Müstəqillik yollunun əsası
Hər bir xalqın, millətin mədəni yüksəlişində, dövlətinin möhkəmlənməsində onun böyük şəxsiyyətləri mühüm rol oynayır. XX əsrin ən böyük siyasətçilərindən biri, dünya azərbaycanlılarının lideri, xalqımızın böyük oğlu Heydər Əliyev qeyri-adi zəkaya, təfəkkürə, qabiliyyətə, bacarığa malik dahi şəxsiyyət, eyni zamanda müasir Azərbaycanın qurucusu, onun hər qarış torpağı uğrunda canını əsirgəməyən yenilməz Ali Baş Komandanı idi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin sədri seçilməsi ilə Azərbaycanın müstəqillik yollunun əsası qoyuldu. Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var idi. Xalq məhz onu özünə rəhbər seçdi. Bu, demokratiyanın əsl təntənəsi idi. Azərbaycan hakimiyyəti həm kommunist, həm “demokrat” hakimiyyəti hər vəchlə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan demək olar ki, blokadada olurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər, sanki, istəyirdilər ki, Naxçıvan da işğala düşsün. Ancaq xalq buna imkan vermədi, öz Lideri ətrafında sıx birləşmişdi.
Məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan erməni işğalına məruz qalmadı.
Heydər Əliyevin bu ağır zamanlarda xalqının imdadına yetişməsi isə həm daxili, həm də xarici düşmənləri ciddi təşvişə salmışdı. Yad ünsürlərin sayəsində Naxçıvana təzyiqlər get-gedə güclənir, respublika hərtərəfli blokada vəziyyətinə salınırdı. Bakı ilə əlaqə isə demək olar ki, kəsilmişdi. Lakin Heydər Əliyev mövcud problemləri öz qətiyyəti, əqli, zəkası ilə yoluna qoyur, xalqının nicatı üçün yorulmadan, usanmadan çalışırdı.
Ümummilli lider Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrlərdə – 1990-1993-cü illərdə muxtar respublikanı düşdüyü ağır vəziyyətdən, böhranlı günlərdən xilas etdi. Xalqını əsl nicat yoluna çıxararaq onun hərtərəfli yüksəlişinə nail oldu. Ulu öndərin Naxçıvanın bu günü və gələcəyi üçün gördüyü ən böyük işlərdən biri isə bu qədim diyarın muxtariyyətinin qorunub saxlanılması oldu. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirdi.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan MSSR adından Sovet Sosialist sözləri çıxarılmışdır. Sovet İttifaqının və sonra Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Ümummilli lider Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır.
Emin Musayev – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi
Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası bir çox çətinliklər ilə üz-üzə qalmışdır.
XX əsrin 90-cı illərində Azərbaycanda vəziyyət olduqca gərgin idi. Ölkədə siyasi pərakəndəlik baş alıb gedirdi. Xalq Ümummilli Lider Heydər Əliyevin ideyalarının altında birləşmək istəyirdi, lakin siyasi qüvvələr buna yol vermirdilər.
1990-cı ilin iyul ayında Ulu Öndər Moskvadan Bakıya gəlmiş, ancaq ovaxtkı Azərbaycan rəhbərliyi buna imkan verməmişdir. Bu səbəbdən də Ulu Öndər Naxçıvana getmiş və orada yaşamağa başlamışdır. Ulu Öndər Heydər Əliyev Naxçıvanı böyük çətinliklədə olsa işğaldan qorudu. Naxçıvanda ağır günlər davam edirdi, Naxçıvan tam blokada şəraitində idi. Naxçıvanın, ümumiyyətlə, gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Naxçıvanın sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Muxtar Respublikanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Ulu Öndər Naxçıvanı inkişaf etdirdi. Ümummilli Lider Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti vardı. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı. Azərbaycanda hakimiyyətdə olan qüvvələr hər şəkildə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşsın. Naxçıvan blokadada boğulurdu, xain qüvvələr isə Naxçıvana qarşı təxribatlar törədir, desant göndərir, çevrilişə cəhd edirdilər. Onlar Naxçıvanın işğal altına düşməsini istəyirdilər. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşdi.
Müstəqilliyə gedən yol məhz Naxçıvandan başlamışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan uzaqlaşdırıldı. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxdı. Bu Naxçıvanın uğuru idi.Ümummilli Lider Heydər Əliyevin qətiyyətli tədbirləri, yolundan dönməzliyi nəticəsində Naxçıvan işğal qorxusundan azad oldu.
Turanə Həsənli – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi
Xalqın rifahı naminə misilsiz fəaliyyət.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü.
Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən Ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.
Azərbaycan xalqının tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Bu, həm də xilaskarlıq missiyası idi.
Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”. O bu çətinliyi hər kəsdən daha aydın görürdü. Dünyanın siyasi xəritəsindən silinmək üzrə olan Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması üçün bütün imkanlardan istifadə etdi. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Onun respublikamıza rəhbərliyi ilə ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin formalaşması üçün geniş imkanlar yarandı.
Rasif Qaçayev – Zərdab rayonu Gəlmə kənd tam orta məktəbinin direktoru
Davamlı uğurların qapısını açmış müstəqillik tariximizin parlaq səhifələri.
Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıb.
90-ci illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, yenicə müstəqilliyinə qovuşmuş ölkənin gələcəyi üçün təhlükə törədirdi. Məhz belə bir vaxtda Ümummilli lider Heydər Əliyev respublikanı müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı və qurucusu kimi daxil olmuşdur. Qısa bir müddət ərzində həyata keçirilmiş islahatlar, dövlət müstəqilliyinin qorunub saxlanılması üçün atılmış addımlar, dünyanın və Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələrin qurulması və əməkdaşlığın uğurla davam etdirilməsi ölkəmizin inkişafı istiqamətində mühüm rol oynamışdır.
Bu gün ölkəmiz Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Cənab Prezident tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü daxili və xarici siyasət, ordu quruculuğu sahəsində görülmüş işlər, vətənpərvər gənc nəslin yetişməsi yönündə həyata keçirilmiş tədbirlər Vətən müharibəsində ölkəmizin qələbəsinin təmin olunmasında mühüm rol oynadı. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin, cənab Prezident tərəfindən davamlı şəkildə inkişaf etdirilməsi, gənclərin daim diqqət mərkəzində saxlanılması haqq savaşımızda xüsusi şücaət göstərən gənclərə aşılanmış hərbi vətənpərvərlik sevgisinin təsdiqidir.
Ümummilli lider Heydər Əliyev qeyd etmişdir ki, “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir.”
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq bu fikirlər reallığa çevrilmişdir.
Lamiyə Abdullazadə – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin müəllimi