Ölkələrimizdə hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var.
Son illərdə Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər yalnız iqtisadi və siyasi sahələrlə məhdudlaşmayıb, eyni zamanda təhsil sahəsində də sürətlə inkişaf edib. Bu əməkdaşlıq həm dövlət səviyyəsində, həm də ali təhsil müəssisələri və elmi mərkəzlər arasında qurulan əlaqələr vasitəsilə möhkəmlənir. Çin və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair bir neçə saziş imzalanıb. Bu razılaşmalar çərçivəsində tərəflər tələbə və müəllim mübadiləsi, birgə tədqiqatlar, akademik proqramların uyğunlaşdırılması və qarşılıqlı tanınma məsələlərində əməkdaşlıq edirlər. Xüsusilə, iki ölkə arasında diplomların qarşılıqlı tanınması məsələsi üzərində işlər aparılır ki, bu da tələbələrin hər iki ölkədə təhsil almasını və karyera imkanlarını asanlaşdırır. Çin hökuməti Azərbaycan vətəndaşları üçün müxtəlif təqaüd proqramları təqdim edir. Bunlardan ən önəmlisi Çin Hökuməti Təqaüd Proqramıdır. Azərbaycanlı tələbələr Çində bakalavriat, magistratura və doktorantura səviyyələrində müxtəlif ixtisaslar üzrə təhsil alırlar. Çin universitetlərinin beynəlxalq reytinqlərdəki yüksələn mövqeləri və texnoloji sahədəki inkişafı bu marağı daha da artırır. Eyni zamanda, Çinli tələbələr də Azərbaycanda təhsil almağa maraq göstərirlər. Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti kimi ali təhsil ocaqları çinli tələbələr üçün proqramlar təklif edirlər.
2011-ci ildə Bakı Dövlət Universitetində açılan Konfutsi İnstitutu iki ölkə arasındakı təhsil və mədəniyyət körpüsünün simvoluna çevrilib. Bu institut çin dili və Çin mədəniyyətinin təbliği ilə məşğuldur. Son illərdə Azərbaycanda çin dilinə maraq artıb. Bu, həm Çində təhsil almaq istəyən tələbələrin, həm də Çinlə biznes əlaqələri qurmaq istəyən iş adamlarının marağından irəli gəlir. Çin dili həm də bir çox universitetlərdə əlavə ixtisas kimi tədris olunur. Azərbaycan və Çin universitetləri arasında birgə təhsil proqramları üzrə danışıqlar aparılır. ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi ali təhsil müəssisələri Çin tərəfdaşları ilə ikili diplom proqramları üzərində işləyirlər. Bu cür proqramlar tələbələrə həm Çində, həm də Azərbaycanda təhsil alaraq iki ölkənin diplomuna sahib olmaq imkanı yaradır.rektorlar, alimlər və mütəxəssislər arasında birbaşa dialoq və təcrübə mübadiləsi aparılır.
Çin və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq həm dövlət səviyyəsində, həm də ali məktəblər və tələbələr arasında dinamik şəkildə inkişaf edir. Bu əməkdaşlıq yalnız tələbə mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda mədəniyyət, dil, elmi araşdırmalar və akademik layihələr sahələrini də əhatə edir. Gələcəkdə bu sahədə daha geniş və dərin əlaqələrin qurulması, xüsusən də “Bir Kəmər, Bir Yol” təşəbbüsü kontekstində yeni təşəbbüslərin reallaşdırılması gözlənilir.
Zərdab şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin tarix müəllimi Sadıqova Ülkər.