image-970_50
image-cek

Özəlləşdirmə çeklərinin istifadəsini zəruri edən məqamlar: “Yüzminlərlə insan hələ də ümidlidir”

image-728_90

“Məsələyə aydınlıq gətirilməli və milyonlarla haqqı pozulan vətəndaşımızın hüquqları bərpa olunmalıdır”.

Gündəmin vacib mövzularından birinə çevrilən özəlləşdirmə çekləri ilə bağlı Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədlinin İnterpress.az-a müsahibəsini təqdim edirik:

– Anar bəy, son günlər özəlləşdirmə çekləri ilə bağlı məsələ yenidən aktuallaşıb. Əksər deputatlar və ictimai nüfuzlu şəxslər hesab edirlər ki, özəlləşdirmə çeklərinin yenidən bərpası əlində çeki qalmış insanların hüquqlarını bərpa edəcək. Siz bu barədə nə düşünürsünüz?

– Keçmiş sosialist düşərgəsinin digər ölkələri kimi, Azərbaycanda da mərkəzləşdirilmiş plan sistemindən imtina prosesində özəlləşdirmənin və bununla bağlı dövlətin vətəndaşlara əvəzsiz özəlləşdirmə çekləri paylaması o dövr üçün iqtisadi planda inqilabi islahat hesab oluna bilərdi. Həmin vaxt vətəndaşlara 31,9 milyon vauçer paylanılıb. Statistik məlumatlara görə, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Yəni, 6,38 milyon özəlləşdirmə çeki istifadə olunmayıb və bu, ciddi rəqəmdir. Bunun da əsas səbəbi vətəndaşların, faktiki olaraq, bu prosesdən kənarda qalması ilə bağlıdır. Düzdür, çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb və vətəndaşlar onlara məxsus olan vauçerləri sata bilərdilər. Ancaq nəzərə alanda ki, özəlləşdirmə çekləri təyinatı üzrə istifadə edilməyib və faktiki olaraq ölkə vətəndaşları bu prosesdən kənarda qalıb, bu xüsusda prosesi başlamadan bitmiş saymaq olar. Halbuki, özəlləşdirməyə çıxarılan dövlət obyektlərinin 15 faizi öz işçilərinə, 55 faizi çek hərracına çıxarılmalı idi. 30 faizi isə investorları cəlb etmək üçün nəzərdə tutulmuşdu.

Yüzminlərlə insan hələ də bu çekləri saxlayır və nə zamansa yenidən işə yaracağına ümid edir. Ölkəmizdə özəlləşdirmə çeklərinin 13 il dövriyyədə qalmasına baxmayaraq, vauçerlər yenə də qiymətli kağızdır. Mövcud qanunlara görə bütün özəlləşdiriləcək dövlət əmlakının 65 faizi üzrə özəlləşdirmə payı vətəndaşlara məxsusdur. Çox təəssüf ki, bu çeklərin əksər hissəsi rəsmi dairələrin əlində cəmləşib. Vətəndaşlara çatmalı olan çeklərdən də məhz onlar faydalanıblar. Çünki sonradan ortaya çıxan neqativ hallar çeklərin dövriyyəsini “qara bazar” səviyyəsindən o yana keçməyə qoymadı. Formal olaraq çek hərracları təşkil olundu. Elə buna görə də, o zaman çeklərini müəyyən müəssisələrə yatıran vətəndaşlar heç bir divident əldə etmədilər. Bu gün də heç bir divident əldə etmirlər. Gəlirləri olsa belə, müəssisələr onu gizlədirlər və səhmdarlara heç bir divident vermirlər.

– Anar bəy, hazırda Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, əksər dövlət qurumlarının Holdinqin tərkibinə verilməsi, bəzi dövlət müəssisələrinin özəlləşdirilməyə çıxarılması ilə bağlı öhdəlik götürməsi özəlləşdirmə çeklərinin tədavülü  ilə bağlı ümidləri də artırıb…

– Bu gün Azərbaycanda özəlləşdirmə perspektivləri olan çoxlu sayda dövlət müəssisələri mövcuddur. Yeni yaradılan Azərbaycan İnvestisiya Holdinqinin əsas fəaliyyət istiqamətlərindən biri büdcəyə yük olan dövlət qurumlarının özəlləşdirilməsi ilə bağlıdır. Əslində tədavül müddətinin yenidən artırılması zəruri prosesdir, ancaq bunun hansı formatda, hansı qaydalarla baş verəcəyi qaranlıqdır. Çünki əvvəlki özəlləşdirmə prosesi kifayət qədər qüsurlu olub, şəffaf və ədalətli həyata keçirilməyib. Əslində, burada məqsəd ondan ibarət olmalıydı ki, ölkədə mövcud olan əmlak üzərində vətəndaşların iştirakı təmin edilsin. Rəsmi olaraq bunun belə olduğu deyilsə də, nəticədə yararlanan bir qrup məmur, fürsətcil işbazlar oldu.

İndinin özündə də bununla bağlı çoxsaylı məhkəmə iddiaları var və vətəndaşlar öz hüquqlarını bərpa etməyə çalışırlar. Bir halda ki, ortada kütləvi şəkildə vətəndaşların hüquqları pozulub, prosesə yenidən baxılmalıdır. Uzaq tarix deyil, məsələnin ciddi şəkildə təftiş olunmasına da böyük ehtiyac var. Özəlləşdirmə çeklərinin paylandığı və qüvvədən salındığı tarixdən bu yana xeyli vaxt keçib, o cümlədən nəzərə alanda ki, bu müddətdə dəfələrlə inflyasiya baş verib və proses əsasən rəsmi dairələrin nəzarətində olub, məsələyə aydınlıq gətirilməli və milyonlarla haqqı pozulan vətəndaşımızın hüquqları bərpa olunmalıdır. Əgər hökumətin tədavül müddətini yenidən artırmaqla bağlı ciddi bir niyyəti varsa, heç olmasa, bu dəfə vətəndaşların prosesdə iştirakına şərait yaradılmalıdır. Önəmlisi olan budur ki, sözügedən islahatların mahiyyətində ölkə vətəndaşlarının rifahının qorunması, ölkəmizin yeni inkişaf yoluna qədəm qoymasında özəlləşdirmə çeklərinin dövriyyədə real əsaslar üzrə işə yaramasının ciddi effekti olsun.

  – Özəlləşdirmə çekləri ilə bağlı prosesdə hansı nöqsanlar mövcuddur? 

– Dövlət özəlləşdirmə payına daxil olan çekin nominal dəyəri, çek özəlləşdirilməsinə aid olan Azərbaycan dövlət əmlakının 1/32000000 (otuz iki milyondan biri) hissəsinin maddi ekvivalenti idi. Proqram üzrə dövlət əmlakının özəlləşdirmə hissəsi 70-80 faiz təşkil etməli idi. 1994-cü il iyulun 1-ə Azərbaycanın bütün əsas fondları 4,5 trilyon manat, yaxud 1 milyard dollar həcmində qiyməndirilsə də, 1996-cı ilin iyun ayında Nazirlər Kabineti əsas fondların yenidən qiymətləndirilməsində əmsalı müəyyən etmək üçün xüsusi hökumət komissiyasının yaradılması barədə qərar verdi. Dövlət Əmlak Komitəsinin mütəxəssislərinin ilkin hesablamalarına görə, 1996-cı ilin ortalarında əsas fondların dəyəri təqribən 25 milyard dollar təşkil edib. Rəsmi yenidən qiymətləndirmədən sonra dövlət orqanları dövlət əmlakının dəyərinin 76,8 trilyon manat, yaxud müvafiq dövrün məzənnəsi ilə 18,7 milyard dollar təşkil etdiyini açıqladılar.

Prosesin aparılmasında ortaya çıxan nöqsanların yaratdığı biabırçılıq həm də orda idi ki, 1997-ci ilin fevralında özəlləşdirmə paylarının əhaliyə paylanması ərəfəsində məmurlar çeklərin qiymətinin 800-1000 ABŞ dolları, bəlkə də 2000 ABŞ dolları olacağı ilə bağlı proqnozlarını elan etməyə başladılar. Lakin bu proqnozların əksinə olaraq, qara bazarlarda çeklərin qiyməti müxtəlif vaxtlarda dəfələrlə ucuz qiymətə, konkret desək, 10-100 ABŞ dolları arasında dəyişirdi. Çeklər, demək olar ki, dəyər-dəyməzinə satılırdı.

Ən ciddi nöqsan və hüquq pozuntularından biri də o idi ki, ideyaya görə, vauçerlər əhalinin geniş dairələrinin dövlət mülkiyyətinin özəlləşdirilməsində iştirak edə bilməsi üçün nəzərdə tutulsa da və insanlara bunları satmaq hüququ verilsə də, özəlləşdirmə obyektlərinin əsas payçıları olan nəzarət səhm paketinin sahibləri minoritar sahiblərə maliyyə vəsaitlərinin yenidən bölüşdürülməsi barədə məlumat vermirdi. Hərçənd respublika qanunvericiliyinə uyğun olaraq, onlar bu müəssisələrin maliyyə hesabatlarında əks olunan ətraflı məlumatı almaq hüququna malik idilər. Başqa sözlə, səhm nəzarət paketinin sahibləri kiçik səhmdarların bütün vergilər çıxıldıqdan sonra müəssisənin mənfəəti barədə məlumat almasına imkan vermədilər. Nəticədə özəlləşdirmə prosesi idarəolunmaz səviyyədə həyata keçirildi və xaos qaçılmaz oldu. Özəlləşdirilən obyektlərin majoritar səhmdarları (əsas nəzarət səhm paketi sahibləri) kiçik paylara sahib olan minoritar səhmdarları dividendlərdən məhrum edirdilər. Bunu müəssisənin zərərlə işləməsi, maliyyə vəsaitlərinin əsas hissəsinin nəzərdə tutulmayan xərclərə yönəldilməsi, yüksək əmək haqqı ilə xarici mütəxəssislərin cəlb edilməsi və yüksək effektivli texnologiyaların alınması ilə əsaslandırırdılar. Beləliklə, dividendlər müxtəlif bəhanələrlə səhm paketinin həcmi özəlləşdirilən şirkətin idarə olunmasında birbaşa iştirak etməyə imkan verməyən kiçik səhmdarlara çatmırdı. Yeni başladılması haqqında danışılan tədavül müddətinin artırılması prosesində bu kimi köhnə nöqsanlar yenə təkrarlanacaqsa, bu işi başlamamaq daha doğru addım olacaq.

Yox əgər niyyət ciddidirsə, prosesdə ədalət məsələsi ortaya çıxsa, ilk növbədə bu dividendlərin bölüşdürülməsinin qanuniliyini araşdırmaq lazımdır. Bu vəziyyətdə, müvafiq icra hakimiyyəti orqanları bu müəssisələrin həqiqətən necə özəlləşdirildiyini və dividendlərin necə yenidən bölüşdürülməsini, güclü istehsal potensialına malik olub, özəlləşdirilənlərin yerində 30 ildə Azərbaycanın iqtisadi inkişafını müəyyənləşdirən hansı istehsal müəssisələrinin inşa edilməsi ciddi araşdırma və yoxlama mövzusu olmalıdır.

  – Əlində özəlləşdirmə çekləri qalan vətəndaşlara kompensasiya hansı formada ödənməlidir?

– Yeni özəlləşdirmə planının qəbul edilməsinə, hər şeyə başdan başlamağa zərurət var. Ölkədə son 25 ildə mövcud olan bürokratik kapitalizmdən uzaqlaşmaq üçün institusional iqtisadiyyata keçid qaçılmazdır və bundan ötrü yeni özəlləşdirmə proqramı olmazsa, olmazdır. Məhz bundan sonra özəlləşdirmə çeklərindən necə effektiv istifadə edilməsi ilə əlaqədar yeni formatlar barədə düşünmək olar.

Əlində özəlləşdirmə çekləri qalan vətəndaşların  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Nazirlər Kabineti və Prezident Aparatına ünvanladığı AÇIQ MƏKTUBla aşağıdakı linkdən tanış ola bilərsiniz.

https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki