image-qanunla-reklam
image-prvin-1

Pərvin Mahmudova: “Müstəqilliyin Bərpası Gününü qalib xalq kimi qeyd edəcəyik” ŞƏRH

image-lady-day-az

“Tarixin müxtəlif dövrlərində təbii sərvətləri və strateji-coğrafi mövqeyinə görə, zaman-zaman güclərin diqqət mərkəzində olan Azərbaycan təzyiqlərə məruz qalaraq mücadilə edib və öz azadlığı, müstəqilliyi uğrunda qanlı savaşlarda olub. Gərgin ictimai-siyasi proseslərdə xalqın müstəqillik arzusu və mübarizəsi heç vaxt tükənməyib. Ölkəmizin çoxəsrlik tarixində 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yeni səhifə oldu”. Bu fikirləri “Səs” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Pərvin Mahmudova bildirib. O, qeyd edib ki, AXC müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olub: “AXC qısa müddətdə genişmiqyaslı demokratik islahatlar həyata keçirib və xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olub. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub. Belə ki, milli ordumuzun yaradılması, atributlarımızın, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər görülüb”.

Dövrün nadir sistemi olan AXC-nin cəmi 23 ay yaşadığını qeyd edən P.Mahmudova 71 ildən sonra, Sovet İttifaqının dağılması ilə Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini bildirib: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdi. Müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə, 23 ay ərzində, mövcud olan və müsəlman Şərqində ilk dünyəvi-demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Tarixi reallıqlar, bir daha göstərdi ki, sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilmədi”.

AXC-nin hüquqi varisi olan müstəqil respublikamız Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq, sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur. Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərin bünövrəsi, əlbəttə ki, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, – deyən P.Mahmudova Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdiyini diqqətə çatdırıb: “Müstəqilliyinin ilk illərində ölkəmiz çətinliklərlə üzləşdi və 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi – “Əsrin Müqaviləsi”nin imzalanması Azərbaycanın iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşulması ilə nəticələndi. Əlverişli coğrafi mövqedə yerləşən, mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın geoiqtisadi və logistik mərkəzi kimi tanınır. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Bütün bunlar, bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. 30 illik müstəqillik tariximizdə müasir dövrün qlobal çağırışlarına dəstək verən müstəqil Azərbaycanın yürütdüyü siyasət, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi, nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, “Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və heç vaxt, çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır.”

2020-ci ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etməsi dövlətimizin gücünü, ordusunun qüdrətini, xalq-iqtidar birliyinin sarsılmazlığını göstərdi, – deyə P.Mahmudova bildirib: “Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”. – deyən Cənab Prezident bildirib ki, biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu gün işğaldan azad olan torpaqlarımızda abadlıq-quruculuq işlərinə başlanılıb. Biz əzəli torpaqlarımıza qayıdırıq”.

“Azərbaycan xalqı 1991-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa etmişdir. Artıq 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 May Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunacaq. Bu, tarixi bir zərurətdir. Bu gün Azərbaycan xalqı bu tarixi günü qələbə əzmi ilə öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq olaraq qeyd edəcək”, – deyə Pərvin Mahmudova bildirib.

 

Zümrüd BAYRAMOVA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki