image-970_50
image-1607062228524_lncnqagv

İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə regionun inkişafına xidmət edən əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirmişdir

image-728_90

Prezident İlham Əliyev 2021-ci il mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə regionun inkişafına xidmət edən əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirmişdir.

Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir

Azərbaycan həmişə həm regionda, həm MDB məkanında, Avropa və beynəlxalq miqyasda əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olmuş və bu sahədə mühüm uğurlara imza atmışdır. 2011-ci ildə Avropa İttifaqı və Azərbaycan birbaşa qaz nəql edən marşrutların yaranmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlər arası Sazişlərlə birlikdə uzunmüddətli qaz satışı müqavilələri üçün zəmin yaratdı. Bu layihədən əvvəl, 1994-cü ildə “Əsrin Müqaviləsi” ni imzalamaqla Azərbaycan geniş miqyaslı beynəlxalq əməkdaşlığa töhfə verərək həm gələcək inkişafı üçün həlledici imkanlar yaratdı həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrildi. “Əsrin Müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük bir müqavilədirsə, “Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng razılaşmalarından biridir. Bu layihə müasir dövrdə təbi qaza tələbatın artdığı şəraitdə yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini təmin edərək çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına şərait yaratdı. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. 2020-ci ilin son günü çox əlamətdar bir hadisə baş verdi- Azərbaycan qazı Avropaya çatdı. Tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya birbaşa nəql edildi. Bu hadisənin Azərbaycan tarixində xüsusi yeri və əhəmiyyəti var.

Səbuhi Kərimov- YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Azərbaycan tərəfi çox yüksək siyasi iradə göstərərək keçmişi geridə qoyaraq, gələcəyə baxmağa hazır  olduğunu açıq şəkildə bəyan edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda keçirdiyi müzakirələr, əhatəlilik baxımından olduqca geniş olmaqla, həm də bir çox aspektdən yeni mesajların verilməsi ilə yaddaqalan oldu. Video formatda keçirilən müzakirələrin Azərbaycan üçün əsas üstünlüklərindən biri Cənubi Qafqaz regionunda kəskin dəyişikliklərlə müşayiət olunan yeni vəziyyətin və tələb olunan yeni yanaşmaların ilk dəfə beynəlxalq diskussiyaya açılması idi.
Tədbirdə ən çox nəzərə çarpan Prezident İlham Əliyevin qətiyyətli və gələcəyə yönəlmiş mövqeyi idi. Ölkə başçısı nitqi zamanı daha əvvəl də dəfələrlə qeyd etdiyi kimi bir daha  vurğuladı ki, bölgədəki reallıq bunu deməyə əsas verir ki, Qarabağ münaqişəsi həll olub, artıq belə bir münaqişədən özlərinə  pay çıxarmağa çalışanlar da bunu qəbul etməli və yeni reallıqlarla barışmalıdır.
Olduqca geniş aspektdə gedən müzakirələrin vacib anlarından biri də şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən davamlı sülhün təmin olunması istiqamətində qətiyyətli mövqe sərgilənməsi idi. Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və ermənilərin məhv etdiklərinə baxmayaraq, biz irəliyə baxmağa hazırıq. Reallığa nəzər salsaq indiki halda bu qətiyyəti göstərmək həqiqətən də çətindir. Xocalı faciəsinin qurbanlarını, 44 günlük müharibə zamanı heç bir günahı olmadan Gəncədə, Tərtərdə, Bərdədə və digər münaqişə zonasından uzaq ərazilərimizdə qətlə yetirilən insanları unutmaq çətindir. Daha da çətini insanlar unutmaq istəsə də işğaldan azad edilmiş torpaqlarımızın hər qarışında erməni vandalizminin izləri var. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi çox yüksək siyasi iradə göstərərək keçmişi artıq geridə qoyaraq, gələcəyə baxmağa hazır  olduğunu açıq şəkildə bəyan edir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Artıq Ermənistan dövləti hər şeyi özü etiraf edir

Bu gün Ermənistanda xaos yaranıb. Azərbaycan uzun illər bu günə hazırlaşdı, Ermənistan isə artıq dağıldı. İqtisadi böhran siyasi qarşıdurma psixoloji böhran, gərginlik artıq erməniləri acınacaqlı vəziyyətə salmışdır. Bu 30 ilə yaxın işğalçı siyasəti aparan bir ölkənin vəziyyətidir. Azərbaycanın isə 30 ilə yaxın müddətdə torpaqlarının işğaldan azad olunması üçün əzmkarlıq göstərməsi, sosial, iqtisadi, hərbi və mənəvi cəhətdən hazırlığı tarixi qələbəni əldə edilməsi ilə nəticələndi. Artıq Ermənistan dövləti hər şeyi özü etiraf edir. Minlərlə gəncin ölümü, itkin düşməsi, hələ də açıqlanmayan rəqəmlər Ermənistanın işğalçı siyasətinin acınacaqlı vəziyyətidir. Ermənistan hal-hazırda matəm içindədir. On minlərlə itki, on minlərlə əsgərin məhvi bütün cəmiyyətin mənəvi psixoloji çöküşü deməkdir. Ermənistan işğalçı bir dövlətdir, Azərbaycan isə işğalçılığa son qoydu. İllər ərzində həyata keçirilən ağıllı strategiyanın nəticəsini 44 günlük müharibədə gördük. Ermənistan ağır iqtisadi böhran içindədir. Bu gün ağır bir məğlubiyyətin yükünü bu gün ki Ermənistan deyil, gələcək nəsli də daşıyacaq.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycanın dəmir yumruğu işğala son qoydu

Prezident İlham Əliyevin ötən 17 ildə həyata keçirdiyi kompleks inkişaf siyasəti, respublikamızın yüksəlişi bizi sürətlə qələbəyə yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının konturlarını cızdı. İlham Əliyev Ali Baş Komandan kimi bir tərəfdən ordumuzu bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi, digər tərəfdən ötən illər ərzində siyasi-diplomatik ustalıqla davamlı şəkildə Ermənistanın ifşasına nail oldu.
Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində noyabr ayının 10-da Ermənistan kapitulyasiya bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bu bəyanat birmənalı şəkildə Azərbaycanın qələbəsinin və Ermənistanın kapitulyasiyasının hüquqi baxımdan təsdiqidir. Eyni zamanda bu sənəd Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut edən hüquqi aktdır. Üstündən on illər keçsə belə, bu bəyanat Azərbaycanın milli haqqının bərpası istiqamətində əsas tarixi hüquqi sənədlərdən biri kimi çıxış edəcək.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin başlandığı bir tarixdə biz artıq dünya ictimaiyyətinin ədalətsiz yanaşmasından, beynəlxalq təşkilatların ikili standartlar siyasətindən deyil, Azərbaycanın dəmir yumruğu ilə Ermənistanı cəzalandırmasından, güc yolu ilə torpaqlarını işğaldan azad etməsindən qürur hissi ilə bəhs edirik.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Azərbaycan əməkdaşlığa hazırdır

Azərbaycan dövləti tarixən qonşu dövlətlərlə sülh şəraitində yaşamışdır. Lakin bu yaxşı siyasətimizdən istifadə edib Ermənistan hökuməti torpaqlarımızı işğal etmiş, illərlə bizi təcavüzə məruz qoymuşdur. Amma, bu belə davam etmədi. 2020-ci ildə bütün torpaqlarımızı düşmən tapdağından azad etdik. Biz özümüzü sübut etdik. Biz müharibədə qalib gəldik
Bu qədər yaşananlara baxmayaraq Azərbaycan dövləti yenə də sülh şəraitində qonşuluğunu davam etdirməyə hazırdır. Azərbaycan hökuməti həmişə olduğu kimi tərəfdaşlığa hazırdır.
Azərbaycan hökuməti həmişə xalqının rifahını və vətənin millətin xeyrini düşünüb. Bu dəfə də, həmişə olduğu kimi sülh şəraitində yaşamaq istəyir. Bizim tərəfimiz və məqsədimiz bəllidir.
Azərbaycan hökuməti gələcəyə doğru inkişafa meyllidir. Ermənistan hökuməti isə hər zaman keçmişdə yaşanmışlıqlarla asılı qalıb. Əslində isə biz durmadan keçmişi deyib, tərəfdaşlığa addım atmaya bilərdik. Biz isə Ermənistan kimi yerimizdə durub qalmamışıq. Biz qalib ölkə olaraq inkişaf edəcək, işğaldan azad etdiyimiz tarixi torpaqlarımızı inkişaf etdirəcəyik.

Xanım İmanova – Fəal gənc, mədəniyyət işçisi

 

Vətən müharibəsində əldə olunmuş Qələbə Ermənistanın işğalçı siyasətinə son qoydu

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və xalqımızın tam qələbəsi ilə nəticələnən Vətən müharibəsi ərzində rəşadətli ordumuz Ermənistan ordusunu darmadağın edərək, düşmənin tam müqavimətini qıraraq onu kapitulyasiyaya məcbur etdi. Nəticədə uzun müddətli danışıqlar prosesində Ermənistan əldə etmək istədiklərinin heç birinə nail ola bilmədi. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, burada erməni dövlətinin yaradılması planları alt-üst oldu.
Bu tarixi Qələbəyə yol son illərdə həyata keçirilən kompleks inkişaf siyasətindən keçdi. Məhz bu siyasət qələbə üçün tarixi şəraiti təmin etdi. Uzun illər aparılan siyasi–diplomatik mübarizənin məntiqi davamı olan dəmir yumruq tarixi ədalətin, ərazi bütövlüyümüzün bərpasını reallaşdırdı.
Artıq dövlətimiz, xalqımız müharibədən sonrakı dövrə köklənmişdir. Əsas diqqət işğaldan azad olunmuş torpaqlara yönəldilmişdir. Burada bütün rayon və kəndlərin yenidən bərpa edilməsi istiqamətində böyük layihələrə imza atılmaqdadır. Tezliklə doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına geri dönəcək, bu torpaqlar öz əvvəlki simasını bərpa edəcəkdir. Qarabağ yenidən çiçəklənəcək, ən yüksək keyfiyyətli həyat burada yenidən qurulacaqdır.

Mayisə Xəlilova Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri aparılır

İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri hər bir Azərbaycan vətəndaşı üçün qürurvericidir. Cənab prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısının hər səfəri böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərimizə  səfərlərində də ilkin infrastruktur layihələrinin təməl qoyma mərasimlərinin keçirilməsinin və açılışının şahidi oluruq. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir ki, dövlətimizin başçısının da qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik.
Prezidentimiz həmişə vurğulayıb ki, işğaldan azad edilmiş bütün yerlər bərpa ediləcək, şəhərsalma üzrə mütəxəssisləri–həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası–bütün bu planlar var. Allahın köməyi ilə hamısını icra edəcəyik.
Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərdi və göstərəcək. Biz bir daha bütün dünyaya sübut etdik ki, biz böyük xalqıq. Müzəffər Ali Baş Komandan cənab prezidentimizin rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.

Qafur Məmmədov – Gəlmə kənd sakini

Azərbaycan-ABŞ münasibətlərinin böyük potensialı və perspektivi var

Azərbaycan bir sıra xarici dövlətlərlə qarşılıqlı əməkdaşlıq edir. Bu dövlətlərdən ən başlıcası ABŞ-dır. ABŞ ilə olan münasibətlər böyük perspektivə sahibdir. Azərbaycan-ABŞ münasibətlərində aparıcı rolu ABŞ oynayır. Əməkdaşlığın ən vacib sahəsini enerji təhlükəsizliyi təşkil edir.  Bilirik ki, ABŞ hər zaman iri enerji layihələrinin icrasına yardımçı olub. Xüsusilə də neft-qaz kəmərləri, eyni zamanda Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində  hər zaman Azərbaycanın yanında olub, Azərbaycanı dəstəkləyib.
Bununla yanaşı əməkdaşlıq sahəsinə ticarət və müasir texnologiyalar da daxildir. Biz hazırda ABŞ hərbi avadanlığına çıxış əldə etmək üçün çalışırıq. Əsas rolda ABŞ olduğu üçün hər şey qarşı tərəflə əlaqə qurulan səmimi əməkdaşlığın nəticəsi olaraq uğurla tamamlanacaqdır.

Abbas Nağıyev – Dəli Quşçu kənd sakini, ağsaqqal

İqtisadi layihələr regional əməkdaşlığı qaçılmaz edir

Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Danılmaz həqiqətdir ki, hər bir xalqın və dövlətin taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda böyük nüfuza malik liderə ehtiyac duyulur. Bu gün ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır.
Son on ildə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olunmuş, Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemi formalaşdırılmış, bu sistemin xalqın mənafeyinə uyğun intensiv fəaliyyəti təmin edilmişdir.
Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. Artıq keçid dövrünü geridə qoyan respublikamızın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Son on il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.

Kərim Umudov – Çallı kənd sakini, ağsaqqal

 

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqaz regionunun gələcək inkişafı üçün yeni perspektivlər açıb

30 illik işğala, böyük dağıntılara baxmayaraq, Azərbaycan vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Cənub Qaz Dəhlizinin tamamlanmasına gəlincə, sərbəst inteqrasiya olunmuş 3,5 min kilometr qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmış, ilk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, tarixi hadisə idi.
Cənab Prezident Asiyanı Avropa ilə birləşdirmək layihəsindən, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycanın fəal dəstəkləməsindən, ölkəmizin öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlamasından, Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılarımızdan da bəhs edib. Deyib ki, bütün aparıcı beynəlxalq maliyyə institutları Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edirdi. Enerji və nəqliyyat layihələri regionun iki ölkəsinə – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları qazandırıb, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırıb. Azərbaycan bundan sonra da toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır.

İsaməddin Əhmədov – “Əkinçi” qəzetinin redaktoru

 

Azərbaycan-İsrail, Azərbaycan-ABŞ və Azərbaycan-Çin münasibətləri ölkəmiz üçün çox önəmlidir

Prezident cənab İlham Əliyev Azərbaycan-İsrail, Azərbaycan-ABŞ və Azərbaycan-Çin münasibətlərinin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, biz fəal ticarətin, turizmin həcmi artırmağa səy göstəririk. İsraildə böyük yəhudi-azərbaycanlı icması, Azərbaycanda isə regionun ən çoxsaylı fəal yəhudi icması var. Azərbaycanın fəal yəhudi vətəndaşları iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər görürlər. İsraillə əməkdaşlığımızın vacib sahələrindən biri də uzun illərdir davam edən müdafiə sənayesidir.
ABŞ-la əməkdaşlığımızın vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində hər zaman Azərbaycanı dəstəkləyib. Əməkdaşlıq sahələrimizə müasir texnologiyalar və ticarət daxildir. Biz ABŞ hərbi avadanlığına da çıxış əldə etmək istəyirik.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycanla Çin arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. “İpək yolu” məsələsində Azərbaycan üzərinə düşən işləri görüb. Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızla birlikdə dəmir yolu şəbəkələrimizi birləşdirdik və Xəzərdə müasir liman inşa etdik. Bu liman yaxın gələcəkdə 25 milyon ton yük qəbul edə biləcək. Azad olunan ərazilərdə yenidənqurma işlərinə cəlb edilən beş ölkədən şirkətlər sırasında Çin şirkəti də var. Çin şirkətləri bizim enerji sektoruna sərmayə yatıranlardandır. Amma enerji sektorumuzda Çin şirkətləri daha geniş təmsil oluna bilərlər və ümid edilir ki, bu belə də olacaq.
Azərbaycan Prezidenti Avropa İttifaqının regionda dinc inkişafa verəcəyi dəstəyi də yüksək qiymətləndirərək deyib ki, Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq sənədlərinin imzalanması göstərir ki, biz yaxşı və strateji tərəfdaşıq. Hal-hazırda isə Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzərində iş gedir. Əlbəttə, Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, axı, Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının geniş əməkdaşlıq gündəliyi var.

Abuzər Xəlilov – Şəftəhal kənd sakini, ağsaqqal

 

Azərbaycan inkişaf yolunda davam edir, yeni-yeni uğurlara imza atılır

Son illər ölkəmizdə artan inkişaf tempi, əldə edilən uğurlar, qarşılıqlı əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanı beynəlxalq aləmdə etibarlı və strateji tərəfdaş kimi tanıdır. 44 günlük haqq savaşımızda Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun ərazilərimizi işğaldan azad edərək tarixi ədaləti bərpa etməsi, ölkəmizin gücünü bir daha bəyan etməklə regionda yeni reallıqların yaranmasına, sabitliyin, təhlükəsizliyin bərpa olunmasına zəmin yaratdı. Cənab Prezidentin rəhbərliyi ilə döyüş meydanında əldə edilən uğurlarla yanaşı həm informasiya məkanında, həm də diplomatik arenada ölkəmizin mövqeyinin və maraqlarının uğurla müdafiə olunması gələcək inkişafımızı təmin etməklə, bu gün ölkəmizin regionun ən sabit, qüdrətli və lider ölkəsinə çevrilməsinə səbəb olub. Ölkəmiz regionda və region xaricindəki strateji tərəfdaş ölkələrlə regional təhlükəsizliyin təmin olunması, beynəlxalq strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi və beynəlxalq təhlükəsizliyə töhfə vermək məqsədilə çoxtərəfli əməkdaşlıq həyata keçirməkdədir. Azərbaycan hazırda beynəlxalq aləmlə iqtisadi, siyasi, enerji, nəqliyyat və s. əlaqələrini müstəqil şəkildə reallaşdırır və yeni uğurlar qazanır. Bu uğurlar nəticəsində yaxın gələcəkdə ölkəmiz daha da inkişaf edərək böyük zirvələr fəth edəcəkdir.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki