image-970_50
image-modern-az_15300184451499318864_884_11

ORDUMUZ ÖZ GÜCÜNÜ DÖYÜŞ MEYDANINDA GÖSTƏRDİ

image-suni_mayalanma_qiymeti

Prezident İlham Əliyev 10 noyabr münasibətilə xalqa müraciətində Ordumuzun XXI əsrin müharibəsini apardığını qürur hissi ilə nəzərə çatdırıb. Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbə sayəsində üç onillik ərzində işğal altında qalmış torpaqlarımız azad olundu və beləliklə, tarixi ədalət öz yerini tapdı. Bu böyük qələbənin sevincini xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə yerinə yetirən rəşadətli Silahlı Qüvvələrimiz yaşatdı. Prezident İlham Əliyev Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı çıxışında Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı Qələbədən qürur hissi ilə söhbət açaraq vurğulayıb ki, hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. “Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”, – deyə dövlətimizin başçısı bildirib.

Vətən müharibəsində şanlı qələbəmiz asanlıqla əldə olunmayıb. İşğaldan azad olunan ərazilərdə çəkilən foto və video materiallardan görünür ki, torpaqlarımızı geri qaytarmaq fikrində olmayan məkrli düşmən onilliklər ərzində burada güclü istehkamlar qurmuşdu. İşğalçılar elə düşünürdülər ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt keçə bilməyəcək. Bundan başqa, ərazinin dağlıq relyefi də, necə deyərlər, əngəl yaradan amil idi. Ermənistanın hərbi birləşmələri işğala məruz qalan ərazilərimizdə yerləşən yüksəkliklərdə mövqe qurmuşdular. Bu yüksəkliklərdən isə ətrafdakı bütün ərazilər aydın görünürdü. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Azərbaycan Ordusu möcüzə göstərdi və 44 gün ərzində düşməni diz çökdürdü, onun belini qırdı və təslim olmağa məcbur etdi. Xatırladaq ki, Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi.
Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.
Vətən müharibəsində Ordumuzun şəxsi heyətinin nümayiş etdirdiyi qəhrəmanlıqlar iftixar mənbəyimizdir. Azərbaycan dövləti və cəmiyyətimiz ordumuzun əsgər və zabitlərinin Vətən müharibəsində göstərdikləri igidlikləri yüksək dəyərləndirir.
Fərqanə Məmmədova

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki