image-qanunla-reklam
image-6b5839c4-ac0e-4e7e-bd1d-ca82efd29481

MÜSTƏQİL DÖVLƏTİMİZİN VƏ DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİMİZİN RƏMZİ

image-lady-day-az

Hər bir xalqın ən müqəddəs neməti olan müstəqilliyinin real mahiyyəti və məzmunu dövlət rəmzlərində əksini tapır. Hələ minilliklər bundan əvvəl dünyada təşəkkül tapmağa başlayan ilk dövlətlər öz xalqlarının ibtidai dünyagörüşü əsasında dövlət rəmzlərini formalaşdırmağa çalışıblar. Bəşər övladı ən ağır müharibələrdən, çətin mücadilələrdən sonra ucaltdığı bayrağa həm də qalibiyyət simvolu kimi yanaşıb. Bayrağı öz şərəfi, ləyaqəti kimi qoruyaraq daim uca tutub.
Azərbaycan bayrağı xalqımızın dilini, dinini, milliyyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini və s. amilləri özündə ehtiva edən çalarlardır.
Cəmi 23 ay müstəqil olan Azərbaycan Xalq Cümhuriyyətindən müasir dövrümüzə bir sıra nümunələr yadigar qalıb. Onlardan da biri Azərbaycan Respublikasının dövlət bayrağıdır. “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək, hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, – deyən Ulu Öndər öz tövsiyələrində insanlara bayraq sevgisi aşılayırdı.
Ümummilli Liderimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması, “Dövlət Bayrağı Günü”nün təsis edilməsi, hər il bu günün təntənəli şəkildə qeyd olunması keçmişimizə, milli dəyərlərimizə yüksək ehtiramın təzahürüdür. Bu tarixi addımların atılmasında əsas məqsəd ölkə vətəndaşlarının həmrəyliyini, vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyini təmin etməkdir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində də belə addımların dəyəri böyükdür.
Azərbaycanın üçrəngli Dövlət bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlərlə yanaşı, kütləvi-mədəni tədbirlərdə, idman yarışlarında qaldırılaraq birliyi, həmrəyliyi təcəssüm etdirir. İdmançılarımızın müxtəlif ölkələrdə hər qələbəsi şərəfinə ucaldılan bayraq hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissi doğurur.
Elçin Hüseynov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki