Vətəndaşların halal haqlarından məhrum edilməsi media nümayəndələrini narahat edir: “Bu problemə son qoyulmalıdır”
Bir milyon nəfərədək vətəndaşın problemini özündə ehtiva edən özəlləşdirmə çekləri (vauçer) ilə bağlı problem aktuallığını qoruyur. İllər boyu deputatlar, ziyalılar, hüquqşünaslar, sıravi vətəndaşlar tərəfindən dönə-dönə dilə gətirilən, aidiyyəti qurumlara çağırışlar edilən, hökumətin təcili tədbirlər görməsinə yönəlik fikirlər səsləndirilən ÇEK və HAQQ məsələsi həllini tapmır ki, tapmır.
Özəlləşdirmə çeklərinin həm HÜQUQ, həm də MƏNƏVİYYAT məsələsi olması barədə saysız-hesabsız məqalələr yazılıb, mövqelər sərgilənib, izahatlar verilib, fikirlər bəyan edilib, fakt-sübutlar ortaya qoyulub. Mütləq şəkildə isbat edilib ki, özəlləşdirmə çekləri MÜLKİYYƏTDİR, mülkiyyət haqqı onun sahibinə məxsusdur, onun sahibi olan vətəndaşın haqqını Konstitusiya və qanunlar qoruyur – nəticədə bu HAQQ alına, tapdana, pozula bilməz!
Dövlət özəlləşdirmə çekləri, bu çeklərin qanunsuz şəkildə tədavüldən çıxarılması, əhalinin halal haqqının əlindən alınması və yüzminlərlə vətəndaşın dövlətdən ƏDALƏT tələb etməsi haqda, yuxarıda da qeyd olunduğu kimi, illərlə danışılır, yazılır, ifadə olunur. Ən müxtəlif sahələri təmsil edən aydın insanlar, düşüncə sahibləri, mütəxəssislər, dövlətini və xalqını sevən ziyalılar, millət vəkilləri səviyyəsində illər uzunu problem hökumətin diqqətinə çatdırılıb, ədalət çağırışı edilib, milli birlik və bərabərlik naminə bu problemin çözümünün vacibliyi vurğulanıb.
AYNA zaman-zaman problemi dilə gətirən, hökuməti təcili tədbirlər görməyə səsləyən tanınmış media nümayəndələrinin fikirlərindən qısa xülasələri təkrar ictimaiyyətin və hökumətin diqqətinə çatdırır.
Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:
“Tədavül müddəti bitənə qədər məndə hər biri dörd çekdən ibarət 7 vauçer olub. Bunlar mənim ailə üzvlərinə və valideynlərimə məxsus vauçerlər idi. Açığını desəm, o zaman həmin özəlləşdirmə çeklərini satmağa tələsmədim. Gözləmə mövqeyinə üstünlük verdim. Bunun da əsas səbəbi çeklərin dəyərinin artacağı ilə bağlı ümidlərin olması idi. Digər yandan vaxt da tapa bilmirdim. Bu gün də həmin çeklər məndə qalır.
Bu gün həmin çeklərin tədavül müddətinin artırılacağına ümid edirəm. Müşahidələrimə rəğmən deyə bilərəm ki, bu gün sosial mediada bununla bağlı səhifələr mövcuddur. Mətbuatda və internet xəbər resurslarında çoxsaylı məqalələr dərc olunur. Arzu edərdim ki, tədavül müddəti yenidən artırılsın. Bu, baş verərsə, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilmiş olar”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:
“Açığını desəm, şəxsimə və ailə üzvlərimə məxsus çekləri istifadə edib-etmədiyimizi xatırlamıram, dəqiq xatirimdə deyil. Bu çeklərlə bağlı gözləntilər böyük idi. Bəziləri bu çekləri dövlət mülkiyyətinə aid olan müəssisələrə yerləşdirdi, bəziləri “qara bazar”da mübadilə etdi, bəziləri isə hələ də qoruyur. Bu barədə təfsilatı ilə məlumatlara malik deyiləm. Bildiyim odur ki, çeklərin tədavül müddəti artıq başa çatıb.
Təklif edir ki, çeklərin tədavül müddəti artırılsın. Bunun yalnız faydası ola bilər. Çünki yüzminlərlə vətəndaşın vauçerləri hələ də özündədir. Digər yandan, qarşıda dövlət müəssisələrinin yenidən özəlləşməyə çıxarılması gözlənilir. Bu xüsuda vətəndaşlara yenidən şans verilməsi, müddətin yenidən artırılması və vauçerlərin yenidən dövriyyəyə qaytarılması yaxşı olardı”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev:
“Sovetlər dövründə Azərbaycanda nə qədər zavod, fabrik var idi. Kondisioner zavodu, Tütün Kombinatı və sair vardı. Hanı bu müəssisələr? Hansı ki, bu zavodların əsasən özəlləşdirmə çekləri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulurdu. Onların hamısının yerində göydələnlər inşa ediblər.
Vətəndaş bu prosesin əvvəlindən aldadıldı. Özəlləşdirmə çeklərinin qiyməti heç zaman 120 ABŞ dollarını keçmədi. Məmur oliqarxiyası müxtəlif üsullarla “qara bazar”da çekləri əhalidən yığdı. Bir də onda ayıldıq ki, iş işdən keçib. Elan etdilər ki, hər şeyi özəlləşdirdik, aldıq, satdıq və artıq proses başa çatıb.
Nəyə başlamışdınız ki, nəyi də bitirdiniz?! Sovetdən qalma dövlət əmlakını əyri yollarla qəsb etdilər, əhalini də məcbur etdilər ki, qəpik-quruş davası aparsın. Bu gün də yüz minlərlə vətəndaş özəlləşdirmə çeklərini qoruyub saxlayır. Rusiyanın özəlləşdirmə maxinasiyalarının kopyasını gətirib Azərbaycanda tətbiq etdilər”.
Tanınmış teleaparıcı, əməkdar jurnalist Mətanət Ağamirli:
“Mən öz vauçerlərimiz saxlamamışam. Daha doğrusu, həmin vauçerləri alan kimi valideynlərimə verdim. Onların sonrakı taleyindən isə xəbərim olmadı. Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanı böyük sevinc yaratmışdı. Çünki fərmanda bilavasitə qeyd olunurdu ki, özələşdirməyə çıxarılacaq dövlət mülkiyyətinin əsas payçıları vətəndaşlar olacaq. Mütərəqqi addım olsa da, məmur oliqarxiyasının qurbanına çevrildi.
2011-ci ildə tədavül müddəti başa çatan vauçerlərin yenidən dövriyyəyə qaytarılmasını labüd sayıram. Çünki proses tam başa çatmayıb. Digər yandan, iki milyona yaxın çek hələ də əllərdədir. Onların hüquqlarını bərpa etmək, bu tarixi missiyasını başa çatdırmaq, eyni zamanda qarşıdakı özəlləşdirmə prosesində vətəndaşların iştirakını təmin etmək məqsədilə bu addım atılmalıdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu layihə məntiqi yekuna çatmalıdır”.
Tanınmış teleaparıcı Fira Cəlilova:
“2008-ci ildə ABŞ-da olarkən rastlaşdığım mənzərə bu inkişaf etmiş dünya dövlətində vətəndaşların hüquqlarına daha ciddi yanaşıldığı faktını ortaya qoydu. Deməli, amerikalılar onlara verilən hüquqlardan və imtiyazlardan lazımi səviyyədə istifadə edirdilər. Bizdə isə bu çeklər verilsə də, sonrakı taleyi qaranlıq oldu.
Bizdəki çeklər hələ “soyuducudadır” və “buzu” hələ də açılmayıb. Bizdə çox vaxt belə olur. Bu gün çeklər də digər sənədlər kimi, “soyuducuda” saxlanılır. Hələlik “buzu” açılmayıb. Ümumiyyətlə “buzu” açılacaq, ya yox – bu barədə qəti söz demək də mümkün deyil. Amma nəzərə alanda ki, “buz dolabında” saxlanılan çeklər çoxlarının “qidasıdır”, bu mənada zəruridir ki, onların “donu” açılsın. Yəni, çeklərin tədavül müddəti artırılsın”.
“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev:
“Vaxtilə mənim də əlimdə vauçerlər vardı. Əslində, gözləntimiz böyük idi. Uzun müddət saxladıq və ümid edirdik ki, dəyəri artacaq. Görəndə ki, dəyəri artmır, dostlardan birinə hədiyyə etdim. Çünki tədavül müddəti bir neçə dəfə uzadılsa da, qiymətləri artmırdı. Halbuki, bununla bağlı fərmanda vətəndaşlar üçün böyük imtiyazlar nəzərdə tutulurdu. Təəssüf ki, bu, baş vermədi. Bundan sonra saxlamaqda da bir məna görmədik.
Onların tədavül müddətinin yenidən artırılmasını vacib sayıram. Nəzərə alanda ki, yüzminlərlə insan hələ də bu çekləri özündə saxlayır, bu mənada tədavül müddətinin yenidən artırılması labüddür. Bunun üçün xüsusi dövlət proqramı işlənib hazırlanmalıdır. Hansı formada həyata keçiriləcəyi isə müvafiq qurumların səlahiyyətində olan məsələdir”.
“Ayna.az” saytının redaktoru Tural Məmmədov:
“Ailəmizə məxsus 5 ədəd vauçer var. O zaman bu çeklərin getdikcə daha da dəyər qazanacağı düşünülürdü, böyük ümidlər vardı. “Qara bazar”da belə bir qiymətli dövlət kağızını satmağı düşünmürdük. Lakin sonra görünməz əllər prosesi düyünə saldı və həmin oyunların “mıntiqi yekunu” olaraq özəlləşdirmə çeklərinin tədavülü dayandırıldı.
Hələ də çeklərimizi saxlamışıq və onun tədavüldən çıxarılmasını ədalətsizlik hesab edirəm. Üstəlik, böyük ümid və gözləntilərim var ki, özəlləşdirmə çekləri ilə bağlı yanlış qərar düzəldiləcək, əhalinin haqqı və tarixi ədalət bərpa olunacaq”.
Jurnalist Azər Niftiyev:
“O zaman yeniyetmə idim. Valideynlərimlə birlikdə bu çekləri almaq üçün gedəndə böyük növbə var idi. Qərara gəldik ki, çekləri sonra götürək. Lakin bu növbələr dayanmaq bilmirdi. Hamı özü üçün xəyallar qururdu – biri şirkət açacağının, biri zavod sahibi olacağının xəyallarını qururdu. Lakin “sən saydığını say, gör fələk nə sayır” misalında olduğu kimi, hər şey elə xəyallar üzərində qaldı.
Məlum oldu ki, əslində bu proses məmur oliqarxiyasını və işbazları daha da varlandırmaq üçün idi. Bu gün də o çeklər məndədir. Heç bilmirəm, taleyi necə olacaq… Amma hökumət borcludur ki, bu problemə birdəfəlik nöqtə qoysun. Heç olmasa, çeki əlində qalan vətəndaşlara sahib çıxmalıdırlar”.
“Modern.az” saytının rəhbəri Elşad Eyvazlı:
“Mən özümə məxsus olan çeki bugünədək saxlayıram. Zaman-zaman çekdən istifadə etməyən bir qrup vətəndaşın müraciətləri olur. Hesab edirəm ki, dövlət qurumları problemə diqqət yetirməli, iddialar əsaslıdırsa, həqiqətən də hüquqi baxımdan bu insanlar haqlıdırsa, o zaman haqları bərpa olunmalıdır. Yəni, birdəfəlik bu məsələyə son qoyulmalıdır.
Mən bildiyim qədər, tədavül müddəti bir neçə dəfə artırılıb. Həmin vaxt kimlərsə bundan istifadə edib, kimlərsə yox. Hər halda, narazılıq varsa, hökumət yenidən bu məsələyə qayıda bilər”.
“Türküstan” qəzetinin və “Turkustan.info” saytının rəhbəri Aqil Camal:
“Özəlləşdirmə çeklərinin istifadə müddəti ilə bağlı üzərində tarix qeyd olunmayıb. Hər halda, rəsmən o dövrdə elan olunubsa ki, bunların tədavül müddəti bitəcək, çek sahibləri ondan istifadə edə bilərdilər. Ola bilsin ki, həmin vətəndaşlar 2011-ci ildə çeklərin istifadə müddətinin bitməsindən məlumatsız olublar, yaxud da müddətin yenidən uzadılacağına ümid edərək saxlayıblar.
Hesab edirəm ki, əlində qiymətli kağızı olan və bundan istifadə etməmiş vətəndaşların sayını, arealını müəyyənləşdirmək lazımdır. Müvafiq dövlət qurumları vətəndaşların bu müraciətini dinləməli, hüquqlarının bərpası ilə bağlı addım atmalıdır.
Qanunvericiliyə hansısa dəyişiklik etməklə, yaxud da ali icraedici orqanın qərarı ilə məsələni yoluna qoymaq olar. Vətəndaş hüququnun pozulduğunu iddia edirsə, qanun pozulubsa, ədalətin bərpa olunması vacib amildir. Vətəndaşların özəlləşdirmə paylarından hansısa formada istifadə edə bilməsinə şərait yaratmaq olar. Bütün hallarda məsələyə nöqtə qoyulmalıdır”.
“Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı:
“Çeklərdən istifadə etməyən vətəndaşlara bundan istifadə üçün şərait yaradılmalıdır. Vaxtilə dövlətin verdiyi qiymətli kağızlarından istifadə edə bilməyənlərin hüququ pozulmamalıdır.
Mən deyə bilmərəm ki, bunu dövlət hansı formada həll etməlidir. Amma ortaq bir yol tapılması, vətəndaşın hüququ pozulubsa, onun bərpası, ədalətli qərarın verilməsi yaxşı olardı. Yaxşı olardı ki, hökumət bu məsələyə yenidən qayıtsın, çeklərin özəlləşdirmədə iştirakına şərait yaratsın, yaxud da müəyyənləşdirilsin, kompensasiya yolu ilə məsələ həllinə qovuşsun.
Görünən odur ki, vaxtilə vauçerlərdən hansı formada istifadə olunması ilə bağlı məlumatsızlıq olub. Özəlləşdirmə çekləri paylananda vətəndaşlara onun əhəmiyyəti, insanların bu çeklərdən necə istifadə etməsi ilə bağlı dolğun bilgi verilməliydi. Belə olmadığı üçün vətəndaşlar düzgün istifadə qaydasını bilmədilər. Çeklərini satmayan, saxlayan vətəndaşlar isə dövriyyədən çıxarıldığına görə bundan istifadə edə bilmirlərsə, bunun üçün yenidən addım atılmalıdır”.
“Etikxəbər.az” informasiya portalının rəhbəri və baş redaktoru Kamil Həmzəoğlu:
“Bu məsələ əslində təkcə əllərində çeki qalan vətəndaşları yox, ümumilikdə hər kəsi düşündürən məsələdir. 1990-cı illərin əvvəllərində özəlləşdirmə çeklərinin paylanması qərarı verildi. Həmin ərəfədə böyük iqtisadi və maliyyə çətinlikləri yaşayan insanlarda bu vauçerlər ümid yaratdı. Çoxları özəlləşdirmə çekləri vasitəsilə həyatlarında müsbətə doğru dəyişiklik olacağını düşünürdülər. Çünki dövlətin məqsədi qiymətli kağızlar vasitəsilə vətəndaşlara özəlləşdirmədə iştirak etmək, hansısa müəssisələrdə hissədar olmaq şəraiti yaratmaq idi.
Təəssüf ki, bu məsələdə gözləntilər özünü doğrultmadı. İnsanlarımız özəlləşdirmədə ya məlumatsızlıqdan, ya da digər səbəblərdən iştirakçı ola bilmədilər. Sonda isə vauçerlər mənasız kağız parçasına çevrildi.
Bir vaxtlar insanlar çeklərini dəyər-dəyməzinə satdılar. Amma dövlətin ona verdiyi qiymətli kağızını saxlayanlar da var. 2011-ci ildə çeklərin tədavül müddətinin bitdiyi elan edildi. Bu, hansısa səbəbdən çeklərdən səmərəli istifadə edə bilməyən vətəndaşlarımızın haqlarının pozulması deməkdir. Xeyli sayda vətəndaşda dövlətin verdiyi vauçerlər indi dəyərsiz kağıza çevrilib. Bu çeklər belə qiymətsiz olmamalıdır.
Dövlət rəhbərliyi səviyyəsində çeklərin tədavülünün artırılması, yaxud əlində çeki qalmış vətəndaşların bundan istifadəsi üçün hansısa formada imkan yaradılması lazımdır. Qanunvericilikdə də hansısa dəyişiklik etmək mümkündür. Vauçerlər məsələsində vaxtilə yol verilmiş nöqsanlar, heç olmasa, indi aradan qaldırılmalıdır.
Hesab edirəm ki, bu məsələ öz qanuni həllini tapmalıdır. Əlində çeki qalmış vətəndaşların, bundan yararlana bilməyən insanların hüquqlarının bərpasına ehtiyac var. Hesab edirəm ki, bunu həll etmək üçün, məsələyə birdəfəlik nöqtə qoymaq üçün dövlət rəhbərliyinin iradəsi, dövlətimizin də gücü var”.
“Dünya İnformasiya Agentliyi”nin (DİA) rəhbəri Məhəmməd Ərsoy:
“Vətəndaşın hüququ pozulubsa, onun bərpası lazımdır. Özəlləşdirmə çekləri məsələsi barədə o qədər də məlumatlı deyiləm. Vauçerlərindən istifadə edə bilməyən vətəndaşların müraciətlərini görürəm, onlar iddia edirlər ki, hüquqları pozulub. Hüquqşünaslar, iqtisadçılar bu problemin nə olduğunu, həlli yolunun nədən keçdiyini daha yaxşı izah edə bilərlər.
Amma vətəndaşın müraciətinə lazımi dövlət qurumları reaksiya verməlidir. Məsələ vətəndaşın hüququnun qorunması istiqamətində müsbət həllini tapmalıdır. Ümid edək ki, ali rəhbərlik bu insanların haqqını tanıyacaq, problemi aradan qaldıracaq”.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.