Novruz bayramı yazın gəlişini, təbiətin oyanışını simvolizə edən qədim və sevilən bayramlardan biridir
Bayramlar içində bir bayram var: Ən əziz,ən doğma, ən sevimli bir bayram-Novruz bayramı! Novruz “təzə il”deməkdir,baharın ilk günüdür.Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruz gəlişi ilə hər evə,ailəyə yeni büsat,şadlıq gətirir. Novruz Yeni il bayramıdır.Farsca adı Yeni gün deməkdir.Bu gün hər il eyni vaxtda –martın 20-də və ya 21-də Yaz Günəş qarşıdurması günündə qeyd olunur. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir.Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla –Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır,onun yaşını ən azı 3700,ən çoxu 5000 ilə bərabər edirlər.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu,çünki hökümət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər.Ancaq bütün bunlara baxmayaraq əsrlərdən qalmış ənənələrə sadiq olaraq,hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi.
Novruz insana həyat verən,ilk insanın yaranmasında bilavasitə iştirak edən dörd müqəddəs varlığın adı ilə bağlıdır ki,bunlar-Su,Od ,Yel vəTorpaqdır.Mərasim folklorumuzda törəniş təsəvvürlərini yaradan həmin müqəddəs varlıqlar İlaxır çərşənbələrin rəmzinə çevrilmiş,yaradılış və həyatvericilik funksiyasını formalaşdırmışdır. Novruzun müjdəçisinə çevrilən İlaxır çərşənbələrin hər biri mifoloji mənbələrə istinad edir.Əski inanc və etiqadlara görə,dörd çərşənbənin hər birində bir həyat varlığı “dirilir” oyanır,təzələnir və bununla bağlı olaraq xalq arasında müxtəlif ayinlər,mərasimlər keçirilmişdir.
Novruz bayramı — yazın gəlişini, təbiətin oyanışını simvolizə edən qədim və sevilən bayramlardan biridir. Novruz xalqımızın zəngin mədəni irsinin, adət-ənənələrinin ən gözəl nümunələrindən biridir.
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir.
Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar. Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən “cəmrə” anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən,
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib
Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Su çərşənbəsinə Yalançı çərşənbə, Əzəl çərşənbə də deyirlər. Bahara doğru buzlar əriyir, çayların donu açılır, torpaq ağaclarla birlikdə oyanır hər yer yavaş-yavaş canlanır. Torpaq yavaş-yavaş islanmağa başlayır. Adət olaraqsa qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
Od çərşənbəsi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə adlanır. Bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Üçüncü çərşənbə Azərbaycanın bir sıra bölgələrində günümüzdə də Ölü çərşənbəsi (Qara çərşənbə, Gül çərşənbə) kimi qeyd olunur. Həmin gün insanlar yaxınlarının məzarlarını ziyarət edər, qəbirləri qışın palçığından, toz-torpağından təmizləyər, ölənlərin ruhuna dualar oxuyarlar. Ölü çərşənbəsində yaslı ailələr də ziyarət olunar, onların yasdan çıxması və qarşıdan gələn bayramı hamı ilə birgə qeyd etmələri təmin olunar.
Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladardılar. Tədqiqatçı Xeybər Göyyallının yazdığı kimi, sonuncu çərşənbə digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər. Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini