Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 33 il ötür. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, 155 nəfərin taleyi isə hələ də məlum deyil. Təkcə xalqımıza qarşı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət olan Xocalı soyqırımının ildönümü Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd edilir.
Artıq faciənin 33-cü ildönümünü yaşayırıq. İllər ərzində Xocalı faciəsi, həmin gecə baş verən dəhşətlər barədə çox eşidib, çox oxumuşuq. Qalib ölkənin vətəndaşı olaraq vəzifəmiz keçmişi unutmamaq və həqiqətləri bütün dünyaya bəyan etməkdir. Gələcək nəsillər mənfur düşmənin hiyləsindən xəbərdar olmalı, qətiyyən bu hiyləgər xalqa aldanmamalıdır. Fəryadı səmaya yüksələn günahsız soydaşlarımızın qisasını igidlərimizin sayəsində aldıq. 44 gün davam edən Vətən müharibəsində XXI əsrin müharibəsinin döyüş taktika və strategiyasını çaldığı zəfərlə nümayiş etdirən Azərbaycan Ordusu havadarları hesabına Xocalıda qətliam törədən erməni vəhşilərini it kimi qovdu. Bir gündə Xocalını qana boyayan, şəhəri yandırıb külə döndərən erməni vəhşiləri Ali Baş Komandan cənab İlham Əliyevin bu sözlərini heç vaxt unutmayacaqlar: “…44 günlük müharibənin hər bir günü zəfər günü idi. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir.”
Vətən müharibəsindən ötən dövr ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi. Düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı.
Beləliklə, 2023-cü il sentyabrın iyirmisində 24 saatdan da az müddətdə yekunlaşan lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular. Xocalı şəhəri də 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən şəhərlərimizdən idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması, bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru-Nailə Əliyeva
Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması
Xocalı qətliamından 33 il keçir. Lakin illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər. 33 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır.
Hər il xalqımız Xocalı soyqırımını böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxuyur. Bu il soyqırımının ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki 33 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşub. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. 200 ildən artıq müddətdə xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qisası alındı. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun parlaq Zəfəri ilə başa çatdı. Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla yanaşı, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verəcəkləri inamını daha da artırdı.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Xocalılar bu amansız soyqırımı günündə azərbaycanlıya xas olan mərdlik, igidlik nümayiş etdirmiş, özlərini əsl qəhrəman kimi apararaq erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə son nəfəslərinə qədər vuruşmuş, düşmən qarşısında əyilməmişlər.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılığı Azərbaycan həqiqətlərinin, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür.
Vətən müharibəsinin gedişatında işğaıçı Ermənistan ordusu öz vəhşiliyini bir daha sübut etdi və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı yenidən qəddarlıq, amansızlıq nümayiş etdirdi. Gəncəni, Bərdəni, Naftalanı. Tərtəri, Mingəçeviri, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alaraq, bir daha sübut etdi ki, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Bütün bu vəhşiliklərə baxmayaraq, rəşadətli Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi və düşmən üzərində parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalıların, eləcə də, bütün şəhidlərimizin qisası alındı.
Zərdab rayon Qoruqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Əliheydər Abbasov