image-qanunla-reklam
image-eliyev-erdogan-sened

Ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edən – Bəyannamə

image-lady-day-az

Ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edən – Bəyannamə

Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi diqqət çəkir. Şübhəsiz ki, tarixə əsaslanan bu mühüm sənədin imzalanması ilə Azərbaycan və Türkiyə arasında siyasi, sosial-iqtisadi əməkdaşlıq özünün yeni mərhələsinə daxil olur. Bəyannamədə böyük lider və öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin öz əksini tapması isə XXI əsrdə bu qardaşlığın əbədi və dönməz olmasından, strateji müttəfiqlik münasibətlərinə xüsusi əhəmiyyət verilməsindən xəbər verir.
Bəyannamə, eyni zamanda, 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiq qaldığını göstərir. Başqa sözlə, Azərbaycan və Türkiyə bütün potensial gücünü Bəyannamədən irəli gələn vəzifələrin icrasına yönəltməklə, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədini qarşıya əsas hədəf kimi qoyur.
Vətən müharibəsindəki parlaq Qələbəmizin əsasında bir sıra amillərlə yanaşı, son illərdə ordu quruculuğunun inkişafı istiqamətində gerçəkləşdirilən layihələr də xüsusi yer tutub. Silahlı Qüvvələrimiz inkişaf etmiş texnologiyalardan peşəkar şəkildə istifadə edib. Bununla da Azərbaycan Vətən müharibəsində müasir döyüş tarixinin tamamilə yeni bir parlaq səhifəsini yazıb. Əməliyyatların zirvəsində isə Şuşa savaşı xüsusi yer tutub. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, eyni zamanda, bir daha göstərir ki, Azərbaycan və Türkiyə indiyədək olduğu kimi, bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin təhlükəsizliyini təmin edəcəkdir

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə əlaqələrini daha da dərinləşdirmək üçün mühüm yol xəritəsidir

Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi xüsusi diqqət çəkir. İki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur. Eyni zamanda, Bəyannamədə bu məqsədlə səlahiyyətli struktur və qurumların qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi də vurğulanır. Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsini parlaq Qələbə ilə başa çatdırmasını şərtləndirən bir neçə amilə nəzər salsaq, bunu aydın görə bilərik. Həmin amillərə döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılması, artilleriya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər.
Bəyannamənin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bu barədə bəhs edərək bildirib ki, sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin məntiqi nəticəsidir. Bu gün Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışılır, hətta əməli, praktiki işlərlə bu dəhliz yaradılır. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marşrutlar sisteminin fəaliyyətini daha da canlandıracaq. Dəhliz, həmçinin Azərbaycan və İran Culfası arasında dəmir yolu xəttinin açılışına və İranın dəmir yollarına çıxış əldə etməyə imkan verəcək. Bununla bərabər, Zəngəzur dəhlizi təkcə dəmir yolları deyil, həm də avtomobil yolları sisteminə malik olacaq. Deməli, bu dəhlizin yaradılması həm də avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq. Bu marşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa tədarükünü asanlaşdıracaq. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

 

Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir

Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri bu reallığı bir daha təsdiqləyir.
Səfər zamanı Şuşada tarixi anlar yaşandı. Belə ki, qədim şəhərimiz olan Şuşada iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.
Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapır. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə bütün ölkələrin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Həmçinin müttəfiqliyimizin əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran amillərdən biri də hərbi sənaye sahəsindəki əməkdaşlıq olacaq. 44 günlük müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Qarabağın rəmzi olan Şuşa Bəyannaməsi

Azərbaycanın müasir tarixində mühüm əlamətdar günlər yaşanır. Tarixi Qarabağ Zəfərindən sonra Azərbaycan və Türkiyə qardaşlığı fonunda bölgədə mühüm layihələrin reallaşması üçün münbit şərait formalaşıb. Artıq bu regionda sülhə və təhlükəsizliyə heç bir maneə olmadığından proseslərin daha intensiv şəkildə inkişafı mümkündür. Məhz Azərbaycanın Milli Qurtuluş günündə Şuşada qardaş ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşa Bəyannaməsinin imzalanması tarixi reallığı özündə ehtiva edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər etməsi bütün dünyada güclü əks-səda doğuran, tarixi əhəmiyyət kəsb edən bir hadisədir. Bu səfər bir tərəfdən ölkələrimiz və xalqlarımız arasında olan əsl dostluq və qardaşlıq münasibətlərinin daha bir nümayişi, digər tərəfdən də burada imzalanmış Müttəfiqlik Bəyannaməsi Azərbaycan-Türkiyə strateji əməkdaşlığının yeni, keyfiyyətcə daha yüksək mərhələyə keçidini təmin etdi. Eyni zamanda da, Şuşa Bəyannaməsi bölgədə, eləcə də bütün Cənubi Qafqaz regionunda bundan sonra sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edə biləcək möhtəşəm hadisədir.
İyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi ölkələrimizin müxtəlif sahələrdə imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənəddir: Faktiki olaraq Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsini təsdiq edən bir tarixi hadisə oldu. Artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir.  Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapır. Möhtərəm dövlət başçımızın da öz çıxışında dediyi kimi, bu, tarixi nailiyyətdir. Artıq bütün dünya bilməlidir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Bu Bəyannamə mahiyyət etibarı ilə gələcəyimizə, hər iki ölkənin stabil, inkişaf edən və təhlükəsiz gələcəyinə hesablanmış bir sənəddir. Birmənalı olaraq Şuşa Bəyannaməsini Azərbaycan və Türk xalqlarının şanlı keçmişinə bir sədaqət və gələcək nəsillərə ən dəyərli bir nəsihət nümunəsi olduğunu deyə bilərik.
Bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı konkret açıqlamaların yer alması Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların təhrif olunmasına yol verməyəcəyinə dair daha bir ciddi mesaj oldu. Şuşa Bəyannaməsində diqqəti cəlb edən mühüm cəhətlərdən biri də bu sənəddə digər bir tarixi sənədə, yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinadların yer almasıdır. Son dərəcə önəmli bir məqamdır ki, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu, heç şübhəsiz, İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi reallıqların təzahürlərindən biridir və Azərbaycan artıq bu reallıqların təhrif olunmasına qətiyyən yol verməyəcək. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülür. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması isə aparılan işlərin hər hansı bir qüvvələr tərəfindən əngəllənməsini artıq tamamilə qeyr-mümkün edir.
Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi, bütün digər sahələrdə olduğu kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin də yeni səviyyəyə keçidini şərtləndirir.
Bu baxımdan Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar böyük əhəmiyyət kəsb edir. Bu qərar iki ölkə arasında diplomatik münasibətləri dərinləşdirməklə yanaşı, həm də iqtisadi hədəfləri də nəzərdə tutur. Belə ki, bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur Həm də bu işlərdə Türkiyə şirkətləri aparıcı rollardan birinə sahibdir. Düşünürəm ki, Şuşada Türkiyənin baş konsulluğunun açılması da qardaş ölkənin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində bundan sonra daha böyük rol oynayacağından xəbər verir.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edən bəyannamə

Azərbaycan-Türkiyə münasibətləri hər bir sahəni əhatə edən sıx əməkdaşlıqlar əsasında uğurla inkişaf etdirilir.
Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki dövlət mövcud deyil. Hər iki qardaş dövlət bütün beynəlxalq təşkilatlarda, mühüm platformalarda bir-birilərinin maraqlarını müdafiə edib. Eyni kökə və tarixi dəyərlərə malik olan xalqların məhz bir mövqedən çıxış etməsi bölgədə sülhə və təhlükəsizliyə mühüm təminat yaradır. Münasibətlərin yüksək səviyyədə olması ölkələrimizin davamlı inkişafına öz töhfəsini verir. Bu baxımdan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir.
Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksələn xətlə davamlı inkişafı təkcə bu dövlətlərin deyil, ümumilikdə regionun inkişafına və bölgədə sülhün təminatına mühüm töhfələr verməklə yanaşı, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini amilini şərtləndirir. Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu.
Qardaş ölkənin Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada olması, rəsmi qəbulun təşkili, Prezident İlham Əliyevlə görüşü, birgə bəyanatın imzalanması və mətbuat konfransının keçirilməsi, eyni zamanda “Xan qızı” bulağının ziyarəti, Cıdır düzündə tədbirlərin təşkili bir daha  Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi oldu. Qədim Azərbaycan şəhəri Şuşada Azərbaycan Prezidenti qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla tarixi görüş keçirdi. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.
Şuşa Bəyannaməsi Qarabağ zəfərinin daha da möhkəmlənməsi, Türkiyə-Azərbaycan birliyinin əbədi olduğunu bir daha dünyaya bəyan etdi. Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair sənəddə xüsusən Zəngəzur dəhlizinin açılması və regiondakı kommunikasiyaların bərpası və inkişafı haqqında müddəaların olması Cənubi Qafqazda yeni geosiyasi reallığın açıq nümayişidir. Sənəddə həmçinin birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır. Beləliklə, Şuşa bəyannaməsi ilə Azərbaycan-Türkiyə hərbi-siyasi müttəfiqliyi rəsmiləşdirilmiş oldu. Bu, sözün əsl mənasında tarixi bir hadisədir.

Şahnaz Mustafayeva-Tarix diyarşünaslıq muzeyinin direktoru

 

Türkiyənin dəstəyinə əmin olan Azərbaycan

Azərbaycan müstəqillikdən bu yana Türkiyə dövlətini qardaşı hesab edib. Hər zaman qardaş qədər sevib və yanında olub. Bu dostluq və münasibət heç bir zaman təktərəfli olmamış, qarşılıqlı bəslənmişdir. Dünya yaranandan bu zamana qədər bir çox dövlətlər müharibə aparıb, qonşu dövlətlərin qanını töksə də, biz hər zaman dost mövqeyində çıxış etmiş, bir-birimizin yanında və köməyində olmuşuq.
İllərdir təcavüzə uğradığımızı görərək Qarabağ məsələsində Türkiyə açıq-aşkar bizim mövqeyimizdə çıxış etmiş, siyasi və dost masalarında qorxmadan, çəkinmədən açıq mövqeyini bildirmiş, hər zaman olduğu kimi xüsusən də bu məsələdə yanımızda olduğunu bildirmişdir.
İkinci Qarabağ müharibəsi dövründə də bunu əyani sübut etmişdir. Onun açıq mövqeyi sayəsində müharibənin gedişatına heç bir dövlət qarışa bilməmişdi. Yanımızda durduğunu görən erməni tərəfdaşları da səslərini kəsmiş, heç bir müdaxilə edə bilməmişdilər.
Bəzi dövlətlərin həsədlə baxdığı dostluğumuz 15 iyun 2021-ci il qardaş Türkiyə ilə imzaladığımız Bəyannamə ilə daha da möhkəmləndi. Bəyannamədə deyildiyi kimi biz hər zaman bir-birimizin yanında duracaq, ölkə ərazimizin təhlükəyə düşdüyü anda bir-birimizdən köməyimizi əksiltməyəcəyik. Biz həmişə qardaş Türkiyənin dəstəyindən əmin olmuşuq və görmüşük. Bu saziş ilə bu dostluq və qardaşlıq indi sənəd üzərində də öz təsdiqini tapdı. Yalnız bir-birinə güvənən dostlar bir kağıza bir amal, bir məqsəd və bir dostluq üçün imza ata bilər.

Eldar Xəlilov – Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi

 

Strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edən Bəyannamə

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan Şuşada tarixi bəyannaməyə imza atılıb. Azərbaycan üçün çox önəmli bir tarixdə – Milli Qurtuluş Günündə, iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Şuşada imzalanan 15 iyun 2021-ci il tarixli sənəd hər iki ölkənin milli maraqlarına xidmət edir. Əlbəttə ki, bu, tarixi sənəddir, iki qardaş dövlətin liderlərinin birgə fəaliyyətinin, yorulmaz və nəhəng işinin təntənəsidir. Eyni zamanda, Şuşa Bəyannaməsi iki dövlət arasındakı münasibətlərin ən uca zirvəsini təmin etdiyi üçün biz bunu Azərbaycan və Türkiyənin zəfəri kimi də qiymətləndirə bilərik. Şuşa Bəyannaməsi siyasi-diplomatik, gənclər və idman, hərbi və digər əhəmiyyətli sahələri özündə əks etdirən tarixi sənəddir və Qars müqaviləsinin yeni və daha böyük formatıdır.
Digər vacib məqam isə Zəngəzur dəhlizi ilə bağlıdır. Bu, 44 günlük Vətən müharibəsində bölgədə Azərbaycan tərəfindən yaradılmış yeni geosiyasi reallığa uyğundur və qardaş Türkiyə ilə Azərbaycanın quru yolla, avtomobil və dəmiryolu xətti üzrə birləşməsi iqtisadi-ticari məsələlərdə, yükdaşımalarda vacib rol oynayır. Eyni zamanda, sənəddə Cənub Qaz Dəhlizi və enerji daşıyıcılarından bəhs olunur və bunun şaxələndirilməsi, əlbəttə ki, ölkəmizin gücünü, qüdrətini və iqtisadi potensialını daha da artıracaq, bizim yeni əməkdaşlıq platformalarına çıxışımızı təmin edəcək, iki xalqın və dövlətin gələcəkdə daha güclü və daha firavan yaşamasına səbəb olacaqdır. Bu tarixi hadisəni dövlət başçılarının böyük əməyi nəticəsində iki xalqın zəfəri kimi qiymətləndirmək olar.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafı bütünlükdə region ölkələrinin inkişafına səbəb olacaq

15 iyunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında imzalanmış bəyannamə bütün istiqamətləri əhatə etdiyi kimi hərbi tərəfdaşlıq baxımından da mühüm əhəmiyyətə malikdir. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Sənəddə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.
Bəyannamədə o da vurğulanır ki, tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər. Regionda böyük güc olan Türkiyə və Azərbaycana bundan sonra kimsə kəm gözlə baxa bilməyəcək, gizlində, arxada nə çirkin planlar qursalar belə bunu əsla həyata keçirmək şansları olmayacaq. Və biz bu həmrəyliyin, bu birliyin gələcəkdə böyük və vahid bir türk dövlətində bərqərar olacağına inanırıq. Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq, Ermənistanın özbaşınalığına son qoyulacaq. Cənab Prezident İlham Əliyevin də çıxışlarında dediyi kimi, Türkiyə haqlı mübarizəsində Azərbaycanın yanında yer almaqla Ermənistana dəstək verən ölkələrə də öz yerini göstərmiş oldu.

Veysəl Sadıqov-Şəftəhal kənd sakini, ağsaqqal

 

 

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri bir daha öz zirvəsinə yüksəldi

Azərbaycan-Türkiyə münasibətləri ən uca zirvəyə yüksələrək yeni mərhələyə qədəm qoydu. İyunun 15-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər etdi.
Azərbaycan üçün çox önəmli bir tarixdə – Milli Qurtuluş Günündə iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzaladılar. Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri bir daha öz zirvəsinə yüksəldi.  Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artırdı və artıracaq.
Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Rəcəb Tayyib Ərdoğanın Bakıda Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Abbas Nağıyev-Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Şuşa bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır

Müharibədəki qələbəmizin əvəzedilməz dəstəkçisi olan qardaş Türkiyə ilə olan münasibətimiz həmişəki axarında davam edir. Hər zaman dəstəyini göstərən və dəstəyimizi göstərdiyimiz qardaşlığımız illərdir ki, möhkəm və sarsılmazdır. Biz həmişə buna inanmışıq.
İkinci Qarabağ müharibəsində qazandığımız qalibiyyət unudulmazdır. Bu qələbədə Türkiyə dövləti yanımızda durmuşdu. Elə buna görə də Cənab Prezidentimiz İlham Əliyev dilbər guşəmiz olan Qarabağın Şuşa şəhərinə ilk olaraq Türkiyə dövlətinin prezidenti və xanımını dəvət etmiş, illər sonra geri qayıtdığımız can parçamız Şuşada qardaşını qonaq dəvət etmişdi. Ona qələbəmizin rəmzi olan xarıbülbül çiçəyi hədiyyə etmiş, Cıdır düzündə gəzinti təşkil edib, Qarabağ atı hədiyyə etmişdir. Bu yazdıqlarımın hamısı gözlə görülmüş və əsrarəngiz anlar olmuşdu. Xüsusən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəxtiyar Vahabzadənin şeirini söyləyərək Azərbaycan və Türkiyənin bir ananın iki oğlu olduğunu bildirmişdi.
Bu qardaşlıq dünyaya bir mesaj, bu dostluq düşmənlərimizə edilmiş göz dağıdır. Bizim qürur və fəxrlə izlədiyimiz kadrları düşmənlərimiz qorxu və səksəkə ilə izləmişdir.
15 iyunda can parçamız Şuşada qonaq olan Türkiyə Prezidenti Prezidentimiz İlham Əliyevlə Şuşa bəyannaməsi imzalamış, şeirdə vurğuladığı kimi, amalının bir olduğunu bir daha təsdiqləmişdilər.

Vəfa Xəlilli-“Gəncliyə dəstək” İB-nin sədri

 

 

Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir

Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaşlıq dəstəyini nümayiş etdirmişdilər. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Müstafa Kamal Atatürk  Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir. Ulu Öndər Heydər Əliyev öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur.
Türkiyə-Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Biz 44 günlük müharibə dövründə ən böyük mənəvi dəstəyi Türkiyə dövlətindən almışıq.
Dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti  cənab İlham Əliyev Şuşa şəhərində Azəybaycan-Türkiyə arasında müttəfiqlik haqqında “Şuşa bəyannəməsini” imzalayıblar. Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.

Kərim Umudov-Çallı kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki