Yüzminlərlə vətəndaşın tapdanmış haqqı bərpa edilməlidir
Bir milyon nəfərədək vətəndaşın problemini özündə ehtiva edən özəlləşdirmə çekləri (vauçer) ilə bağlı problem aktuallığını qoruyur. İllər boyu deputatlar, ziyalılar, ekspertlər, sıravi vətəndaşlar tərəfindən dönə-dönə dilə gətirilən, aidiyyəti qurumlara çağırışlar edilən, hökumətin təcili tədbirlər görməsinə yönəlik fikirlər səsləndirilən ÇEK və HAQQ məsələsi həllini tapmır ki, tapmır.
Özəlləşdirmə çeklərinin həm HÜQUQ, həm də MƏNƏVİYYAT məsələsi olması barədə saysız-hesabsız məqalələr yazılıb, mövqelər sərgilənib, izahatlar verilib, fikirlər bəyan edilib, fakt-sübutlar ortaya qoyulub. Mütləq şəkildə isbat edilib ki, özəlləşdirmə çekləri mülkiyyətdir, mülkiyyət haqqı onun sahibinə məxsusdur, onun sahibi olan vətəndaşın haqqını Konstitusiya və qanunlar qoruyur – nəticədə bu HAQQ alına, tapdana, pozula bilməz!
Dövlət özəlləşdirmə çekləri, bu çeklərin qanunsuz şəkildə tədavüldən çıxarılması, əhalinin halal haqqının əlindən alınması və yüzminlərlə vətəndaşın dövlətdən ƏDALƏT tələb etməsi haqda, yuxarıda da qeyd olunduğu kimi, illərlə danışılır, yazılır, ifadə olunur. Ən müxtəlif sahələri təmsil edən aydın insanlar, düşüncə sahibləri, mütəxəssislər, dövlətini və xalqını sevən ziyalılar, millət vəkilləri səviyyəsində illər uzunu problem hökumətin diqqətinə çatdırılıb, ədalət çağırışı edilib, milli birlik və bərabərlik naminə bu problemin çözümünün vacibliyi vurğulanıb.
AYNA mövzuya dair sonuncu çağırış Azərbaycan Milli Məclisinin deputatlarının zaman-zaman dilə gətirdikləri fikirlərdən qısa xülasələri təqdim edir:
Aydın Mirzəzadə:
“Özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması vacibdir. Sözsüz ki, əhaliyə əvəzsiz özəlləşdirmə çeklərinin paylanılması, onların özəlləşdirməyə çıxarılacaq dövlət müəssisələrinin əsas payçılardan biri olması çox mühüm qərar idi. Ümummilli liderimiz Heydər Əliyevin digər fərmanları kimi, bu fərmanı da vətəndaşların mənafeyinin qorunmasına xidmət edirdi… Nəzərə alanda ki, tədavül müddəti başa çatıb və vauçerləri əlində qalan çoxlu sayda vətəndaşımız var, bu mənada onların hüquqlarının qorunması labüddür. İmkan yaratmaq lazımdır ki, onlar çeklərini mübadilə etsinlər. Bu gün çekləri əllərində qalan vətəndaşlar var. Ümid edirəm ki, onların da problemi öz müsbət həllini tapacaq”.
Azər Badamov:
“Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara özəlləşdirmə çeklərinin verilməsi tarixi qərar idi. Çox mütərəqqi sərəncam idi və bütün ölkə vətəndaşları bu vauçerlərdən bəhrələnə bildilər. Yararlana bilməyənlər üçün isə tədavül müddəti bir neçə dəfə uzadıldı. Sözsüz ki, bu gün də vauçerləri əllərdə qalan insanlar var. Əlbəttə ki, tədavül müddətinin yenidən artırılması yaxşı olardı. Bu, insanların sosial rifah halına müsbət təsir göstərməklə yanaşı, həm də onların özəlləşdirmə prosesində iştirakını təmin edə bilər. Bu halda, insanlar əllərindəki özəlləşdirmə çeklərini əmlak özəlləşdirilməsində istifadə edə bilərlər. Bu, həm də insanların aldıqları pay idi və istifadəsiz qalıb. Ona görə də bu barədə düşünmək lazımdır. Lakin yekun qərarı hökumət və müvafiq dairələr verəcək. Bütün hallarda bizim gözləntilərimiz yüksəkdir”.
Vahid Əhmədov:
“Prezident İlham Əliyevin fərmanı ilə yaradılan və bəzi dövlət qurumlarına ümumi rəhbərliyi həyata keçirən Azərbaycan İnvestisiya Holdinqinin əsas fəaliyyət istiqamətlərindən biri məhz bununla bağlıdır. Bu gün bir çox müəssisələr var ki, onlar dövlətin ayırdığı subsidiyalar hesabına fəaliyyət göstərir. Faktiki olaraq zərərlə işləyir və dövlət büdcəsinə əlavə yükdürlər. Gözlənilir ki, həmin müəssisələr və ya onların müəyyən xidmət sahələri özəlləşdirmə hərracına çıxarılsın… Bu mənada vətəndaşların əllərində qalan özəlləşdirmə çeklərinin taleyinə də aydınlıq gətirilə bilər. Əgər dövlət özəlləşdirmə prosesinə başlayarsa, özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılması məsələsinə baxıla bilər. 2011-ci ildə tədavül müddəti başa çatandan sonra çekləri əllərində qalan vətəndaşlarımız var. İlkin ehtimallara görə, onların sayı yüz minlərlədir. Hesab edirəm ki, onlarla bağlı məsələyə də aydınlıq gətirilməlidir. Və ümid edirəm gətiriləcək də”.
Fazil Mustafa:
“Başqa ölkələrdə dəymiş zərərə görə kompensasiya ödənilməsi təcrübəsi mövcuddur. Azərbaycanda da bunu həyata keçirmək lazımdır. Vətəndaşları Allahın ümidinə buraxmaq olmaz və bu məsələ tezliklə öz həllini tapmalıdır. Dövlətin borcudur ki, ya tədavül müddətini artırsın, ya da dəymiş ziyanı kompensasiya etsin… Hesab edirik ki, zərər çəkmiş vətəndaşların hüquqları təmin olunmalıdır. Çünki bu vauçerlər vətəndaşların halal haqqıdır və onların öz sərmayələrindən istifadə etmək hüquqları var. Bu hüququ isə heç bir halda məhdudlaşdırmaq olmaz… Vətəndaşın itkilərə məruz qalması ilk növbədə dövlətin özünün ziyanınadır. Dövlət özü maraqlı olmalıdır ki, kompensasiya ödənişləri vaxtında həyata keçirilsin. Çox təəssüf ki, mütəmadi olaraq bu kimi məsələlərdə icraçı məmurlarının yersiz müdaxiləsi ilə qarşılaşırıq. Bunlar yolverilməzdir və məmurların bu prosesə mane olmaq, ləngitmək cəhdləri aradan qaldırılmalıdır”.
Vüqar Bayramov:
“Özəlləşdirmə çeklərinin təkrar tədavülə qaytarılması üçün qanunverici bazaya yenidən baxılmalıdır. Özəlləşdirmə çeklərinin 20 faizi hələ də əllərdədir və bu, kifayət qədər ciddi rəqəmdir. Pay sahibi olan vətəndaşların haqqıdır ki, qanunun onlara tanıdığı bu imkandan yararlansınlar. Bu günə qədər bir neçə dəfə tədavül müddəti artırılsa da, 2011-ci ildən prosesə yekun vurulub. Çekləri əllərində qalan vətəndaşların əksəriyyəti hesab edir ki, proses yarımçıq aparılıb deyə onlar vauçerləri satışa çıxarmaqdan imtina ediblər. Buna görə onları ittiham etmək düzgün deyil. Bütün hallarda yüzminlərlə insanın hüquqları bərpa edilməlidir”.
Məlahət İbrahimqızı:
“Bu, kifayət qədər vacib məsələdir. Bu gün əllərdə yüzminlərlə özəlləşdirmə çekləri qalıbsa, onların taleyinə aydınlıq gətirilməlidir. Bütün hallarda vauçerlər qiymətli kağızdır. Hər bir vətəndaşın problemi qanunvericilik və ölkə qanunları çərçivəsində həll olunmalıdır… Həqiqətən də, çox böyük sayda vətəndaşımıza ziyan dəyib və adekvat addımlar atılmasına, onlara dəyən ziyanın ödənilməsinə çox ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, bu, sadə məsələ deyil və həll olunması zaman tələb edir. Ola bilər ki, mərhələli şəkildə, yaxud da kompensasiya ödənilməsi formasında bu problem öz həllini tapsın”.
Fəzail Ağamalı:
“Özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır. Ötən əsrin 90-cı illərinin sonlarında verilmiş özəlləşdirmə çeklərindən vətəndaşların maraq və mənafeyinə uyğun şəkildə istifadə edilmədi. Bu səbəbdən də bəzi vətəndaşlarımız bu vauçerləri satışa çıxardılar. Öz çeklərini başqalarına hədiyyə edənlərlə yanaşı bu gün də özündə saxlayan pay sahibləri var. Bəzi iddialara görə, onların sayı yüzminlərlədir. Lakin bu dəqiq siyahı deyil və bununla bağlı ətraflı araşdırma aparılmalıdır. Çox təəssüf ki, bəzi işbazlar bu prosesdən faydalandılar və vətəndaşların mənafeyi təmin edilmədi. Halbuki bununla bağlı fərmanda onlar əhaliyə miras kimi göstərilirdi. Həmin işbazlar da ayrı-ayrı dövlət müəssisələrində pay sahibinə çevrildilər… Bütün hallarda vətəndaşlara dəymiş ziyan kompensasiya edilməlidir”.
Aqil Abbas:
“Özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırılmasına ciddi ehtiyac var. O zaman Ulu Öndər Heydər Əliyevin bununla bağlı imzaladığı fərman cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılandı. Keçid dövründə özəlləşmə zamanı vətəndaşlara yaradılan şərait dövlət dəstəyinin bariz nümunəsi idi. Baxmayaraq ki, ortada mütərəqqi siyasi iradə var idi, bəzi işbazlar prosesin uğurla başa çatmasına imkan vermədilər. Əksər payçılar çekləri çox ucuz qiymətə satsalar da, elələri oldu ki, ümumiyyətlə, bu prosesdən yararlana bilmədilər. Elə biri mən özüm. Tədavül müddətinin yenidən artırılması müsbət addım olardı. Bu, imkan verər ki, nəhayət, vauçerləri əllərində payçılar dövlət dəstəyindən yararlana bilsinlər”.
Tahir Kərimli:
“Vətəndaşların dövlət dəstəyindən faydalanmasını təmin etməli olan vauçerləri indi dəyərsiz kağız parçalarına çeviriblər. Bu insanların günahı nədir?! İddia edirlər ki, zamanında sata bilərdilər. Axı, bu proses lazımi səviyyədə icra edilməyib və böyük qüsurlarla müşayiət olunub. Bu gün ölkədə kompleks islahatlar aparılır, dövlət-vətəndaş münasibətləri keyfiyyətcə yeni mərhələyə adlayır. Belə bir şəraitdə özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların da taleyinə aydınlıq gətirilsə, yaxşı olar. Qanunvericilik də buna imkan verir, hökumətin də imkanı var ki, bu problemi həll etsin. Bu mənada dəymiş zərərin kompensasiya olunması və ya tədavül müddətinin artırılması ilə bağlı təşəbbüsləri dəstəkləyirəm”.
Anar İsgəndərov:
“Bu gün çekləri əllərində qalan vətəndaşlar var və onların taleyinə aydınlıq gəlməlidir. Bir tarixçi alim olaraq deyə bilərəm ki, özəlləşdirmə çekləri ilə bağlı qərar uzaq tarixdə verilməyib. Xatirimdədir, o zaman bununla bağlı Ulu Öndər Heydər Əliyevin fərmanı ictimaiyyət arasında coşqu ilə qarşılandı… Bu gün müvafiq qurumlar bununla bağlı hərəkətə keçməlidir. Şübhəsiz ki, vətəndaşların mülkiyyət hüquqlarının qorunması zəruridir. Aidiyyəti qurumlar bununla bağlı monitorinq aparmalıdır. Çekləri əllərində qalan vətəndaşların sayı nə qədərdir, onların gələcək taleyinə hansı formada qərar verilməlidir? Tədavül müddəti artırılmalıdır, yoxsa kompensasiya ödənilməlidir? Yaxud da növbəti özəlləşdirilmə prosesində iştiraklarına şərait yaradılmalıdır? İqtisadçı olmadığıma görə, bu məsələyə dair hər hansı rəy verə bilmərəm. Lakin bir məqam var ki, özəlləşdirmə çekləri əllərində qalan xeyli sayda vətəndaş var və bu məsələyə məntiqi yekun vurulmalıdır”.
Zahid Oruc:
“Müxtəlif vətəndaşlarımızın çoxsaylı müraciətləri fonunda özəlləşmə çekləri ilə bağlı məsələ bu və ya digər formada gündəmdə özünə yer edib. Bu məsələdə müvafiq dövlət strukturlarının daha geniş izahatlar aparmasına və bir sıra addımlar atmasına ehtiyac var. Çünki istər hüquqi, istərsə də taktiki məsələlərdə, bəlkə də, Konstitusiya Məhkəməsi səviyyəsində hüquqi təsvirə ehtiyac olan mövzular var… Əksər şəxslər özəlləşdirmə prosesində iştirak edə bilmədiklərini irəli sürürlər və o çekləri hələ də saxlayırlar. Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə, əlində çeki qalan şəxslərlə bağlı konkret addımlar atılmalı və ya onların hüquqlarının bərpası üçün özəlləşmə zamanı hansısa payı özündə ehtiva edən mülklərlə bağlı tədbirlər görülməlidir. Fikrimcə, bu məsələdə hüquqi cəhətdən mübahisələndiriləcək məqamlar yetərincədir… Əslində, dövlət tərəfindən özəlləşdirmə çeklərinin tədavülə buraxılmasında başlıca məqsəd prosesin şəffaf şəkildə aparılması ilə vətəndaşların hüquqlarının qorunması və iqtisadi mühit üçün imkanların əldə edilməsindən ibarət idi. Hazırda dövlət özəlləşmənin sayca bir neçə mərhələsini reallaşdırmaqdadır… Özəlləşdirmə çeklərinin yenidən tədavülü sahibkarlıq mühitinə müsbət təsir edə bilər. Eyni zamanda vətəndaşların hüquqlarının qorunması baxımından da uğurlu addım olar. Çünki ölkə rəhbəri hər zaman bu məsələyə xüsusi həssaslıqla yanaşır”.
(Sonuncu çağırış Milli Məclisin digər üzvlərinin də mövzuya dair fikirlərini ictimaiyyətə təqdim edəcəyik)
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.