Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir.
Ölkəmizdə səfərdə olan Pakistanın İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə cənab İlham Əliyevin keçirdiyi görüşlər və imzalanan çoxsaylı sənədlər iki dost ölkənin əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini təqdim edir. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr quran Azərbaycan əmkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsinə xüsusi önəm verir. Əsas çağırış dövlətlərarası münasibətlərdə qarşılıqlı etimadın qorunmasıdır. Bunun üçün tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından sonra ikitərəfli əməkdaşlığın coğrafiyasına və beynəlxalq təşkilatlarda əlaqələrin inkişafına diqqət yetirmək kifayətdir. Ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi ölkələrdən biri dost, qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də ölkəmizə dövlət səfəri keçilən yolun təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev Pakistanın Baş naziri ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Bu görüşlərdə münasibətlərimizin hazırkı inkişaf səviyyəsi geniş təhlil edildi, hazırkı dövrün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan və Pakistan liderlərinin mətbuata birgə bəyanatlarında bir daha bu reallıq xüsusi diqqətə çatdırıldı ki, qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib. Möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır və hər iki tərəf bu əməkdaşlığın daha da möhkəmlənməsində, bütün sahələr üzrə inkişafında maraqlıdır. İki ölkənin münasibətlərinin hazırkı inkişafında möhkəm təməlin rolu inkaredilməzdir. Bu təməlin qurulmasında Ümummilli Lider Heydər Əliyevin rolu danılmazdır. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələrdən bəhs edərkən ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulmasını vacib amil kimi önə çəkmişdi. Azərbaycan hər zaman əməkdaşlığa önəm verir, yerləşdiyi coğrafi məkan yeni körpülərin qurulmasında stimulverici amil rolunu oynayır. Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə dost, qardaş ölkəyə rəsmi səfəri əlaqələrimizin bugünkü və gələcək inkişafında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır.
Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov.
Səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək.
Prezident İlham Əliyev Ölkəmizdə səfərdə olan Pakistanın İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşdəki çıxışında bu səfərin ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcəyinə, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyimizə əminliyini ifadə edərək vurğuladı ki, bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsinin tərəfdaşlığının yaxşı nümunəsidir. Azərbaycan və Pakistan beynəlxalq təsisatlarda hər zaman bir-birini dəstəkləyir, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək verir. Qarşıda çox geniş sərmayə gündəliyi dayanır. Onu da qeyd edək ki, ölkələr arasında iqtisadi əlaqələrin inkişafında biznes forumlar əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycan-Pakistan Biznes Forumu hər iki ölkənin iqtisadi imkanlarının təqdimatında, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsində öz sözünü deyəcək. Əsas hədəf iqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmaqdır ki, bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə çıxışında iki ölkənin münasibətlərini “Azərbaycan və Pakistan xalqlarının ürəyi bir döyünür. Mən bunu tam səmimi qəlbdən söyləyirəm. Siz hər zaman Pakistanın böyük dostu olmusunuz. Siz Pakistan xalqını sevirsiniz” sözləri ilə ifadə edərək onu da bildirdi ki, Pakistanın bütün hökumətlərini, ölkəmizin bütün siyasi partiyalarını ortaq məqsəd birləşdirir: bu, bizim Azərbaycanla, Sizinlə və Azərbaycan xalqı ilə olan dostluğumuz və qardaşlığımızdır.Cənab İlham Əliyev mətbuata bəyanatında səfərin əhəmiyyətini belə xarakterizə etdi ki, bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq: “Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir. Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq.” Baş nazir Məhəmməd Şahbaz Şərif isə bəyanatında vurğuladı ki, təkcə bu regionda deyil, bütün dünyada sülh, tərəqqi və çiçəklənmə olmalıdır: “Bizim dostluğumuz, qardaşlığımız Ərəb dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və İnşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq.”Qarşılıqlı səfərlər hər zaman əlaqələrimizin inkişafında yeni mərhələnin əsası olub. Səfərlərin tarixinə qısa nəzər salaq. Pakistan Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və bu ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Bakı-İslamabad əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə olub. 2015-ci ildə Pakistanın o vaxtkı Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verib.
İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.