image-qanunla-reklam
image-62ae142ab14c6033424468ed4e350eff

Nüfuzlu agentlik MÜHARİBƏ xəbərdarlığı etdi – Ermənistan yaxın günlərdə…

image-lady-day-az

Ekspert: “Ayrı-ayrı dövlətlər burada yeni müharibə axtarışındadırlar”

“Azərbaycanla Ermənistan arasında hələ də sülh sazişinin əldə olunmasına mane olan bir neçə mübahisəli məsələ var”. 

Bu barədə nüfuzlu “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin təhlilində deyilir.

Qeyd olunur ki, onlardan biri Ermənistanın öz konstitusiyasında dəyişiklik etməsi və gələcəkdə Qarabağla bağlı Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina etməli olması ilə bağlıdır. “Bu isə ölkədə mürəkkəb daxili siyasi problem olaraq qalır”, – təhlildə bildirilir.

“Azərbaycan həm də onun əsas ərazisi ilə eksklavı Naxçıvan  arasında avtomobil və dəmir yolu əlaqələrinin yaradılmasını (Zəngəzur dəhlizi) istəyir. Bakı həmçinin bu yolun Ermənistanın gömrük nəzarətindən azad olunmasını tələb edir. İndiyədək İrəvan bunu da qəbul etməyib. Biz iki ölkə arasında hərbi əməliyyatların başlayacağını gözləmirik, lakin hesab edirik ki, diplomatik həll tapılmadıqca, münaqişənin yenidən qızışma riski var. Belə bir ssenari Azərbaycan və Ermənistan üçün böyük sosial və iqtisadi risklər yaradardı”, – S&P əlavə edib.

Nəzərə alsaq ki, Azərbaycanın hər iki tələbi beynəlxalq hüquqa əsaslanır, deməli, bu, həm də elə beynəlxalq hüququn tələbidir və İrəvan ona əməl etməyə borcludur. Özü də vaxtı uzatmadan, əgər Ermənistan həqiqətən beynəlxalq hüquq normalarına sayğılıdırsa. Əks halda, yeni hərbi toqquşma həqiqətən də qaçılmaza çevrilə bilər. Bu mənada İrəvan odla oynayır…

Bəs agentlik “Azərbaycan və Ermənistan üçün böyük sosial və iqtisadi risklər” deyərkən hansı riskləri nəzərdə tutur? Azərbaycan üçün təhdid nə ola bilər?

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - TurkicWorld

 İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, müxtəlif beyin mərkəzləri və tədqiqat mərkəzləri hər zaman ilin sonunda, yaxud yeni ilin başlanğıcında dünyanın müxtəlif nöqtələrində təhlükəsizlik risklərini dəyərləndirirlər, münaqişə və müharibə ehtimallarını irəli sürürlər. Xüsusilə Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında olan münasibətləri də müharibə təhdidləri olan siyahıya daxil edirlər. Lakin anlamaq lazımdır ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib, suverenliyini bərqərar eləyib. Artıq bütün ölkə ərazisində konstitusion quruluşunu bərpa eləyib və 2024-cü ildə Azərbaycan Prezident və parlament seçkilərini bütün ərazimizdə keçirib. Bəzən həmin beyin mərkəzlərinə Azərbaycan  narativləri gec çatır və yaxud ölkəmizlə bağlı sanki daha dərin məlumatlara malik deyillər: “Ona görə də ənənəvi olaraq bu bölgədə müharibə ehtimallarını, müxtəlif sosial-iqtisadi təhdidlər ehtimallarını irəli sürürlər. Bunun üçün müəyyən bəhanələr də tapılır, fikirlər də irəli sürülür. Məsələn, bu qeyd olunan “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bir tərəfdən sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişidirilməsi zərurətini qeyd edir, digər tərəfdən isə Zəngəzur dəhlizi ilə bağlı yaranan problemi gələcəkdə müharibə ehtimalına qədər yüksəldir. Hesab edirəm ki, müharibə üçün bu, yetərli deyil və yaxud əsas ola bilməz. Digər tərəfdən, Azərbaycan bütün məsələlərin sülh yolu ilə həllinin tərəfdarıdır. Eyni zamanda Qərbi Azərbaycana qayıdış da insan hüquqları kontekstində qiymətləndirilir və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyini göstərir, həmçinin Azərbaycan üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasının önəmli olduğunu nümayiş etdirir. Lakin bu münasibətlər hüquqi çərçivəyə daxil olacaqsa, Ermənistan konstitusiyasında olan məlum təhdidlərin aradan götürülməsi zərurəti var. Yəni hər şey bu qədər sadədir”.

Ekspertin fikrincə, bəzən xarici müşahidəçilər çox mürəkkəb konfiqurasiyalar, mürəkkəb ssenarilər, proqnozlar irəli sürürlər. Lakin buna heç bir lüzum yoxdur: “Bəli, Ermənistan silahlanır, hərbi xərclərini artırır, ayrı-ayrı dövlətlər Ermənistana silah verərək burada yeni müharibə axtarışındadırlar. Ayrı-ayrı beyin mərkəzləri müharibə qığılcımı üçün alət rolunu oynayacaqlarsa, bu, heç bir araşıdrma mərkəzinə baş ucalığı gətirmir. Digər tərəfdən, informasiya və hibrid müstəvidə də bax bu cür pozucu və destruktiv fəaliyyət icra olunmaqdadır. Biz bunu müşahidə edirik. Lakin mənə elə gəlir ki, bütün məsələləri danışıqlar yolu ilə aradan qaldırmaq mümkündür və bu istiqamətdə nikbinliyimizi itirmirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki