Neymar Fransa PSJ-si ilə müqavilə müddətinin uzadılması ilə bağlı danışıqları dayandırıb.
“Report”un “Mundo Deportivo” nəşrinə istinadən məlumatına görə, braziliyalı hücumçu İspaniya “Barselona”sına qayıtmaq istədiyi üçün bu addımı atıb. Bildirilir ki, Kataloniya təmsilçisi də 29 yaşlı forvardı yenidən heyətinə qatmağın əleyhinə deyil.
Təcrübəli oyunçunun Paris təmsilçisi ilə sözləşməsi 2022-ci ilin yayında başa çatacaq. Bu səbəbdən, qarşıdakı transfer pəncərəsi PSJ-nin Neymarın satışından pul qazana bilməsi üçün son şansdır. Əks halda, o, komandanı azad agent kimi tərk edəcək.
Ulduz futbolçu hələ ötən ay PSJ ilə müqavilə müddətinin 2026-cı ilədək uzadılması ilə bağlı klub rəhbərliyi ilə ilkin razılıq əldə edib.
Qeyd edək ki, Neymar artıq bir neçə dəfə “Barselona”ya dönmək istəyini dilə gətirib. Amma sonradan danışıqlar dayandırılıb. “Sambaçı” bu mövsüm PSJ-nin heyətində keçirdiyi 21 oyunda 13 qol vurub, 2 məhsuldar ötürmə edib.
Neymar PSJ-yə 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya “Barselona”sından keçib.