Sabunçu rayonunda yerləşən OBA-8 mağazasında baş verən olayla bağlı artıq Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.
Bu barədə Qanunla.az-a DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O bildirib ki, araşdırmanın nəticəsindən asılı olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.
Vəkil Aqil Layıcov isə saytımıza açıqlamasında şəxsiyyət vəsiqəsinin girov saxlanılmasının inzibati xəta olduğunu vurğulayıb. Vəkilin sözlərinə görə, bu halda inzibati xətaya yol verən şəxs 500 manatadək cərimə olunur:
“Uşağın hansı şəraitdə və nə qədər müddət saxlanıldığı, yaşı, cinsiyyəti və s. hamısını video və səs yazıları əsasında detallı şəkildə araşdırıldıqdan sonra dəqiq fikir söyləmək olar”.
Qeyd edək ki, Sabunçu rayonundakı OBA-8 mağazasında azyaşlı uşağın 12 ədəd “Alpenqold” şokoladı oğurladığı üçün girov saxlanıldığı barədə məlumat yayılıb. Uşağın valideyni iddia edib ki, oğurluğun qarşılığında 300 manat ödəmək tələb olunub, o isə telefonunu və şəxsiyyət vəsiqəsini girov qoyaraq, uşağı mağazadan çıxara bilib. Daha sonra isə 150 manat verdiyini, 50 manat verməsinin də tələb olunduğunu vurğulayıb.