image-qanunla-reklam
image-eliyev-pashinyan

Paşinyan Əliyevi dəstəklədi: İran şokda, “cavab” axtarır

image-lady-day-az

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı söylədikləri İranın Azərbaycana qarşı son vaxtlar artan qəzəbinin əsl mahiyyətinin izahı idi.

İranın Azərbaycan sərhədləri yaxınlığında son 30 ildə ilk dəfə təlimlərə başlaması, Tehranın bunu əvvəlcə “suveren hüququ” ilə izah etməsi, cəmi bircə gün sonra isə hərbi təlimlərin Bakıya ismarış olduğunu bildirməsi cənub qonşumuzun “çox əsəbi” olduğunun nümayişi idi. Səbəb nə ola bilərdi?

İran bunu “sionizmin sərhədlərinə yaxınlaşması” ilə izah etməyə çalışırdı. Guya İran əsas ideoloji düşməninə Bakının qucaq açmasından həddən ziyadə narahat olmuşdu.

Bakının fakt və sübut istəyini təmin edə bilməyəndən sonra isə “sionizm” iddialarının yanına “terror təhlükəsi”ni də əlavə etdilər. Əlbəttə ki, bu da bəhanə idi. 30 il boyunca Ermənistanın işğal etdiyi ərazilərimizdə Monte Melkumyan da daxil olmaqla, ASALA-dan üzü belə, dünyanın rəsmən tanıdığı terrorçular at oynadırdılar. İran bircə dəfə bu terrorçuların “sərhədlərinə” yaxınlaşmasından niyə narahat olmadı?

Əksəriyyət bunun səbəblərini Zəngəzur dəhlizi, İranın regionda Ermənistanla birgə uduzması, mövqelərinin sarsılması və güc balansının Türkiyəyə keçməsi ilə izah edir və əlbəttə ki, bütün bunların hər biri əsaslıdır. Daha doğrusu, İranın “əsəbiləşməyi”nin bir çox səbəbi var və bu deyilənlər də o səbəblər sırasındadır.

Yalnız rus politoloqlar, ələlxüsus Oleq Kuznetsov məsələnin bir ayrı üzünü də açmışdı. Hələ 10 gün öncə Kuznetsov bildirmişdi ki, İranın bu qədər aqressiyası və hərbi ritorikasının əsasında narkoticarətin qarşısının alınması dayanır.

İranın narkoticarətlə məşğul olduğunu, bu şəbəkədən qanunsuz yollarla milyardlar qazandığını bildirən Kuznetsov xüsusilə vurğulamışdı ki, həmin milyardlar ölkə xaricində iranmeyilli silahlı qrupların maliyyələşməsinə gedir. O silahlı qruplaşmalar isə İranın regional güc faktoruna çevrilməsini və müəyyən danışıqlarda əsas aktor kimi iştirakını təmin edir.

Həmin silahlı qruplaşmaların məhz qanunsuz narkotik ticarətindən maliyələşməsinin “üstünlükləri” də var: Əvvəla, heç bir ölkə İranı terrorçu qruplarını maliyyələşdirdiyi üçün faktla, sənədlər, qaimələrlə ittiham edə bilmir; ikincisi, həmin vəsaitlər İranın dövlət büdcəsindən kənardadır və deməli, büdcəyə yük düşmür; üçüncüsü, qanunsuz vəsaitlərin “xərclənməsindən” bəzi məmurlar böyük gəlir əldə edir ki, bu gəlirlər də “dövlətin əmlakı” sayılmır və s.

Narkotik ticarəti ilə İrana axan milyardlarla qanunsuz vəsaitin kəsilməsi o deməkdir ki, İran xaricdəki silahlı qruplaşmaları daxili imkanları hesabına maliyələşdirməlidir. ABŞ sanksiyalarından ciddi şəkildə əziyyət çəkən İran bu ağır yükü necə qaldıracaq? Üstəlik, dediyimiz kimi, burda ayrı-ayrı məmurların “şəxsi biznesi” məsələsi də var ki, bu da fərdlərin aqressiyasında daha əhəmiyyətli rol oynayır.

İran bu maliyyələşməni büdcədən apararsa, qısa müddətdə ölkədə ciddi sosial problemlər yaranar. Ona görə də bu narkoticarətin himayə edilməsi İranın dövlət siyasətinin tərkib hissəsidir.

O ki qaldı İrandan narkotik ixracına, bunun üçün dəlil-sübuta ehtiyac yoxdur, Azərbaycanda sıravi vətəndaş da narkotikin hardan gəldiyini yaxşı bilir. Hətta İranda süni narkotik istehsal edən minlərlə sexin fəaliyyəti barədə də kifayət qədər geniş bilgilər var.

Nikol Paşinyan İlham Əliyevin sözlərini təsdiqlədi

MDB Dövlət Başçıları Şurasının iclasında ən maraqlı məsələlərdən biri Nikol Paşinyanın İlham Əliyevi təkzib etməyə qalxması idi.

Yəni: İlham Əliyev İranla 132 km-lik sərhəd xəttinin nəzarətə alındığını, İran və Ermənistanın narkotik ticarəti ilə birbaşa məşğul olduğunu dedikdən sonra fakt da təqdim etdi; bildirdi ki, müharibədən, yəni sərhədlər nəzarətə götürüləndən sonra İrandan gətirilən narkotiklərin həcmində 2 dəfə artım qeydə alınıb.

Bu, o demək idi ki, İran artıq nəzarətə alınan ərazilərdən narkotik keçirə bilmədiyi üçün onu TIR-ların “gizli yerində” daşımaqdan başqa çarəsi yoxdur, nəticədə də ələ keçirilən narkotiklərin həcmi iki dəfə artıb.

İlham Əliyevin bu sözlərinə etiraz edən Nikol Paşinyan isə maraqlı faktı açıqladı. O bildirdi ki, İran və Ermənistan da “narkotikə qarşı mübarizə” aparır, bizdə isə (yəni Ermənistan sərhədində) müharibədən sonra keçən bir il ərzində sərhəddə tutulan narkotikin həcmi iki dəfə deyil, 3-4 dəfə artıb.

Nikol Paşinyan guya təkzibə qalxmışdı, əvəzində isə İlham Əliyevin sözlərini təsdiqlədi və dolayısı ilə İranı ittiham edib, Ermənistanı xilas etməyə çalışdı. Faktiki olaraq Nikol Paşinyanın sözlərindən belə çıxdı ki, Qarabağ işğalda olarkən İranın o ərazidən narkotik daşımasından xəbəri olmayıb, ancaq müharibədən, Azərbaycanın öz sərhədlərini bərpa etməsindən və nəzarəti ələ almasından sonra Ermənistana İrandan gələn narkotrafikin həcmi 3-4 dəfə artıb.

İlham Əliyev də onu deyirdi və Nikol Paşinyan bu məsələdə artımı ifadə etməklə, İranı “baqaja qoydu”: İranın Azərbaycandan narkotik keçirməsi cəhdi iki dəfə, Ermənistandan isə 4 dəfə artmış ola bilər – çünki bütün hallarda narkoticarət yolu İran üçün Ermənistandır. Vaxtilə bu yol “təhlükəsiz” idi, Qarabağdan keçirdi, indi isə məcbur qalıb, İrandan Ermənistana gedən beynəlxalq yoldan istifadə edirlər.

Prezident İlham Əliyevin bu çıxışı və Ermənistan baş nazirinin dolayı təsdiqi İranda ciddi rezonans doğurub. İran XİN artıq bəyanat verərək, “cavabları olacağını” elan edib. Ancaq vacib olan bir məqam da var: İran öz cavabında Azərbaycan sərhədçilərinin, gömrükçülərinin vaxtaşırı olaraq sərhəddə ələ keçirdiyi narkotikləri niyə bircə dəfə aşkarlamadıqlarını da izah etməlidir. Necə olur ki, bütün yük maşınları İran sərhəd-keçid məntqəsindən çox rahatlıqla keçir və yalnız Azərbaycan ərazisində onların gizlədiyi narkotiklər üzə çıxır?

Narkotiki aşkarlamaq üçün avadanlıqları, itləri, peşəkarlıqları yoxdur, yoxsa kəşfiyyat məlumatları çatışmır? Necə olur, ETTELAAT Şərqi əldən salır, ancaq narkotik daşıyanları “görə” bilmir?..


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki