Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir.
Azərbaycan öz tarixi müstəqilliyini bərpa etdikdən sonra tərəfdaşlıq münasibətləri qurduğu dost ölkələrdən biri də müsəlman dünyasının nüfuzlu dövlətlərindən olan Pakistan İslam Respublikasıdır. Azərbaycan və Pakistan bir-birinə ta qədimdən yaxın dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Bundan sonra əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistan Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycan İslamabadda səfirliklərini təsis edib. İki dost ölkə arasındakı münasibətlərdən söhbət açarkən Heydər Əliyev Fondunun Azərbaycanın Pakistanla humanitar əlaqələrinin dərinləşməsinə sanballı töhfələr verməsini də xüsusi qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə Pakistanda çoxsaylı humanitar layihələr reallaşdırılıb. Vurğulamaq yerinə düşər ki, respublikamızla Pakistan arasında əlaqələrin möhkəmlənməsinə, o cümlədən humanitar əməkdaşlığın dərinləşməsinə verdiyi sanballı töhfələrə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu ölkənin yüksək mükafatı – “Hilal-e Pakistan” ordeni ilə təltif olunub.
İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxt kı, Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Prezident cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci ilin 28 fevralında İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyənləşdirib. “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verib. Prezident cənab İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edib. Bugünlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri isə ikitərəfli əlaqələrimizin inkişafına böyük təkan verəcək. Səfər zamanı imzalanan sənədlər gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirir. Prezident cənab İlham Əliyevin dediyi kimi, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir.
Pakistan keçmiş Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəkləyib. Rəsmi İslamabad Ermənistanın işğalçılıq siyasətini pisləyərək Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb. Bu qərar Azərbaycana verilən sarsılmaz dəstəyin bariz nümunəsidir. Şübhəsiz ki, qardaşlıq əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva