AZƏR SALEH
Maşın yeni salınmış Bakı-Quba yolu ilə sürətlə şütüyürdü. İsti yay günü idi. O, maşını sürdükcə beton yolun istidən necə qızdığını, istinin ilğım kimi qalxdığını görürdü.Yolda maşınlar çox idi. Hamı şəhərin istisindən canını götürüb Quba, Nabran tərəfə qaçırdı. O, maşında tək idi. Hər il bu vaxtlar ailəsi ilə Nabranda dincələrdi. Amma bu il yayın qurtarmasına az qalmasına baxmayaraq ilk dafə idi ki, şəhərdən kənara çıxırdı. İşlərinə görə bu il məzuniyyətə çıxa bilməmişdi. Ailəsini isə anası ilə birlikdə dincəlmək üçün Yesentukiyə göndərmişdi. 10 gün idi ki, tək idi evdə. Səhər duranda birdən birə ürəyinin sıxıldığını hiss etdi. Bazar günü idi… Konkret də heç bir işi yox idi. Birdən birə qərara gəldi ki, kəndlərinə getsin. Son 20 ildə kəndlərində olmamışdı… Nə qədər ki, nənəsi sağ idi, həmişə yayda, bayramlarda gedərdilər. Amma nənəsindən sonra ev boş qalmışdı və bu illər ərzində bir dəfə də olsun getməmişdi…
Magistral yoldan çıxaraq kənd yoluna keçdi. Sovetlər dağılma ərəfəsində kəndlərinə ilk dəfə asfalt yol şəkmişdilər. İndi həmin yoldan ancaq cüzi əlamət qalmışdı. Asfalt döşəmə tam parçalanmış, çala-çuxurlar yaranmışdı. Maşının tez-tez altı dəyirdi. Ona görə də maşını yavaş-yavaş sürürdü. Əslinə qalsa tələsməyə yeri də yox idi. Bütün kənd demək olar ki, qohumları olsa da, konkret getməyə yeri yox idi. Babasından qalma ev boş idi, bu illər ərzində baxımsız qalmış evin nə vəziyyətdə olduğunu təsəvvür eləmək elə də çətin deyildi…
Kəndə girən kimi bütün uşaqlığı,yeniyetməliyi yadına düşdü… Yay aylarını demək olar ki, bu kənddə keçirmişdi.Uşaqlıq illərinin ən şirin xatirələri də bu kəndlə bağlı idi. Şəhərdə yaşamalarına baxmayaraq onun kəndə marağı daha şox idi.Yaşıdları kimi yay aylarında pioner düşərgələrinə, Moskvaya, Kiyevə, Kislovodska getməkdənsə, öz kəndlərində dincəlməyi daha şox xoşlayırdı. Burdakı yaşıdları onu bir şəhərli kimi təkləsələr də, hərdən bəzi sözlərinə görə lağa qoysalar da, onlardan incimirdi. Çox qəribədir ki, şəhərlilər şəhərdə kənddən gələnləri lağa qoyduqları kimi, kənddəkilər də şəhərdən gələnlərə lağ edirdilər… Bu yaxınlarda eşitdiyi söz isə lap maraqlı olmuşdu… Sən demə yay yaxınlaşan kimi, rayon camaatı deyir ki, “yay gəldi, şəhərli görməmişlər yenə doluşacaq buralara”…Kəndləri dağ kəndi idi… Ordan baxanda hətta Xəzər dənizi də görünürdü. Gündüzlər kəndin ən hündür yerinə gəlib dənizə baxmağı xoşlayırdı…
Kəndə girən kimi bir yol düz qəbiristanlığa gedirdi. Maşını həmin yola döndərdi. Bu 20 ildə kənd qəbiristanlığı elə də böyüməmişdi.Yəqin ki, kənd əhalisi də azalmışdı ona görə… Həm də artıq şəhərə köçənlər ölülərini elə şəhərdə basdırırdılar. Amma əvvəllər bu kənddən çıxanlar harda olmalarına baxmayaraq, ölənlərini mütləq gətirib öz kəndlərində basdırardılar. Ona görə də Ramazan bayramında camaatın qara bayram adlandırdığı gündə bu qəbiristanlıq ölülərini ziyarət etməyə gələn şəhərlilərlə dolu olardı…Yasin oxutdurmağa molla da çatışmırdı..
Maşını onların nəslinin qəbirləri olan yerdə saxladı. Maşından düşüb ora yaxınlaşdı. Gəlib dəmir hasarı açdı, içəri daxil oldu. Qəbirlərin ortasında durub onlara baxdı. Babasının qəbir daşındakı şəkli hərbi formada idi. Babası muharibə veteranı idi və muharibədən kapitan rütbəsində qayıtmışdı. Nənəsinin isə şəkli qocalıq şəkli idi. Çox nurani sifəti vardı, əsl nənələrə oxşayırdı. Polkovnik dayısının da qəbri orda idi… Onu lap tez itirmişdilər, digər dayısı kimi. Ümumiyyətlə nəslinin kişiləri çox tez köçmüşdülər həyatdan… Üzünü hamısına tutaraq onlarçün dua etdi, Allahdan onlar üşün bağışlanma dilədi…
Bir qədər sakitcə onların şəkillərinə baxıb oradan çıxdı. Bir kölgəlik tapıb oturdu. Siqaret çıxarıb yandırdı. Çəkə-çəkə fikrə getmişdi. Birdən birə qulağına uşaqlıq səsləri, bu kəndin torpaq yolları ilə qaçmaq, qışqırmaq səsləri gəldi… Üzünə xoş bir təbəssüm yayıldı…
Kənddə ən çox xoşladığı toylar idi… Onlarda toy 3 gün olurdu. Günorta hamı təsərrüfatla məşğul olduğundan, mağar tam uşaqların öhdəsində olurdu. Doyunca oynayardılar, heç kim də onları ortadan çıxarmırdı. Axşamlar isə böyüklər gələrdilər, onlar isə kənardan onlara, onların oynamalarına tamaşa edərdilər. Ən maraqlısı isə toyda dava düşəndə olardı. Qonşu kənddən gələnlər mütləq toyda dava salmalı idilər. Bu dağ kəndlərində sanki adət idi. Onlar bu kənddə dava salardılar, bu kənd də onların toyunda…
Yayda həyətləri həmişə dolu olardu. Bütün dayıları, xalaları uşaqları ilə gələrdilər, səsdən qulaq tutulardu… Bütün xala, dayı uşaqları bir yerdə olanda isə kənddə hamı onlardan qorxurdu, kimi istəsələr döyürdülər. Kənd uşaqları ilə futbol oynayanda isə qalib gələrdilər…
İndi siqaret çəkib gözünü kəndə zilləyib bütün bu xoş xatirələri bir-bir gözünün önündən kino lenti kimi keçirirdi…
-Salam,ay bala… Xoş gəlmisən…
O, başını qaldıranda qarşısında bir qoca kişi gördü. Tez ayağa qalxıb ona əl verib görüşdü. Kişi kəndsayağı onu qucaqlayıb öpdü də… O qədər fikirli olmuşdu ki, qocanın ona yaxınlaşmasını görməmişdi və heç hiss də etməmişdi.
-Sən Kərəmin nəvələrindən deyilsən?
O, qocanın onu belə tanımasından lap təəccübləndi. Çünki o, qocanı xatırlaya bilməmişdi. 20 ildən bəri kənddə olmaya-olmaya kişinin onu tanıması qəribə gəlmişdi ona…
-Hə, dayı, qızı Südabənin oğluyam. Necə tanıdınız məni?
-Bu kənd balaca kənddi, hamını suyundan tanımaq olur. Sənin də suyun o nəslə çəkdi, ondan tanıdım. Həm də nənənin dəfnində görmüşdüm səni, halal olsun sizinkilərə, elə sənə də, yaxşı, layiqli dəfn elədiniz nənənizi, hamıdan çox da sən ağlayırdın uşaq kimi…
O, bir anlıq hər şeyi xatırladı və qəhərdən gözləri doldu.Qoca da bunu hiss etdi və deyəsən dediyinə də peşman oldu…
O, nənəsini çox istəyirdi.Yay vaxtı kəndə də hamıdan çox o qalırdı nənəsi ilə. Elə olurdu ki, hamı yığışıb şəhərə gedirdi və nənəsi ilə tək qalırdı. Gecələr bəzən səhərə qədər nənəsini yatmağa qoymur, ondan kəndə, keçmişə dair şeylər soruşur, nənəsi də bildiyini, xatırladıqlarını danışırdı. Nənəsi ona danışmışdı ki, kəndlərində Əfəndilər deyən bir ruhani ailəsi yaşamışdır. 200 il əvvəl o kişinin nəsli Turkiyədən gəldiyinə görə ona və sonrakı övladlarının hamısına Əfəndilər deyirmişlər. Bu insanlar kənddə məscid tikmiş, camaatı maarifləndirmişdilər. İnsanlar hər yerdən onların ziyarətinə gələr, məsləhət alar, çətinlikləri barədə danışar, onlardan xəstələri üçün dua etmələrini xahiş edərdilər, onlar da bacardıqları köməkləri insanlardan əsirgəməzdilər. Sovet hakimiyyəti qurulanda ətraf kəndləri də birləşdirərək “kafirlərə”( nənəsinin ifadəsidir) qarşı illərlə vuruşmuşlar, lakin rus qoşunu toplarla gələndən sonra məğlub olub dağlara çəkilmişlər… Beləcə nənəsi ilə kəndlərinin tarixinə ekskursiyalar edərdilər. Babası öləndə 3 yaşı olduğu üçün onu heç xatırlamırdı, nənəsinə babası barədə danışmasını istəyəndə isə deyərdi ki, nə danışım ondan, heç əməlli üzünü görə bilmişdim ki… 7-8 il “frontda”( müharibəyə kənd adamları belə deyirdilər) oldu, sonra gəldi gecə-genduz dövlət işlərində oldu,tez də getdi bu dünyadan…
Nənəsi soyuq qış ayında öldü. Onda onun 20 yaşı vardı. Əsgərlikdən 2-3 gün idi gəlmişdi. Nənəsi kənddə olduğu üçün hələ də onu görməmişdi. Həmin günü qohum əqraba yığışıb onlara gəlməli idilər. Gəldilər, amma onu təbrik etməyə yox, onları da özləri ilə kəndə dəfnə aparmağa… Bu xəbəri dayısı ona deyən kimi qəhərdən boğuldu, ilk dəqiqələr ağlaya da bilmədi, amma birdən ondan elə hönkürtü çıxdı ki, hamının ürəyi dağlandı. Bayaqdan özünü tox tutmaq istəyən dayıları, dayısı oğlanları da ona qoşuldular, arvadlar onların yanında yalan oldu… O, kəndə gedən maşında yol boyu ağlamışdı. Həyətə girib cammatı görəndə isə yenidən hönkürdü. Qaça-qaça həyətə girib pilləkənləri qalxdı, nənəsi olan otağa girdi. Nənəsini otağın ortasında uzadıb xalçaya bürümüş və üstünə balaca bir daş da qoymuşdular. Nənəsinə yaxınlaşdı, diz üstə çökdü, əlini uzadıb nənəsinin üzünü sıqalladı və bidən yenə də dəlicəsinə hönkürüb onu qucaqladı. Onun bu hərəkətləri ordakıların qəlbini dağıdırdı, heç kim onun kimi ürəkdən, hönkürtü ilə ağlamırdı… Onun bu ağlamağı ətrafdakıların da qəlbini göynədirdi…
İndi bütün bunlar yenidən yadına düşdü, qəhərdən boğazı qurudu, gözlərindən yaş yavaşca süzüldü. Qoca onun bu vəziyyətinə özü də qəhərləndi…
-Allah rəhmət eləsin nənənə, güclü qadın idi… Mənim də əmim nəvəsi düşür o rəhmətlik… Nə isə, kədərlənmə, hamımız gedəcəyik bu dünyadan… Kim qalacaq ki… Qəbri nurla dolsun,bu cür övladlar, nəvələr qoyub gedib… Otur burda…
Qoca bunu deyib ona yer göstərdi. Oturdular…
-Nə əcəb burdasan, ay bala… Nənən öləndən sonar deyəsən səni bu kənddə heç vaxt görməmişəm…
-Hə, dayı, nənəmdən sonra daha heç nə məni çəkmirdi kəndə… Bu gün nə isə ürəyim sıxıldı, dedim gəlim bir baş çəkim buralara…
-Birinci qəbiristanlığa gəlməkdə düz eləmisən. Ölülərin gözü yolda olur həmişə, duaya da ehtiyacları var… Hamımız gedəcəyik bir gün bura, Biz ölənləri yad edək ki, bizdən sonrakılar da bizi yad eləsin, gelib qəbrimizdə bizim üçün dua etsinlər… Burda niyə oturmuşuq, ay bala, gedək evə…Yoldan gəlmisən, yorqunsan, acsan, gedək bizə bir tikə çörək ye, dincəl bir az…
O, sanki indi başa düşdü ki,heç gedəsi yeri də yoxdur. Amma birbaşa burdan evə də qayıtmaq istəmirdi. Həm neçə il idi ki, kənddə olmurdu, həm də tələsməyə yeri də yox idi… Bir tərəfdən də şəhərin o qızmar istisindən güclə yaxa qurtarmışdı… Amma heç tanıya da bilmədiyi bu qocanın da evinə getmək istəmirdi…
-Dayı, sən allah bağışla, amma heç səni tanıya bilmədim…
-Hə, bala, hiss etmişəm bayaqdan. Mən sənin babanla dost olmuşam, bir yerdə müharibədə olmuşuq, həm də nənənlə qohum idik… Bu kənddə onsuz da hamı bir-birinə qohumdur, amma biz lap yaxın qohumuq…
Qocanın babası ilə müharibədə bir yerdə olmasını deməsindən məlum olurdu ki, onun ən azı 90 yaşı olmalıdır, amma bu yaşı ona heç vermək olmazdı, çox gümrah görünürdü. Qoca desə də, amma o, heç cür qocanı yadına sala bilmirdi.
-Adım Həsəndir, məni tanımasan da, nəvələrimi bəlkə də tanıyırsan, onlar da şəhərdə yaşayırlar… Elmar həkimdir, Elçin müstəntiq…
O, hər ikisini tanıyırdı… Elmarla isə lap yaxın dost idilər. Qəribədir ki, bir neçə il dostluqdan sonra bir yerli, hətta bir kəndli olmalarını bilmişdilər. Şəhərdə böyüməyindən idimi, yoxsa nədəndisə, onda ümumiyyətlə insanların hardan olmasını soruşmaq adəti yox idi… Hətta 10 il bir sinifdə, 5 il universitetdə bir qrupda oxuyan yoldaşlarının da haralı olmasını bilmirdi, heç maraqlandırmırdı da… Ona elə gəlirdi ki, bir adamla yalnız yerli olmağına görə dostluq etmək düzgün deyildir… Bir ailədə iki qardaş müxtəlif olduqları halda, bir neçə minlik rayon sakinləri ilə xasiyyətlərini, əqidələrini bilmədən dostluq etmək ağılsızlıqdır. Amma şəhərdə yalnız yerli olduqlarına görə bir-biri ilə dostluq edənləri, düz oldu-olmadı müdafiə edənləri, işə götürənləri çox görürdü. Elmarla isə bir dostunun müalicəsi zamanı tanış olmuş, savadına, mədəniyyətinə hörmət etmiş və dostlaşmışdılar. Bir dəfə isə söhbət zamanı yerli və eyni kənddən olmalrını bilmişdi…
-Hər ikisini tanıyıram, dayı, Elmarla isə lap yaxın dostuq, yaxşı oğlandır, savadlı həkimdir, şəhərdə adla tanınır…
-Hə, Elmar mənim sevimli nəvəmdir, uşaqlıqdan deyirdi ki, baba, böyüyüb həkim olacam, səni daim müalicə edəcəm ki, ölməyəsən… Dediyi kimi də oldu… İndi həmişə mənimlə maraqlanır, gəlib şəhərə aparatlata aparir, deyirəm, ay bala, özünü nahaq yerə yorma, top kimiyəm, bu dağların suyu, havası mənimçün ən yaxşı dərmandır… Allah hamının balalarını saxlasın, mənimkilər yaxşı çıxdılar… Kərəmin də uşaqları, maşallah, yaxşı çıxıblar, özünüz buralara gəlməsəniz də, yaxşı səs-sorağınız gəlir. Səni də yaman tərifləyirlər, deyirlər, yanına gələnləri əli boş qaytarmırsan heç vaxt… Allah əvəzini versin. Bunda deyəsən baban Kərəmə oxşamısan. O da bir tikəsini tək yeməzdi, baxmayaraq ki, heç özü də imkanlı deyildi. Nənənlə davaları da elə həmişə buna görə düşürdü. Nənən bir toyuq kəsib qazan asan kimi baban kənddə qabağına çıxan adamı güclə həyətə salıb onlara yedirdirdi… Allah rəhmət eləsin ona da…Yaxşı, ay bala, söhbət quzunu qurda verər, dur gedək, artıq günortadır…
O, nə qədər imtina etmək istəsə də, qoca ilə olan bu məhrəm söhbətlərdən sonra üzü gəlmədi, razılaşdı…
-Amma,dayı,əvvəl bir həyətimizə dəyim sonra…
-Yaxşı, ay bala, necə istəyirsən, onsuz da qonşuluqda qalırıq…
Onlar maşına tərəf getdilər. O, qapını açıb, qocaya hündür maşına minməkdə kömək etmək istədi, amma qoca yüngülcə bir sıçrayışla maşına oturdu. Onun dilindən istər istəməz “maşallah” sözü çıxdı.
-Elə Elmarda da səndəki kimi belə hündür maşındır, yəqin görmüsən, o da hər dəfə minəndə mənə kömək eləmək istəyir, hər dəfə də zarafatla deyirəm ki, qoca atandır, get ona kömək elə…
Hər ikisi gülüşdülər. O, sükanın arxasına keçıb maşını yerindən tərpətdi. Qəbiristanlıqdan kəndə həm ümumi yol gedirdi, həm də kəsmə yol vardı. O, kəsmə yol ilə sürəndə qoca yavaşca gülümsünüb ona baxdı.
-Yolları yaddan çıxarmamısan deyəsən…
Qəbiristanlıqdan gələndə ilk ev onlarınkı idi. O, maşını düz darvazanın qarşısında saxlayıb düşdü. Neçə illərdən sonra ilk dəfə gördüyü evin yazıq, tənha görünüşü onu qəhərləndirdi… Heç nə demədən taxta qapını açıb həyətə girdi. Həyəti ot basmışdı.Yay istisi otları yandırsa da, hündürlüyü qalmışdı. Ağacların çoxu qurumuşdu. Düz evin qabağında olan tut ağacı isə tam əyilmişdi. Bir normal külək onu yıxa bilərdi. Amma üstündə hələ də tut var idi… Ağaca yaxınlaşıb gövdəsini sığalalamağa başladı. Bu ağacla bağlı o qədər xatirələri vardı ki… O qədər bu ağacın üstünə qalxıb xalası, dayısı uşaqları ilə oynayardılar ki… Kənddə olanda hamıdan tez yuxudan durub acqarına bu tutdan yeyər, bir qədər də yığıb tez nənəsi üçün saxlayardı. Nənəsi yuxudan duran kimi əlindəki qabdan güclə də olsa bir-iki tut nənəsinə yedizdirməmiş ondan əl çəkməzdi…
Evə baxdı… Evin bir tərəfi artıq çökmüşdü… Bir vaxtlar kənddə ən yaraşıqlı olan bu ev indi baxımsızlıqdan, yetimçilikdən əyilmişdi… Ürəyi ağrıdı… Bir vaxtlar şəhərdən gələn qonaqların əlindən yer tapılmayan, böyüklərin, uşaqların səsindən bütün kənd köçən bu ev, həyət indi kimsəsiz və sükut içində idi… Ev canlı bir adam imiş kimi utandı evdən, gözlərini yerə dikdi, sanki onun üzünə baxa bilmirdi… Gözləri yaşardı… Bir qədər də keçsə ağlaya biləcəyindən narahat olaraq tez həyətdən çıxmaq istədi. Çönüb qocaya baxdı. Qoca düz onun yanında idi. Qoca da onun bu vəziyyətindən mütəəssir olmuşdu. Əlini onun çiyinlərinə vurub heç nə demədən kürəyindən ehmalca itələyərək onu qapıya sarı yönəltdi…
Qonşu həyətə yaxınlaşdılar…
Keç, ay bala, keç, çəkinmə, elə bil öz babanın evinə gəlmisən… Sən, ya Elmar, nə fərqi var ki… Keç… Ay arvad, qonağın var, çıx bayıra…
O,artıq heç bir tərəddüd etmədən həyətə keçdi… Bir mərtəbəli, amma səliqəli evdən bir yaşlı qadın çıxdı. Qocanın arvadı özü kimi gümrah deyildi, beli bükülmüş halda idi, amma yerişı iti idi. Qadın ona yaxınlaşan kimi tanıdı onu… Gülgəz xala idi… Uşaqlıqda bu həyətdə çox olmuşdu. Nənəsi ilə gələrdilər. Bu arvad da onun nənəsinin əmisi qızı idi…O,indi başa düşdü ki,niyə qocanı tanıya bilməyib. Həmin vaxtlar o uşaq olanda Gülgəz xala tək yaşayırdı. Deyirdilər ki,əri rayon mərkəzində bir həkim qadınla evlənərək arvadını, uşaqlarını atıb gedib. Deməli, sonradan qayıdıb kəndə…
Arvad da onu görən kimi tanıdı,bir qədər ona baxıb deyəsən adını yada salmaq istəyirdi…
-Salam, ay bala, Azad deyilsən?
Bunu deyib onun boynunu qucaqlayıb əsl doğmalar kimi öpdü. Lap əsl nənəsi kimi… Uşaq vaxtları kəndə gəlməyə nə qədər sevinirdisə, burda onu görən hər qoca arvadın onu qucablayıb öpəcəyindən xoşu gəlmirdi. Həmin qoca arvadlar onu öpən kimi tez kənara şəkilib üzünü silərdi. Anası bunun üstündə dəfələrlə onu danlasa da xeyri olmurdu… Qoca arvadların qırışlı sifətlərlə, iy gələn ağızları ilə onu öpmələrindən iyrənirdi. Amma indi bu qoca arvadın onu beləcə ürəkdən öpməsi elə xoşuna gəldi ki, özü də hər iki yanağından öpüb, arvadı bağrına basıb bir qədər saxladı. Sanki bu arvaddan nənəsinin iyini almaq istəyirdi…
-Ay saqqalın ağarsın səni, bir dəfəlik getmisən deyəsən kənddən… Nənəndən sonra elə bil küsmüsən buralardan… Bəs biz sənin nəyinik? Nənən deyilik bəyəm?.. Keç, ay bala, gəl bu tutun altında otur, sərinlən bir az… Mən də tez al-ayaq eləyim… Ay qız, tez samovara od sal, çay ver balama…
Keçmə bu kənd adamlarının qonaqsevərliyindən… Şəhərdə insanlar bu qədər təbii, doğma ola bilmirlər heç..
O, qoca ilə birlikdə tutun altında olan taxta skamyada oturdu. Bir qədər həyətə boylandı. Hiss olunurdu ki, baxımlı həyətdir… Hər yer səliqəli, otlar biçilmiş, ağaclar sıra ilə əkilmişdi…
-Burda kimlə qalırsan, dayı?..
-Ən böyük oğlum qalıb həyətdə, indi Bələdiyyə sədridir, hörmətli kişidir rayonda, bir azdan nahara gələcək, tanış edərəm…
O, qoca ilə söhbət etsə də, gözü öz evlərində idi… Keçmiş vaxtlar olsaydı, indi yay aylarında hamı onların həyətinə yığışardı…Yayda dayıları, atası, xalasının əri bir yerdə olanda bütün kəndi həyətə yığardılar. Dayısı, atası, xalasının əri yüksək vəzifələrdə olduqlarına görə bütün kəndə pay-puş gətirərdilər hamını da həyətə yığıb hədiyyələrini paylayardılar. Kişilərin isə əsl bayramı olardı, hər gün qoyun kəsilər, kişilərə qonaqlıqlar verilərdi… İndi isə o həyətdən bir səs belə çıxmırdı,bu 20 ildə bəlkə də bir nəfər də olsun bu həyətin qapısından içəri girməmişdi…
O, başını qaldıranda cavan bir gəlin əlində padnos çay gətirdi,onunla salamlaşıb çayları stolun üstünə qoydu. Anasını soruşdu. O da cavab verdi ki, yaxşıdır, salam-duası var. Qız ona tanış gəldi, amma tam diqqətlə ona baxmaqdan utandı, deyəsən, qocanın gəlini idi… Amma qız ondan ürəkli çıxdı…
-Azad, deyəsən məni tanımadın, Seviləm də,Tofiq dayının qızı…
O, həmin an tanıdı gəlini. Sevil ilə həmyaşıd idilər. Bir vaxtlar hətta onu uşaq qəlbi ilə sevirdi də… Nənəsigilə gələn kimi onunla söhbət edir, uşaqlarla oynayanda həmişə bir gözü onda olurdu. Ən çox da futbol oynayanda özünü öldürürdü ki, qol vursun və Sevilin xoşuna gəlsin… Amma ona ürəyindəkiləri deməyə curət etmirdi. Həmin vaxt onun 16 yaşı vardı… Sevil isə yaşına görə çox böyük görünürdü. Boyu-buxunu yaşıdlarından fərqlənirdi.Yayda köynəklə gəzəndə sinəsi lap qabarıq görünür və kəndin bütün oğlanlarını dəli edirdi. Onu kənddə çox oğlanlar istəyirdi… Bir dəfə toyda axşam vaxtı evə qayıdanda yolda rastlaşdılar. Həmin gün Sevil lap gözəl görünürdü. O, əyninə qalın bir şey geyinmək üçün evlərinə gedirdi, Sevil isə hələ mağara təzə gəlirdi. Cığırda rastlaşdılar, salamlaşdılar, O, Sevilə dedi ki, “səninçün olsun”. Sevil də eyni sözlə ona cavab verdi, hər ikisi bir birinə baxıb gülümsündülər… Bir həftədən sonra eşitdi ki, əsgərlikdən yeni gəlmiş qonşu oğlan ona elçi göndərib və Sevili o oğlana veriblər. Həmin gecə doyunca ağlamışdı Azad. Bilmirdi ki, özünü nəyə görə qınasın… Ürəksiz olmasına görəmi, yaşı az olmasına görəmi… Bir qədər böyük olsaydı, bəlkə də, bu evliliyin qarşısını alar, Sevili oğurlayıb aparardı… Amma bacara bilməzdi bunları…
İndi bir anlıq bunları xatırlayıb yenidən Sevilə baxdı… İllər o gözəlliyi bir qədər soldurmuşdu, həmyaşıd olmalarına baxmayaraq, Sevil daha böyük görünürdü. Yəqin kənd həyatının çətinlikləri, uşaqlara, ərə, qaynanaya, qaynataya qulluq öz işini görmüşdü…
Çaylarını içdilər,sonra Gülgəz xala yaxşı bir toyuq çığırtması gətirdi, onu də lavaşla yedilər. Lap uşaqlığı yadına düşdü. Bu, nənəsinin də tez-tez bişirdiyi yemək idi… Yeməkdən sonra bu sərin ağacın altında uzanıb yatmaq keçdi ürəyindən, amma utandı. Sanki qoca da onun ürəyiundən keçəınlərdən xəbər tutub ona uzanıb dincəlməyi təklif etdi. Amma o, razılaşmadı. Şəhərə qayıtmalı idi. Burda ona nə qədər yaxşı olsa da, ona qarşı nə qədər mehriban olsalar da, çox qala bilməyəcəkdi kənddə. Ürəyi sıxılırdı… Hər adam, hər rast gəldiyi yer ona qayğısız uşaqlığını xatırladırdı, qəhərlənmək də vəziyyətini lap ağırlaşdırırdı. Tezliklə buralardan çıxıb getmək istəyirdi. Ona görə də qocaya, ondan da çox israr edən Gülgəz xalaya təşəkkür edib getmək istədiyini bildirdi. Nə qədər israr etsələr də, razılaşmadı. Sonda ev sahibləri də çarəsiz qalıb razılaşdılar.Gülgəz xala əlində bir səbətlə gəlib zorla maşına qoydu. Dedi ki, bunu da anana verərsən, Gülgəz xaladan da salamalar deyərsən…
Qocalarla görüşüb həyətdən çıxdı…
Bu dəfə maşını kənd içi ilə sürdü ki,məsciddə namazlarını da qılsın. Zöhr namazına az qalırdı. Məscidin qarşısında maşını saxladı. Məscidə girəndə heç kimi görmədi.Tez bir kənara çəkilib namazını qıldı. Məscidin divarlarından hiss olunurdu ki, sonuncu dəfə burda təmir lap çoxdan aparılıb. Məscid qədim və balaca idi. Bunu kəndlərində Əfəndilər keçən əsrin əvəəvlərində tikmişdilər. Uşaqlıq dönəmində bura bağlı idi. Kəndlərində cəmi bir-iki molla namaz qılırdı, onlar da qorxularından evdə qılırdılar…
Bir azdan bir cavan oqlan gəlib pilləkənlərin üstündə azan verdi.Yavaş-yavaş adamlar yığışırdılar. Gələnlər elə də çox deyildilər. Cəmi 5 yaşlı kişi və 2 nəfər də yeniyetmə idi. O da səfə durub namazını qıldı. Salamlaşıb namazdan çıxan kimi ayağa durdu. Namaz qıldıran kişini tanıdı. Bu Abdulla müəllim idi…Əvvəl bu kənd məktəbinin direktoru, tarix müəllimi olmuşdu. Ona yaxınlaşıb salamlaşdı.
-Salam, Abdulla müəllim,necəsiniz?
-Salam, ay bala, xoş gəlmisən…
-Tanıdınız məni?
-Niyə tanımadım, ay bala, Azad deyilsən? Baxma ki,kəndə gəlmirsiniz uzun illərdir, mənim yaddaşım yaxşıdır. Həm də səni lap yaxşı xatırlayıram, sən uşaqlıqdan kitab həvəskarı idin, kitabxanamızda kitab qoymamışdın oxumamış. Oxuyan uşaq da ki, biz müəllimlərin gözunun bəbəyidir… Oxuduğun kitablar da köməyin olub, eşitdiyimə görə alimsən,universitetdə dərs deyirsən…
-Hə, Abdulla müəllim, siz müəllimlərə minnətdaram…
-Çox sağ ol, ay bala, sizin kimi uşaqları görəndə ürəyim dağa dönür. Bu kənddən çox yaxşı uşaqlar çıxdı, sağ olsunlar, adımızı ucaltdılar, indi şəhərdə hamısı vəzifədədirlər… Bircə sənin o balaca qardaşının sorağı yaxşı gəlmir.Elə bil bu nəslin uşağı deyil. Sizin nəsildə hamısı ali savadlı,tərbiyəli insanlar olub,bu yeqin atası tərəfə çəkdi… İndi hardadır?…
O, bu uzaq dağ kəndində oturub hər şeydən xəbəri olan kənd adamlarına heyrət elədi… Hər şeydən xəbərləri var idi… Hətta qardaşının əməllərindən də… Balaca qardaşı orta məktəbin son siniflərində həyətin avara uşaqlarına qoşulub oxumadı, sonra da dava edərkən birini biçaqla vurub türməyə düşdü, bununla da o yolu tutdu, neçə dəfələrlə həbsdə yatdı, indiyə qədər də ailə qurmamış, bir işin sahibi olmamışdı…
-O, elə uşaqlıqdan belə idi… Burda da gündə dava salırdı, böyüklərə cavab qaytarırdı. Bir dəfə də mənə cavab qaytardı, mən ona bir şillə vurdum, məndə daha ana-bacı qoymayıb söydü, mən də döydüm onu… Sonradan neçə gün özümə gəlmədim ki, uşağa əl qaldırmışam… Həmin gün ot tayamı yandırdılar… Milisə xəbər vermək istədilər, qoymadım… sonradan onun bu axmaq hərəkətlərini eşidəndə başa düşdüm ki, mənim ot tayamı da o yandırmışdı o vaxt məndən acıq çıxmaq üçün…
Abdulla müəllimin bu sözləri onun xatirəsindən tamam çıxmış bir hadisəni yadına saldı…
… O vaxt Abdulla müəllim həqiqətən də onun balaca qardaşını pis döymüşdü. Qardaşı onu vurduğuna görə Abdulla müəllimin anasını,var-yoxunu pis söydü, Abdulla müəllim də onu möhkəmcə əzişdirdi, ağız-burnunu qanatdı. Həmin vaxt onun 12-13 yaşı olardı, Abdulla müəllimə gücü catmadığı üçün qardaşının qisasını almağa yollar axtarırdı. Birdən ağlına gəldi ki, gedib onun ot tayasını yandırsın. Bir vaxtlar eşitmişdi ki, kəndçinin ot tayasını yandırmaq onun elə evini yıxmaq kimi bir şeydir. Abdulla müəllimin ot tayası kənddən bir az aralı Canqayıb bağları adlanan yerdə idi. Evdən kibrit götürüb ora getmiş, ətrafa boylanıb heç kimin görmədiyinə əmin olandan sonra 4 tərəfdən tayaya od vurub kəndə qaçmışdı. Heç 5 dəqiqə keçmədi ki, bütün kəndə bu barədə xəbər yayıldı. Heç kim inanmaq istəmirdi. Çünki Abdulla müəllim kənddə çox hörməti olan bir adam idi, heç bir düşməni də yox idi. Kənddə isə ot tayasını yalnız düşmənçiliklə yandırırdılar. Həmin vaxt kəndə şayiə yayıldı ki, milis it gətirib iylə tayanı yandıranı tapacaqlar. Bu xəbəri eşıdən kimi onun qorxudan bütün bədəni əsmişdi. 3-4 gün söhbət köhlənənə qədər onun gecələr də yuxusu qaçmışdı…
İndi həmin hadisəni yadına salıb xəcalət təri basdı onu. Abdulla müəllimin üzünə da baxa bilmədi… Həm də ona görə xəcalət çəkdi ki, onun elədiyini indiyə qədər Abdulla müəllim qardaşından bilirdi… Heç nə deyə bilməyib tez-tələsik sağollaşıb ayrıldı ondan…
Kənddən çıxanda yolun kənarında ot tayaları gördü. Maşını orda saxlayıb tayanın yanında duran adamlara yaxınlaşdı. Onlarla nə isə danışıb pullarını verdi. O, rayondan çıxıb Bakı yoluyla gedəndə otla yüklənmiş iri bir maşın Abdulla kişinin həyətinə girirdi…
Sumqayıt şəhəri, yanvar – 2012-ci il