image-qanunla-reklam
image-ermeni-esgerr

Ordumuz erməni əsgəri niyə geri tez-tələsik qaytardı?

image-lady-day-az

İyunun 8-də Müdafiə Nazirliyi rəsmi açıqlama yaydı ki, erməni diversiya qrupu Laçına daxil olub, əsgərlərimizin sayıqlığı nəticəsində qrupun bir üzvü – Artur Kartanyan saxlanılıb, qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

MN ilkin araşdırmalarının nəticəsini də elan etdi: düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Aradan bir neçə saat keçəndən sonra MN növbəti açıqlama yaydı və bəyan etdi ki, Artur Kartanyanın Azərbaycan sərhədlərinə daxil olması təxribat məqsədi ilə olmayıb, sadəcə, yolu azıb. Buna görə də saxlanılandan bir neçə saat sonra geri qaytarılıb.

Bu iki informasiya arasında müəyyən qarşılaşdırma aparan azərbaycanlı sosial şəbəkə istifadəçiləri müəyyən suallar verirlər:

1. MN ilk xəbərdə diversiya qrupunun digər üzvlərinin ərazini tərk etdiyini bildirmişdi. Bir nəfər azıb keçibsə, bəs, digər diversantlarla bağlı qənaət hardan yaranıb?

2. Düşmənin diversiya qrupunun məqsədinin mina basdırması olduğu haqda ilkin araşdırma haqda rəsmi məlumat yayılmışdı. İlkin araşdırma deyəndə, nə nəzərdə tutulub?

3. Niyə cəmi bir neçə saatdan sonra yolu azan əsgər geri verilib? Bir neçə saatlıq istintaq erməni əsgərin azıb keçməsini tam yəqinləşdirmək üçün olduqca qısa müddət deyilmi?

Erməni mediası və sosial şəbəkə istifadəçilərinin bu olaya reaksiyası və təəccübü isə belədir:

1. Bəs deyirdiniz, “diversantdır”?

2. Azərbaycan sərhədi azıb keçən “diversantı” niyə dərhal geri qaytardı?

3. Sərhədi azıb keçənlə bağlı Bakı ilə danışıqları Rüstəm Muradov aparıb, ona görə də Kartanyan indi Xankəndidədir və s.

Əslində isə Müdafiə Nazirliyi ilk informasiyada adekvat davranmışdı:

1. Düşmən əsgərinin sərhədlərimiz daxilinə keçməsi diversiya kimi qiymətləndirilməlidir və Ordumuzun münasibəti birmənalı olmalıdır. Son günlər erməni diversiya qrupları yalnız mina basdırmağa keçdiyindən, bu versiyanın səsləndirilməsi normaldır;

2. Erməni əsgərin tək olduğunu düşünmək sadəlövhlük olardı;

3. Ən qısa müddətdə kəşfiyyat məlumatları cəmləşdirildi və qərar verildi. Yəni məsələ Kartanyanın dindirilməsi deyil, Azərbaycanın özünün kəşfiyyat məlumatları əsasında qərar verməsidir.

Erməni mediası Kartanyanın dərhal geri qaytarılmasını anlamaqda “çətinlik çəkir” və mövzunu gündəmdən çıxarmağa çalışır. Çünki Azərbaycan bir neçə saat ərzində erməni əsgəri qaytarmaqla sübut etdi ki, 13 dekabr və 27 mayda saxlanılanları geri verməməsinin səbəbi onların təxribatçı-diversant olmasıdır!

Yəni azaraq Azərbaycan ərazisinə keçən heç bir erməni əsgərini saxlamaq fikrində deyilik və bunu bütün dünya bir daha gördü. Azərbaycan Ordusu yalnız təxribat məqsədilə ölkə ərazisinə girənlərlə adekvat davranır və bu, artıq müzakirə mövzusu ola bilməz!

Burda Rüstəm Muradovun mövqelərini gücləndirmək, Ermənistandakı seçki prosesinə müdaxilə imkanlarından imtina etmək istəkləri də göz qabağındadır.

Müdafiə Nazirliyi çox çevik bir manevrlə Kartanyan kartını Sərkisyanın, Köçəryanın və Paşinyanın əlindən aldı və paralel olaraq erməni ictimaiyyətinə ünvanlanmış “Bakıda saxlanan əsirlər” mövzusundakı spekulyasiyalara öldürücü zərbə vurdu.

İndi erməni ictimaiyyətində artıq müəyyən təsəvvürlər var: Azərbaycan onun təhlükəsizliyinə qəsd etməyən düşməni belə saxlamır, mühakimə etmir və zərərsizləşdirmir. Bakıda da “əsir” yoxdur, terrorçu var.

Gedin, seçkinizi ayrı mübahisə üstündə qurun…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki