Novruz bayramı Azərbaycan xalqının milli mədəniyyətində sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin nümunəsidir
Novruz Bayramı yazın gəlişini qeyd edən, çoxsaylı ölkələrdə və mədəniyyətlərdə qeyd edilən ən qədim və ən əhəmiyyətli bayramlardan biridir. Bu bayramın tarixi 3000 ildən çoxdur. Novruz Bayramı, eyni zamanda yeni ilin başlanğıcı olaraq qəbul edilir və təbiətin canlanması, həyatın yenilənməsi simvoludur.
Bayramın simvolları arasında təbiətin, torpağın və insanların yenilənməsini simvolizə edən çoxsaylı adətlər və mərasimlər yer alır. Bu bayram, həmçinin insanlar arasında birliyi, dostluğu və ailə dəyərlərini gücləndirir və ətraf mühitə olan hörməti artırır. Azərbaycanda hər il bu bayram çox coşqun şəkildə qeyd edilir və bütün ölkə boyu müxtəlif tədbirlər, konsert proqramları və şənliklər təşkil olunur.
Novruz bayramı Azərbaycan xalqının milli mədəniyyətində sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Bu bayram təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Hələ 2000-ci ilin 21 mart tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən çıxışında qeyd etmişdir ki, “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.
Həmçinin 21 mart 1996-cı ildə Ümummilli Lider Heydər Əliyev Gənclər Meydanında keçirilən Novruz şənliyi zamanı çıxışnda bildirmişdir ki, “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik.”
Ulu Öndərin uzaqgörən siyasətinin və siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev atasının arzularını reallaşdıraraq, uzun illər işğal altında olan torpaqlarımızın azad edilməsinə, ərazi bütövlüyümüzün təmin edilməsinə və müstəqil Azərbaycanın daha da inkişaf etməsinə və çiçəklənməsinə nail oldu.
Bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi doğma torpaqlarımızda da Novruz bayramı möhtəşəm şəkildə qeyd edilir. Həmçinin Prezident İlham Əliyev uzun illərdir öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın bu gün ata-baba torpaqlarında Novruz bayramını qeyd etməsi üçün çox geniş və lazımi şərait yaratmışdır. Bu gün Şuşada, Cıdır düzündə, Xankəndində və digər işğaldan azad olunmuş ərazilərimizdə Novruz bayramı xalqımız tərəfindən yüksək səviyyədə və sevinc dolu hisslərlə qeyd edilir. Artıq bu il beşinci dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. Bütün bu uğurlu və sevincli hadisələrin yaşanması Ölkə Başçısının dəstəyi ilə qürurlu Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı qazandığı qələbənin nəticəsidir. Bunun nəticəsi olaraq da, bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdıblar.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Novruzun mahiyyəti ilə bağlı fərqli yanaşmalar mövcuddur
Hər il yaz fəslinin gəlməsi ilə əlaqədar, o cümlədən Novruz bayramı ərəfəsində ölkəmizdə müxtəlif mədəni tədbirlər həyata keçirilir ki, bunlardan biri də ağacəkmə kampaniyasıdır. Bu kampaniya ilk dəfə 2007-ci ildə Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır.
Novruz bayramı qədim türk xalqlarının inancları və həyat tərzi ilə sıx bağlı olan gözəl bir bayramdır. Türklərin köçəri və təbiətlə vəhdətdə yaşayan toplumlar kimi, baharın gəlişini yeni həyatın başlanğıcı kimi qeyd etmələri bu bayramın əsas mahiyyətini təşkil edir. Qədim türklər Novruzu Tanrıçılıq inancına əsaslanaraq təbiətin yenidən doğuluşu, günəşin gücünün artması və həyatın yenilənməsi ilə əlaqələndirirdilər. Göytürklər dövründə Novruz əsas bayramlardan biri sayılırdı. Ergenekon dastanına görə, uzun illər dar bir vadidə məskunlaşan türklər baharın gəlişi ilə birlikdə dəmir dağın əridilməsi nəticəsində azadlığa çıxmış və yeni bir həyat başlamışdır. Bu mifoloji hadisə Novruzun türklər üçün azadlıq, dirçəliş və birlik rəmzi olduğunu göstərir. Bundan əlavə, Orta Asiya türk xalqlarında Novruz ayinləri qədimdən bəri mövcuddur. Qədim türklər üçün Günəş və Ay xüsusi əhəmiyyət kəsb edirdi və baharın gəlişi ilə Günəşin qələbəsi simvolik olaraq qeyd olunurdu. Novruzun əsas atributlarından biri olan tonqal da məhz bu inancdan qaynaqlanır. O, Günəşin və işığın rəmzi kimi qəbul edilirdi. Bu faktlar göstərir ki, Novruz bayramının kökləri türklərin qədim inancları və mifologiyası ilə bağlıdır və bu bayram onların mədəni irsinin ayrılmaz bir hissəsidir.
Novruzun mahiyyəti ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bəzi alimlər onu qədim türk inancları ilə, bəzi folklorçular və etnoqraflar isə ümumiyyətlə, bəşəriyyətin kollektiv mədəni yaddaşı ilə əlaqələndirirlər.
Türk mifologiyası baxımından Novruz Göytürklərin Ergenekondan çıxışı ilə əlaqələndirilir. Dastanlara görə, uzun illər dar bir vadidə qalan türk tayfaları bahar aylarında bu ərazidən çıxmış və yeni bir başlanğıc əldə etmişlər.
İslam sonrası dövrdə dinimizin yayılması ilə Novruz yeni dini elementlərlə zənginləşmişdir. Xüsusilə, sufi təsəvvüfündə Novruz kainatın yenilənməsi, ilahi təcəlli və insanın mənəvi oyanışı kimi yozulurdu. Azərbaycan və Anadolu bölgələrində Novruzun müqəddəs günlərdən biri hesab edilməsi və dini ayinlərlə müşayiət olunması buna misaldır.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc