Ölkəmizin tarixində unudulmaz səhifə.
Qanlı 20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir. 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqrımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 35 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Ümummilli lider Heydər Əliyev Sov.İKP pleniumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 Yanvarında qanlı faciəyə gətirib çıxardı. 20 Yanvar faciəsində ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın və şəxsi əmlak məhv edilmişdir. 20 Yanvar milli iradəmizin zəfər çaldığı gündür. Azadlığa gedən yolun başlanğıcı oldu 20 Yanvar. 20 yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərakatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 20 yanvar faciəsini unutmadıq və unutmarıq. 20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi
Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı.
Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin qanlı 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır, desək yanılmarıq. Yetmiş il dünyanı lərzəyə salan bir imperiyanın tərkibindən çıxaraq öz müstəqilliyinə nail olmaq isə elə də asan başa gəlmədi. Ölkəmizi müstəqilliyə aparan yol 20 Yanvar faciəsindən keçdi. SSRİ rəhbərliyi xalqın azadlıq arzusunu boğmaq üçün, hətta ordunun gücündən istifadə edərək qan tökməkdən belə çəkinməsə də öz istəyinə çata bilmədi.
Azərbaycanın dövlət müstəqilliyinə nail olması ilə yanaşı, azadlıq uğrunda mübarizənin əhəmiyyəti bir də o oldu ki, xalqımız həm də özünün Liderini yenidən qazandı. O lideri ki, hələ SSRİ kimi nəhəng bir imperiyanın sərt qanunlarının hökm sürdüyü bir vaxtda üçrəngli bayrağımızı Naxçıvanda rəsmi şəkildə yüksəltmişdi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra isə dövlət müstəqilliyimizin qorunub saxlanılması, dövlət atributlarımızın qürur mənbəyimizə çevrilməsi üçün böyük işlər gördü.
20 Yanvar faciəsi ərəfəsində Moskvada yaşayan Ulu öndər Heydər Əliyev qanlı qırğının ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək dünyada analoqu olmayan bu faciə ilə bağlı bəyanat verdi. İmperiyanın paytaxtında – bu faciənin törədilməsinin planı cızılmış bir şəhərdə dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında verilən bu bəyanat beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Dahi şəxsiyyət Heydər Əliyev xalqın səsinə səs verməklə sübut etdi ki, bu ağır günlərdə Azərbaycanda – öz xalqı ilə birlikdə olmasa da, bu ağrını xalqla birgə yaşayır. Ulu Öndər Heydər Əliyevin bu addımları Vətən və xalq qarşısında bir vətəndaşlıq məsuliyyətinin nümayişi, Vətənə məhəbbət və sədaqətin nümunəsi idi. Bu bəyanat, eyni zamanda, artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasının anonsu idi.
20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi daim Heydər Əliyevi düşündürürdü. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə belə deyirdi: “…Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də Ümummilli Liderimiz mühüm tədbirlər həyata keçirdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi və tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Məhz Onun Sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi. Şəhid ailələri dövlət qayğısı ilə əhatə olundu. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsini və müavinət təminatını da daim diqqət mərkəzində saxladı. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildi, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən əlil olmuş şəxslərə verilən aylıq müavinət artırıldı və bu iş davamlı olaraq həyata keçirilir.
Müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində bünövrəsini Ümummilli Liderin qoyduğu işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu yöndə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun daha da yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb. 2006-cı il yanvarın 19-da dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdü təsis edilib.
Hikmət Novruzov – Zərdab rayonu Alıcanlı kənd ümumi orta məktəbinin müəllimi