Bu ilin ilk 3 ayında istehsal müddəti 3 ili ötmüş mühərrikin həcmi böyük olan nəqliyyat vasitəsi Azərbaycana idxal edilməyib.
Qanunla.az xəbər verir ki, bu barədə “Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev deyib.
Onun sözlərinə görə, dövlətin ekoloji təmiz avtomobillərinə tətbiq etdiyi güzəştlər artıq öz praktik təsirini göstərir: “Bildiyiniz kimi Azərbaycana gətirilən istehsal ili son 3 ili əhatə edən və mühərrikin həcmi 2 500 kubsantimetri keçməyən ekoloji təmiz avtomobillərə güzəştlər nəzərdə tutulub. Onlar ƏDV-dən azad edilib. Həmçinin mühərrikin həcmi daha böyük olan avtomobillərə, xüsusilə də istehsal ili 7 ildən çox olan nəqliyyat vasitələrinə tətbiq edilən rüsumlar artırılıb.
Artıq bu güzəştlər öz nəticəsini göstərməkdədir. Bu ilin yanvar-mart ayları ərzində ölkəyə gətirilən yeni avtomobillərin sayı ötən illə müyaisədə 1 300 ədəd çox olub ki, onun da 1 200-ü hibrid avtomobillərin payına düşür. 2021-ci ilin birinci rübündə Azərbaycana 14 elektromobil idxal edilmişdirsə, bu il bu rəqəm 37-yə çatıb”.
Ötən il ölkəyə 1 744 hibrid avtomobillər idxal edilmişdi ki, bu il bu göstərici 3000-ə çatıb.