilərdir.

Xocalı faciəsi nəinki Azərbaycanın, bütün bəşəriyyətin tarixində qanlı səhifədir. 1992-ci il fevralın 26-na keçən gecə törədilmiş cinayət bütün bəşəriyyətə qarşı yönəlmiş əməldir. Xocalı faciəsinə müxtəlif aspektlərdən yanaşmaq olar. Bu hadisə, ilk növbədə, Azərbaycan xalqına qarşı soyqırımı aktıdır. Mövcud faktlara beynəlxalq hüquq prizmasından nəzər salsaq, yəqin edərik ki, bu hadisələri törədənlərin niyyəti Azərbaycan xalqını məqsədyönlü şəkildə məhv etməkdən ibarət olub. Lakin Xocalı faciəsinə daha bir müstəvidə nəzər salmaq olar. Mübaliğəsiz deyə bilərik ki, Xocalı soyqırımı XX əsrin ən iri terror aktlarından biri olub. Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. Bu cinayətlərin törədilməsinə görə Ermənistan tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyət daşıyır.

İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.  Əlləri Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu İkinci Qarabağ müharibəsi zamanı məhv edildi. Beləliklə, qisas qiyamətə qalmadı. Şübhəsiz ki, qalib və güclü – qüdrətli Azərbaycan dövləti Xocalı soyqırımının sifarişçilərinin və icraçılarının ədalət mühakiməsinə cəlb olunmasına, bu qatillər və canilərin qanun qarşısında cavab vermələrinə – layiqincə cəzalandırılmalarına nail olacaq! Vətən müharibəsi nəticəsində əldə edilən şanlı Zəfər Xocalı və bu kimi bir çox qətliamlara məruz qalan xalqımızın ürəyinə bir növ su səpdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq bir daha bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.

Ötən əsrdə baş vermiş qəddar cinayətlərdən biri xalqımızın taleyinə qara hərflərlə yazılan – Xocalı faciəsidir. Elan edilməmiş Birinci Qarabağ müharibəsinin ən acı nəticəsi məhz bu hadisə hesab edilir. O gün baş verənləri düşünmək belə insanı dəhşətə gətirir.

Artıq faciənin 33-cü ildönümünü yaşayırıq. İllər ərzində Xocalı faciəsi, həmin gecə baş verən dəhşətlər barədə çox eşidib, çox oxumuşuq. Qalib ölkənin vətəndaşı olaraq vəzifəmiz keçmişi unutmamaq və həqiqətləri bütün dünyaya bəyan etməkdir. Gələcək nəsillər mənfur düşmənin hiyləsindən xəbərdar olmalı, qətiyyən bu hiyləgər xalqa aldanmamalıdır. Təkcə xalqımıza qarşı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət olan Xocalı soyqırımının ildönümü Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd edilir. Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. Fəryadı səmaya yüksələn günahsız soydaşlarımızın qisasını igidlərimizin sayəsində aldıq. 44 gün davam edən Vətən müharibəsində XXI əsrin müharibəsinin döyüş taktika və strategiyasını çaldığı zəfərlə nümayiş etdirən  Azərbaycan Ordusu  havadarları hesabına  Xocalıda qətliam törədən erməni vəhşilərini it kimi  qovdu. İkinci  Qarabağ döyüşlərində Azərbaycan Ordusunun düşmənə vurduğu ağır  zərbələr haqqın, ədalətin təntənəsi idi.

Xocalı şəhəri də 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən şəhərlərimizdən idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması, bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

Soyqırımı Günü” haqqında qərar.

Əsrin əvvəllərindən başlayaraq Azərbaycan türklərinə qarşı törədilmiş soyqırımı hadisələri əsrin sonlarına doğru daha da gücləndi. Ermənilər əsrlər boyu Azərbaycanın ərazi bütövlüyünə, dininə, dilinə, mədəniyyətinə qarşı təcavüzkar siyasət yürüdüb. Lakin biz xalq olaraq heç vaxt öz müstəqilliyimizdən, mədəniyyətimizdən, dinimizdən, dilimizdən yan keçmədik. Çünki bizim dərin köklərə malik dövlətçilik adət-ənənəmiz var! Xocalı soyqırımı qan yaddaşımızdır!

Birinci Qarabağ müharibəsi dövründə ermənilərin əsas hədəf nöqtəsi məhz Xocalı şəhəri idi. Bu, heç də təsadüfi deyildi. Xocalı şəhərini hədəfə almaqla bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən Xocalı şəhər mədəniyyətini yer üzündən birdəfəlik silmək idi. Eyni zamanda, onlar bu soyqırımını həyata keçirməklə xalqın müstəqillik əzmini qırmağa çalışırdılar.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da quru yolun əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq helikopter əlaqəsi qalmışdı. Xocalıya sonuncu helikopter 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki helikopterin vurulmasından və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. 1992-ci il fevralın 26-da erməni qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyilə Xocalıya hücum etdi. Həmçinin yanğınlar törədilmiş və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdü. Belə bir vəziyyətdə erməni mühasirəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqda azərbaycanlılar məskunlaşan Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Hava limanının enmə zolağı qəsdən məhv edilərək yararsız hala salınmışdı. Ağdam rayonuna qaçan əhali yaxın ərazidə gülləyə tutuldu və nəticədə çoxlu sayda insan həlak oldu. Bu soyqırımı nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi böyük tədbirlər nəticəsində, 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən və dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyətdən erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Ulu Öndər martın 1-də Xocalı soyqırımı qurbanlarının ailələrinə müraciət edərək bu hadisəni, eyni zamanda, bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi cinayət kimi səciyyələndirdi. Ümummilli Liderimizin 1997-ci il fevralın 25-də imzaladığı Sərəncama əsasən hər il fevralın 26-sı ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.

Bu dəhşətli soyqırımın, cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur.

Ermənilərin növbəti təxribatının qarşısını almaq məqsədilə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 27 sentyabr tarixində əks hücum əməliyyatına başlamaq əmrini verdi. Rəşadətli Azərbaycan ordusu düşməni qısa müddətdə ağır məğlubiyyətə uğradaraq, torpaqlarımızı işğaldan azad etdi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki