“Biz regional bazarlarımızı daha cəlbedici etməliyik”.
Bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.
“Üç ölkə arasında geniş iqtisadi əlaqələr var. Hər üç ölkədə bizneslərin hökumətərlə çox yaxşı əlaqəsi var. Biz koronavirus (COVID-19) pandemiyasının biznesə təsirini azaltmaq üçün bir sıra addımlar atdıq. Bu addımlara əsasən bəzi vergilərin alınmasını təxirə salmaq, ortaq biznes layihələrini dəstəkləmək, yeni maliyyələşmə və kredit imkanları yaratmaq, həmçinin yeni ipoteka imkanları yaratmaq, bundan əlavə turizm və bu kimi həssas sahələrə müəyyən güzəştlər etmək daxildir. Məhz bu addımlar nəticəsində biz 2021-ci ildə ikirəqəmli inkişafa nail olmuşuq. Bildiyim qədəri ilə Azərbaycan və Türkiyə də oxşar addımları atıb. Son 10 ayın rəqəmlərinə əsasən deyə bilərəm ki, Türkiyə Gürcüstanın 1-ci, Azərbaycan isə 4-cü böyük ticarət tərəfdaşıdır. Hazırda bizim ölkədə Azərbaycan və Türkiyə investisiyalı 1 000-dən artıq şirkət fəaliyyət göstərir”.
Gürcü nazir iş adamlarını ölkəsinə investisiya yatırmağa çağırıb: “Ölkəmizdə iqtisadi sabitlik mövcuddur. Bunu biz deyil, 3 ən böyük reytinq agentliyi açıqlayıb. Onu da qeyd edim ki, son 5 ilin ən yüksək inkişafını gözləyirik. Bu il və gələn il üçün bu rəqəmin 6% olacağı proqnozlaşdırılır. Dünya Bankının “Doing Business” reytinqində ölkəmiz 7-ci yerdədir. Bu da iş adamlarına yaradılan şəraiti göstərir. Biz investorlara torpaq sahələrini simvolik qiymətə veririk, həmçinin xarici ölkə sərmayədarları üçün qrant proqramlarımız var”.