image-qanunla-reklam
image-dc57c9d1-9884-4b98-bf2b-b1c2c989a709_850

Novruz bayramının bir çox adət-ənənələri bu gün də yaşamaqdadır

image-lady-day-az

Novruz bayramının bir çox adət-ənənələri bu gün də yaşamaqdadır

Novruz personajları müxtəlif mədəniyyətlərdə fərqli formalarda təzahür etmişdir. Azərbaycanda və Türk xalqlarında Novruzun ən məşhur personajları olan Kosa və Keçəl Novruz tamaşalarının baş qəhrəmanlarıdır. Kosa bolluq və məhsuldarlıq rəmzi, Keçəl isə kasıbçılıq, qıtlıq və quraqlıq simvoludur. Onların dialoqları və zarafatları vasitəsilə qışla yazın mübarizəsi simvolik şəkildə əks olunur. Bu personajlar xalq arasında formalaşmış və folklor ənənələri çərçivəsində inkişaf etmişdir. Onların yaranma tarixi isə əslində Novruzun arxaik dövrlərdə icra edilən mərasimlərdən qaynaqlandığını göstərir.

Novruzun ən ənənəvi personajlarından olan Kosa yuxarıda qeyd etdiyim kimi, bolluq, məhsuldarlıq, yazın gəlişi və yeni həyatın başlanğıcını təmsil edir. Üzündə saqqal olmayan və ya keçi saqqalı taxan bir obrazdır. Bəzən əyinində heyvan dərisi və ya rəngarəng geyimlər olur. Kosa qışın qurtardığını, baharın gəldiyini xəbər verir və Novruz şənliklərində əsas komik obrazlardan biridir. Bu obrazın tarixinə gəldikdə isə, qədim türk şamanizmi – türk xalqlarında məhsuldarlıq və bərəkət ayinlərində Kosa obrazına bənzər fiqurlar var idi.

Keçəl obrazı isə, qıtlıq, yoxsulluq və qışın sərtliyini simvolizə edir. Saçsız və ya qırxılmış başı, bəzən qamçı və ya taxta ilə Kosaya sataşan, onu məsxərəyə qoyan komik personajdır. Keçəl Kosanın ziddiyətidir – qıtlıq bolluğa qarşı, qış yazın gəlişinə qarşıdır. Keçəl Kosanın yeməyini və sərvətini ələ keçirməyə çalışır, amma sonda məğlub olur. Bu, qışın bitməsi və baharın qələbəsi kimi yozulur. Keçəl və Kosa oyunları qədim Azərbaycan və Orta Asiya xalq tamaşalarında yer alırdı.

Novruz bayramının bir çox adət-ənənələri bu gün də yaşamaqdadır. Lakin müasir dövrdə, xüsusilə şəhər həyatının təsiri ilə bəzi ənənələrin icrası əvvəlki qədər geniş yayılmır. Müasir həyat tərzində baş verən dəyişikliklər bu adətlərin tətbiqinə müəyyən dərəcədə təsir göstərmişdir. Xüsusilə gənclər əyləncə mərkəzlərinə, kinoteatrlara üstünlük verməyə, texnoloji oyunlarla daha çox vaxt keçirməyə meyillidirlər. Bununla belə, Novruz adətlərinin icrası tamamilə yox olmamış, əsasən uşaqlar tərəfindən davam etdirilməkdədir. Əvvəllər gənclərin daha aktiv iştirak etdiyi “papaq atmaq”, “bacadan torba və ya şal sallamaq” kimi adətlər zamanla dəyişikliklərə uğramışdır. Şəhərlərdə evlərin memarlıq quruluşunun dəyişməsi nəticəsində bacadan şal sallamaq adəti demək olar ki, unudulmuşdur. Onun əvəzinə papaq atmaq adəti daha geniş yayılmışdır və əsasən məhəllə uşaqları tərəfindən icra olunur. Tonqal üzərindən atlanma mərasimi isə qismən qorunub saxlanmışdır, lakin bu adətə daha çox uşaqlar maraq göstərir, gənclərin iştirakı isə nisbətən azalmışdır. Bundan əlavə, Novruzun mühüm rituallarından biri olan fala baxmaq, xüsusilə “qulaq falına çıxmaq” adəti əvvəlki dövrlərlə müqayisədə azalmışdır. Əvvəllər gənc qızlar bu rituala daha çox maraq göstərirdilərsə, bu gün bu ənənə yalnız bəzi bölgələrdə yaşadılmaqdadır. Həmçinin əvvəllər böyüklərin də qoşulduğu “Yumurta döyüşdürmə” oyunları və “Yumurta qatarı” indi sadəcə balaca uşaqlar tərəfindən həyata keçirilir. Bayram ərəfəsində oynanılan “Bənövşə”, “Ənzəli”, “Papaq ələ keçirmə”, “Dirədöymə”, “Fındıq”, “Qoz”, “Aşıq” və digər ənənəvi oyunlar isə artıq demək olar ki, oynanılmır.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

 

Novruz bayramı təkcə rəsmi tədbir kimi deyil, həm də teatr, kino və digər sənət sahələrində təbliğ edilir

Novruz bayramı yalnız Azərbaycanın deyil, bir çox türk xalqlarının və ümumilikdə bəşəriyyətin qədim və dərin köklərə malik olan ən mühüm bayramlarından biridir. Bu bayram təbiətin yenilənməsi, həyatın başlanğıcı və baharın gəlişi ilə əlaqələndirilir. Novruz, həm də bir çox mədəniyyətlərdə və cəmiyyətlərdə azadlıq, dirçəliş və birlik rəmzi kimi qəbul edilir

Azərbaycanın özünəməxsus Novruz ənənələri, bu bayramın həm mədəni, həm də mənəvi əhəmiyyətini daha da möhkəmləndirir. Azərbaycan dövləti Novruz bayramına xüsusi önəm verir və bu bayramın dövlət səviyyəsində qeyd edilməsi milli kimliyin qorunması və mədəni irsin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir.

2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Eyni zamanda, 2010-cu ildə BMT Baş Assambleyası 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir. Bu, Novruzun yalnız regional deyil, həm də qlobal səviyyədə əhəmiyyətini vurğulayır.

Respublika səviyyəsində tədbirlərə gəlincə, hər il Novruzla bağlı rəsmi dövlət tədbirləri keçirilir, Prezident bayram münasibətilə xalqı təb rik edir. Novruz bayramı təkcə rəsmi tədbir kimi deyil, həm də teatr, kino və digər sənət sahələrində təbliğ edilir. Bütün bunlardan əlavə son illərdə Novruz festivalı çərçivəsində ölkəyə turist axınının artırılması üçün müxtəlif təşəbbüslər həyata keçirilir.

Ümumiyyətlə, Novruz bayramı ilə bağlı həyata keçirilən dövlət  siyasəti milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Bununla yanaşı, daha geniş miqyasda beynəlxalq səviyyədə tanıtım işlərinin aparılması və regionlarda Novruz ənənələrinin qorunması üçün əlavə layihələrin həyata keçirilməsi də faydalı olardı. Çünki Novruz bayramı təkcə bir xalq bayramı deyil, həm də mədəniyyətin, tarixin və milli kimliyin mühüm bir hissəsidir. Onun mənşəyi qədim inanclara və folklor ənənələrinə dayanır. Müasir dövrdə isə bu adətlərin yaşadılması və qorunması üçün müxtəlif sosial və mədəni təşəbbüslər həyata keçirilməlidir.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki